İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

15 may 2026, 14:35
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edib.

Dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşıladı.

Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdirdilər.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Kasım-Jomart Kemeleviç.

Hörmətli dövlət başçıları.

İlk növbədə, göstərilən səmimi qonaqpərvərliyə görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Qədim və zəngin tarixi-mədəni irsə malik Türküstan şəhərində olmaqdan çox məmnunam. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olmuşdur. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır.

Qazaxıstan ilə Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək olar. Son 5 ildə bu, mənim Qazaxıstana səkkizinci səfərimdir. Prezident Tokayev isə Azərbaycana altı dəfə səfər etmişdir. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırmışdır.

Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü təşəbbüsü artıq ənənəyə çevrilir.

Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir.

Yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək.

Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək. Əminəm ki, bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək.

Hörmətli həmkarlar, Zirvə görüşünün mövzusu dövrümüzün çağırışlarını və prioritetlərini əks etdirir. Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır.

Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılmışdır.

Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır.

Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir.

Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək.

Orta Dəhliz boyunca gömrük prosedurları sadələşdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış “e-Permit” sistemi elektron icazələrin operativ şəkildə verilməsini təmin edir.

Əziz dostlar, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonda dövlətimizin başçısı və digər prezidentlər Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Türküstan Bəyannaməsini və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavininin təyin olunması haqqında qərarı imzaladılar.


gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 03 noyabr 2026
16:13
S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                                             

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Ag...

03 noyabr 2026, 16:13
SƏNƏDLƏR Fərmanlar 03 noyabr 2026
16:10
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun t...

03 noyabr 2026, 16:10
SƏNƏDLƏR Sərəncamlar 30 oktyabr 2026
16:10
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Kazakov Matvey Pa...

30 oktyabr 2026, 16:10