11 iyun 2026, 14:37

Aygül İsayevadan, Tbilisi, Gürcüstan

Hörmətli cənab Prezident,

Bu il 5-7 iyunda Tbilisi şəhərində həyata keçirilmiş Səyyar ASAN xidmət görə Sizə səmimi təşəkkürümüzü çatdırırıq.

Azərbaycan Respublikasının vətəndaşları üçün təşkil edilmiş bu mühüm təşəbbüs xaricdə yaşayan vətəndaşların dövlət xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, onların vaxtına və rahatlığına verilən dəyərin bariz göstəricisidir. Tbilisidə göstərilən xidmətlər sayəsində yüzlərlə Azərbaycan vətəndaşı sənədlərin verilməsi və dəyişdirilməsi ilə bağlı məsələlərini operativ və rahat şəkildə həll etmək imkanı əldə etmişdir.

Səyyar ASAN xidmət layihəsi bir daha nümayiş etdirdi ki, Azərbaycan dövləti dünyanın müxtəlif ölkələrində yaşayan vətəndaşlarının ehtiyaclarına həssaslıqla yanaşır, onların hüquq və mənafelərinin qorunmasını, dövlət xidmətlərindən maneəsiz yararlanmasını daim diqqət mərkəzində saxlayır. Bu cür təşəbbüslər vətəndaş məmnunluğunun artırılmasına, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə və Azərbaycanın müasir dövlət idarəçiliyi modelinin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verir.

İnanırıq ki, belə layihələrin gələcəkdə digər ölkələrdə də davam etdirilməsi xaricdə yaşayan Azərbaycan vətəndaşlarının dövlət qurumları ilə əlaqələrinin daha da güclənməsinə xidmət edəcəkdir. Bu layihənin yüksək səviyyədə təşkilinə görə minnətdarlığımızı bildiririk.

Sizə möhkəm cansağlığı, dövlətçilik fəaliyyətinizdə yeni uğurlar arzulayır, Azərbaycan Respublikasının inkişafı naminə həyata keçirdiyiniz mühüm işlərə görə ehtiramımızı ifadə edirik.

Hörmətlə,

Aygül İsayeva

“Maarif” təşkilatının direktoru

Gürcüstan, Tbilisi şəhəri.