26 may 2026, 19:03

Zaur Əliyevdən, Münster, Almaniya

Hörmətli cənab Prezident,

Biz, Avropa Azərbaycan Mərkəzi və Almaniya Azərbaycanlıları Alyansı olaraq, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının – WUF13-ün Bakı şəhərində yüksək səviyyədə və böyük uğurla keçirilməsini böyük maraq və qürur hissi ilə izlədik. Bu mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən yüksək etimadın, dövlətimizin artan nüfuzunun və Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu siyasətin növbəti parlaq göstəricisi kimi xüsusi əhəmiyyət daşıyır. WUF13-ün rekord sayda iştirakçı və geniş beynəlxalq təmsilçiliklə keçirilməsi tədbirin qlobal əhəmiyyətini aydın şəkildə nümayiş etdirdi. Forum çərçivəsində dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların nümayəndələrinin, müxtəlif ölkələrdən gəlmiş qonaqların və sahə üzrə mütəxəssislərin iştirakı Azərbaycanın yüksək təşkilatçılıq imkanlarını və beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində qazandığı zəngin təcrübəni bir daha təsdiqlədi. Forum günlərində xarici qonaqların, beynəlxalq təşkilatların nümayəndələrinin və müxtəlif ölkələrdən gəlmiş iştirakçıların Azərbaycan, Bakı şəhəri, tədbirin yüksək təşkilatçılığı və ölkəmizin inkişafı haqqında səsləndirdikləri müsbət fikirlər bizdə böyük fəxr hissi yaratdı. Bu fikirlər Azərbaycanın artıq yalnız regionda deyil, qlobal səviyyədə də etibarlı tərəfdaş, müasir inkişaf modelinə malik nüfuzlu dövlət kimi qəbul olunduğunu göstərir. WUF13 çərçivəsində Azərbaycanın təkcə beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığı deyil, həm də Sizin rəhbərliyinizlə həyata keçirilən müasir dövlətçilik və inkişaf modeli diqqət mərkəzində oldu. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma işləri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi azad edilmiş ərazilərin dirçəldilməsi və müasir şəhərsalma sahəsində Azərbaycanın dünyaya təqdim etdiyi mühüm təcrübədir.

WUF13-ün uğurla keçirilməsi Azərbaycanın qlobal səviyyədə artan nüfuzunu bir daha təsdiqləməklə yanaşı, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının da məsuliyyətini daha da artırır. Biz diaspor nümayəndələri olaraq, ölkəmizin nailiyyətlərini, inkişaf yolunu və Azərbaycan həqiqətlərini yaşadığımız ölkələrin ictimaiyyətinə obyektiv şəkildə çatdırmağı fəaliyyətimizin mühüm istiqamətlərindən biri hesab edirik. Bu sahədə dünya azərbaycanlılarının təşkilatlanması, onların təşəbbüslərinin əlaqələndirilməsi və diaspor layihələrinin daha səmərəli şəkildə həyata keçirilməsi istiqamətində formalaşmış dövlət yanaşması xaricdə yaşayan soydaşlarımız üçün mühüm dayaq rolunu oynayır.Bu mühüm uğur münasibətilə dərin qürur hissimizi bir daha ifadə edir, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun daha da yüksəlməsi, dövlətimizin qüdrətinin artması və xalqımızın rifahı naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür və yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Zaur Əliyev,

Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü

Almaniya Federativ Respublikası, Münster şəhəri.