Ələkbər Həsənovdan, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident,
Mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak etmək mənim üçün böyük qürur və unudulmaz təcrübə oldu.
Sizin tədbirdə çıxışınız şəhərsalma, memarlıq, tarixi irsin qorunması və müasir inkişaf arasında qurulan balansın nə qədər vacib olduğunu bir daha nümayiş etdirdi. Xüsusilə Azərbaycanın qədim şəhərləri, memarlıq abidələri və Qarabağda aparılan yenidənqurma işləri ilə bağlı səsləndirdiyiniz fikirlər məndə böyük təəssürat yaratdı.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmizdə həyata keçirilən layihələr Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da şəhərsalma sahəsində mühüm nümunəyə çevrildiyini göstərir. Bakı şəhərinin müasir inkişafı ilə tarixi simasının qorunması arasında yaradılmış vəhdət xüsusi diqqətə layiqdir.
WUF13 kimi nüfuzlu beynəlxalq tədbirin Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və dövlətimizin uğurlu siyasətinin göstəricisidir. Dünyanın 182 ölkəsindən on minlərlə iştirakçının ölkəmizə gəlməsi Azərbaycanın təhlükəsiz, inkişaf edən və qlobal əməkdaşlığa açıq dövlət olduğunu bir daha sübut etdi.
Bir iştirakçı olaraq, belə mötəbər tədbirdə iştirak etməkdən böyük fəxr hissi keçirdim və ölkəmizin inkişafı naminə həyata keçirilən işlərə görə Sizə təşəkkürümü bildirirəm. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycanımıza isə davamlı inkişaf və tərəqqi arzulayıram.
Dərin hörmətlə,
Həsənov Ələkbər Gündüz oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.