Cahangir Mehdiyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində imzaladığınız sərəncam Azərbaycan mədəniyyətinə və incəsənətinə dövlətimizin və şəxsən Sizin daimi qayğınızın növbəti bariz nümunəsi oldu. Bu sərəncam mədəniyyətimizə ali diqqətin ifadəsi olmaqla yanaşı, həm də mədəniyyət xadimlərimizə və onların ailələrinə böyük sevinc bəxş etdi.
Sizin ali diqqətiniz nəticəsində bu sevincdən mənə və mənim ailəmə də böyük pay düşdü. Uzun illər ərzində milli kino sahəsindəki fəaliyyətimi, çoxsaylı bədii və sənədli kino, televiziya filmlərində bədii rəhbər, ssenarist, rejissor və aktyor kimi iştirakımı yüksək dəyərləndirərək məni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görməyiniz mənim üçün böyük qürur və xoşbəxtlikdir. Bu qüruru ilk dəfə Ulu Öndər Heydər Əliyev 26 il öncə mənə “Əməkdar incəsənət xadimi” fəxri adı verəndə yaşamışdım. Sizin ali diqqətiniz mənə bu möhtəşəm hissləri və qüruru yenidən yaşatdı.
Möhtərəm cənab Prezident,
Məni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq gördüyünüz üçün Zati-alinizə öz adımdan və ailəm adından dərin təşəkkür və minnətdarlığımı bildirir, Sizə uca Allahdan sağlam can, uzun ömür, suveren Azərbaycanımıza xoş və uğurlu gələcək arzulayıram.
Allah Sizi, ailənizi və xalqımızı qorusun!
Dərin ehtiramla,
Mehdiyev Cahangir Yaqub oğlu,
Əməkdar incəsənət xadimi
Azərbaycan Respublikası, Bakı şəhəri.