Zaur Əliyevdən, Münster, Almaniya
Hörmətli cənab Prezident,
Avropa Azərbaycan Mərkəzi və Almaniya Azərbaycanlıları Alyansı adından Sizə dərin hörmət və ehtiramımızı bildiririk.
Qazaxıstan Respublikasının Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünü böyük diqqətlə izlədik. Zirvə görüşündə Sizin çıxışınızda səsləndirilən fikirlər Türk dünyasının siyasi həmrəyliyinin möhkəmləndirilməsi, ortaq strateji maraqların uzlaşdırılması və təşkilat çərçivəsində əməkdaşlığın daha institusional əsasda inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məmnunluqla qeyd edirik ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü formatının ilk dəfə 2024-cü ildə Şuşa şəhərində keçirilməsi Azərbaycanın Türk dünyasında birləşdirici və təşəbbüskar rolunun mühüm göstəricisi olmuşdur. Şuşada əsası qoyulan bu siyasi ənənənin Türküstan şəhərində davam etdirilməsi Türk dövlətləri arasında qarşılıqlı etimadın, strateji tərəfdaşlığın və ortaq gələcək baxışının daha da gücləndiyini göstərir. Sizin çıxışınızda qeyd etdiyiniz kimi, bu təşəbbüsün artıq ənənəyə çevrilməsi Azərbaycanın Türk Dövlətləri Təşkilatının inkişafında fəal və ardıcıl mövqeyini bir daha təsdiq edir. Bu, eyni zamanda, Azərbaycanın yalnız regional proseslərdə deyil, bütövlükdə Türk dünyasının siyasi, iqtisadi və institusional inteqrasiyasında mühüm rol oynadığını nümayiş etdirir.
Türküstan Zirvə görüşündə səsləndirdiyiniz: “Əziz dostlar, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək” fikirləri Avropada fəaliyyət göstərən Azərbaycan diaspor qurumları olaraq bizim üçün xüsusi mənəvi və siyasi əhəmiyyət daşıyır. Bu sözlər Türk dünyasının gələcək inkişaf istiqamətlərini, onun beynəlxalq münasibətlər sistemində daha fəal və təsirli mövqe tutması zərurətini aydın şəkildə ifadə edir.
Sizin rəhbərliyinizlə Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirdiyi siyasət türk dövlətləri arasında siyasi dialoqun dərinləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, nəqliyyat-kommunikasiya imkanlarının inkişafına, rəqəmsal əməkdaşlığın və müasir texnologiyalar sahəsində tərəfdaşlığın güclənməsinə mühüm töhfə verir. Şuşa və Türküstan kimi tarixi və mənəvi baxımdan mühüm şəhərlərdə bu formatda görüşlərin keçirilməsi Türk dünyasının ortaq tarixi yaddaşını və müasir siyasi iradəsini bir araya gətirən əlamətdar hadisələrdir. Bu ardıcıllıq Türk Dövlətləri Təşkilatının yalnız əməkdaşlıq platforması deyil, həm də ortaq strateji baxışa əsaslanan mühüm beynəlxalq birlik kimi formalaşdığını göstərir.
Avropa Azərbaycan Mərkəzi və Almaniya Azərbaycanlıları Alyansı olaraq bildiririk ki, Azərbaycanın dövlət maraqlarının, beynəlxalq mövqeyinin və Türk dünyası ilə bağlı strateji təşəbbüslərinin Avropada tanıdılması istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirməyə hazırıq. Sizin Türk dünyasının birliyi və Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi istiqamətində səsləndirdiyiniz fikirlər bu sahədə bizim üçün mühüm istiqamətverici əsasdır.
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, Türk Dövlətləri Təşkilatının güclənməsində oynadığı aparıcı rol və Türk dünyasının XXI əsrdə nüfuzlu geosiyasi güc mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən siyasət Avropada yaşayan soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir.
Dərin hörmət və ehtiramla,
Zaur Əliyev, Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü
Almaniya Federativ Respublikası, Münster şəhəri.