Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenova

17 may 2026, 13:52

Hörmətli Oljas Süleymenov!

Sizi – müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Böyük şair, publisist, ədəbiyyatşünas və tədqiqatçı olaraq Siz türk dünyasının fitri bədii istedada malik qüdrətli simalarındansınız. Yüksək vətəndaşlıq amalı özünün ənənələrə bağlılığı və dərin koloriti ilə seçilən yaradıcılığınızı geniş oxucu auditoriyasına daim sevdirmişdir. Planetar düşüncənin məhz milli dəyərlər əsasında formalaşdığına inanaraq meydana gətirdiyiniz hər yeni əsər mədəniyyət hadisəsinə çevrilmişdir. Parlaq ədəbi şəxsiyyət kimi zəngin ömür yolunuz vətənə və xalqa təmənnasız xidmətin nümunəsidir.

Ötən əsrin 80-ci illərindən etibarən ictimai-siyasi həyat meydanındakı coşqun fəaliyyətinizi həmişə məmnunluqla xatırlayırıq. Azərbaycanın haqq işini hər addımda ürəkdən dəstəkləməyiniz və Qələbəmizi bütün türk dünyasının tarixi nailiyyəti hesab etməyiniz bizə mənəvi güc verir.

Türk xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və qarşılıqlı humanitar əlaqələrin genişləndirilməsinə töhfələriniz danılmazdır. Ölkəmizə münasibətiniz bizim üçün dostluq və qardaşlığın həqiqi meyarıdır.

Əminəm ki, yaratdığınız irs gələcək nəsillərin ortaq keçmişimizə və mədəni-mənəvi sərvətlərimizə ehtiram ruhunda tərbiyəsi baxımından bundan sonra da xüsusi əhəmiyyət kəsb edəcəkdir.

Ən xoş arzularla,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2026-cı il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55