02 iyun 2026, 15:22

Asəf Hacıyevdən, İstanbul, Türkiyə

Möhtərəm cənab Prezident,

Sizə, mənim elmi fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə və Azərbaycan Dövlət Mükafatına layiq görülməyim münasibətilə dərin minnətdarlığımı bildirirəm.

Mən elmi fəaliyyətimdə iki dəfə böyük sevinc hissi keçirmişəm. Birinci dəfə – XX əsrin ən böyük riyaziyyatçılarından biri olan dahi A.N.Kolmoqorova, Lomonosov adına Moskva Dövlət Universitetində aspiranturaya qəbul imtahanı verərkən və yüksək qiymət alarkən və bu gün, Sizin tərəfinizdən mükafatlandırılaraq.

Əgər birinci halda, mənim riyazi biliklərimə dünya şöhrətli riyaziyyatçı yüksək qiymət vermişdirsə, bu günlərdə Azərbaycan Dövlət Mükafatını, ölkəmizin tarixinə adı qızıl hərflərlə yazılmış, ikinci dünya muharibəsindən sonra dünyada yeganə şəxs, 30 ildən çox işğal altında olan Azərbaycanın torpaqlarını qaytaran, məhz, Sizin qərarınızla verilmişdir. Verilən mükafat sadəcə mənim elmi fəaliyyətimə deyil, ümumiyyətcə Azərbaycan elminə verilən yüksək qiymətdir və Siz elm mühitində böyümüş bir şəxs kimi hər zaman elmimizin inkişafına böyük diqqət vermisiniz.

Sözsüz ki, bu mənim üçün böyük bir şərəfdir və bundan sonra daha fəal çalışmağa və yeni elmi nəticələri almağa sövq edir.

Möhtərəm cənab Prezident, bu günlərdə məni “Şöhrət” ordeni ilə təltif etməyinizi mənim ictimai və beynəlxalq aləmdə apardığım fəaliyyətimə Sizin tərəfinizdən verilən çox yüksək qiymət kimi dəyərləndirirəm. Mənim fəaliyyətim beynəlxalq aləmdə Sizin həyata keçirdiyiniz siyasətin bir parçasıdır. Sizin apardığınız siyasətə böyük quruculuq, incə diplomatiya, dərin düşünülmüş qərarlar və hər zaman Azərbaycan dəyərlərini yüksək tutmaq məxsusdur.

Sizin bütün fəaliyyətiniz Azərbaycan xalqının gələcəyinə və firavan həyatına yönəldilib. Hətta bayram günlərində Sizin ailə üzvlərinizlə bərabər işğaldan azad olunmuş torpaqlarımıza səfər etməyiniz bir daha ölkəmizin hər bir qarış torpağına olan məhəbbətinizin təzahürüdür. Sizin fəaliyyətiniz nəticəsində bu gün Azərbaycan xalqı başını uca tutaraq, qəhrəman xalq kimi yaşayır və hər bir Azərbaycan vətəndaşı öz Prezidenti və Ali Baş Komandanı ilə fəxr edir.

Sizə bir daha dərin minnətdarlığımı bildirirəm, işlərinizdə böyük uğurlar, can sağlığı və ailə səadəti arzulayıram.

Dərin hörmət və ehtiramla,

Asəf Hacıyev,

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi

Türkiyə Respublikası, İstanbul şəhəri.