Şəhid atasından, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident,
Mən, Cəlilabad rayonunun Ağdaş kənd sakini, Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Şükürov Alimin atası Davud Şükürov, Sizə bu məktubu dərin hörmət və böyük qürur hissi ilə ünvanlayıram.
Azərbaycan dövlətinin bugünkü qüdrəti, beynəlxalq arenada nüfuzu və gücü bir vətəndaş və şəhid atası kimi məni sonsuz fərəhləndirir. Biz fəxr edirik ki, dövlətimizin Sizin kimi güclü və qətiyyətli Ali Baş Komandanı var.
44 günlük Vətən müharibəsi dövründə Sizin hər bir rayonun azad olunma müjdəsini xalqa çatdırmağınız, çəkdiyiniz o gərgin əmək və göstərdiyiniz sarsılmaz iradə bizim üçün ən böyük dəyər idi. Övladım Alimin də daxil olduğu rəşadətli Azərbaycan Ordusu Sizin rəhbərliyinizlə tarix yazdı.
Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə və dövlətimizə öz təşəkkürümü bildirirəm. Biz şəhid valideynləri olaraq, Sizin apardığınız siyasətdən və dövlətimizdən tam razıyıq. Allah Sizi və dövlətimizi qorusun, Zəfərimiz əbədi olsun!
Dərin hörmətlə,
Şükürov Davud Ağaqulu oğlu,
şəhid atası
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Ağdaş kəndi