Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

09 iyun 2026, 19:37

Qeyri-neft-qaz sektorunun inkişafı ölkənin iqtisadi dayanıqlılığının gücləndirilməsi, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslərin, qlobal tədarük zəncirindəki qırılmaların və xarici bazarlardakı qeyri-sabitliyin milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılması, habelə ölkənin strateji iqtisadi suverenliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyri-neft-qaz sektorunun strukturunda qeydə alınan müsbət dinamikaya baxmayaraq, yerli malların xarici bazarlara, eləcə də Naxçıvan Muxtar Respublikasında istehsal olunmuş malların Azərbaycan Respublikasının digər ərazilərinə çıxış imkanları hələ də məhduddur.

Qeyri-neft-qaz sektorunun ixrac potensialının tam reallaşdırılmasına, habelə blokada şəraitində olması da nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında istehsal edilən malların ölkənin digər ərazilərinə daşınmasına mane olan ən mühüm səbəblərdən biri logistik xərclərin yüksəkliyidir. Xüsusilə, yerli qeyri-neft-qaz mallarının ənənəvi bazarlardan kənar yeni və alternativ xarici bazarlara yönəldilməsi zamanı yaranan yüksək nəqliyyat-daşıma xərcləri ixracatçıların rəqabət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Logistik zəncirin mürəkkəbliyi və uzaq məsafəli daşımaların malın maya dəyərindəki xüsusi çəkisinin yüksək olması ixracın mallar üzrə və coğrafi şaxələndirilməsinə maneə yaradan amillərdən biridir. Bu isə nəticə etibarilə qeyri-neft-qaz mallarının ümumi ixracdakı payının potensial imkanlardan aşağı qalmasına səbəb olur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və Naxçıvan Muxtar Respublikasında istehsal olunan qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə daşınmasının dəstəklənməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı onların daşınması üçün çəkilmiş xərclərə görə həmin malların növündən, gömrük dəyərindən, ixrac edildiyi ölkədən və nəqliyyat növündən asılı olaraq, dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği (bundan sonra – ixrac daşıma dəstəyi) ödənilsin.

2. Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının Azərbaycan Respublikasının digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş xərclərə görə dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği (bundan sonra – daxili daşıma dəstəyi) ödənilsin.

3. Müəyyən edilsin ki:

3.1. ixrac daşıma dəstəyi məbləği aşağıdakılar əsasında hesablanır:

3.1.1. ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğin:

3.1.1.1. daşıma dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələri, habelə Azərbaycan Respublikasında qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 70 (yetmiş) faizi;

3.1.1.2. daşıma Azərbaycan Respublikasında qeydiyyata alınmamış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 50 (əlli) faizi;

3.1.2. istifadə olunan nəqliyyat növündən asılı olaraq, ixrac edilən malın gömrük dəyərinin:

3.1.2.1. daşıma avtomobil, dəmir yolu və hava nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 15 (on beş) faizi;

3.1.2.2. daşıma dəniz nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 5 (beş) faizi;

3.2. ixrac daşıma dəstəyinin yekun məbləğini bu Fərmanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə uyğun olaraq hesablanmış məbləğlərdən ən az olanı təşkil edir;

3.3. daxili daşıma dəstəyinin məbləği Naxçıvan Muxtar Respublikasında istehsal olunan Azərbaycan Respublikası mənşəli qeyri-neft-qaz mallarının Azərbaycan Respublikasının digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70 (yetmiş) faizini təşkil edir;

3.4. ixrac və daxili daşıma dəstəklərinin məbləğləri rüb ərzində həyata keçirilən daşımalara görə müvafiq olaraq ixracatçının və satıcının (malgöndərənin) müraciəti əsasında həmin rüb bitdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ödənilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan dəstək növlərinin:

4.1.1. 2026-cı ildə ödənilməsinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.2. 2027–2036-cı illərdə ödənilməsinin maliyyələşdirilməsi üçün zəruri vəsaitin həmin illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulmasını təmin etsin;

4.2. üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

4.2.1. ixrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi qaydasını;

4.2.2. ixrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin siyahısını;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

5.1.1. ixrac daşıma dəstəyinin şamil olunacağı qeyri-neft-qaz mallarının və onların ixrac olunduğu ölkələrin (ölkə qruplarının) siyahısını;

5.1.2. ixrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydasını;

5.1.3. müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar zamanı ixrac daşıma dəstəyi məbləğinin hesablanması qaydasını;

5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Bu Fərmanın 1 – 3-cü hissələri 2026-cı il sentyabrın 1-dən qüvvəyə minir və 2036-cı il sentyabrın 30-dək həyata keçiriləcək ixrac və daxili daşımalara münasibətdə tətbiq olunmaqla 2036-cı il dekabrın 31-dək qüvvədədir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2026-cı il

SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30
SƏNƏDLƏR Sərəncamlar 16 noyabr 2026
13:28
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...

16 noyabr 2026, 13:28
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:25
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...

16 noyabr 2026, 13:25
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:21
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun tətbiqi və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...

16 noyabr 2026, 13:21