Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsinin təkmilləşdirilməsi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

20 may 2026, 13:34

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təsdiq edir;

1.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən yeni tariflər təsdiq edilənədək onun göstərdiyi xidmətlərin mövcud tarifləri öz hüquqi qüvvəsini saxlayır.

2. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 432 (Cild I); 2025, № 5, maddə 446) 2.5-ci bəndində “Respublikasının Tarif (qiymət) Şurası” sözləri “Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 1.1-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq göstərdiyi xidmətlərin tariflərini dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2026-cı il

SƏNƏDLƏR Fərmanlar 08 iyun 2026
17:20
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

08 iyun 2026, 17:20