Şəhid atası Aqil Talıbov və başqalarından, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident!
Kür çayında suyun səviyyəsinin artması nəticəsində Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi yaxınlığında Kür çayına qovuşan Qarqarçay çayının mühafizə bəndinin altından sızan su bəndin dağılmasına səbəb olmuşdur. Baş vermiş hadisə təbii olaraq bütün kənd əhalisini təşvişə salmışdır. Dərhal əraziyə gələn aidiyyəti dövlət qurumları bütün zəruri tədbirləri görmüş, kəndə istiqamətlənmiş suyun qarşısı alınmış, əhalinin təşvişinə son qoyulmuş, kəndi və əhalinin əkin sahələrini sel sularından qorumuşlar.
Nəcəfqulubəyli kəndinin sakinləri bilirlər ki, bu formada təşkilatçılıq və operativlik Sizin bu işi görən təşkilatlar qarşısında qoyduğunuz tələblərin və verdiyiniz tapşırıqların nəticəsidir. Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndinin əhalisinin keçirdiyi qısamüddətli təşvişin aradan qaldırılması, əraziyə axan suların kəndə yaxınlaşmasına imkan verilməməsi, Qarqarçay çayının mühafizə bəndinin dağılmış hissəsinin operativ olaraq bərpa edilməsi aidiyyəti təşkilatların öz işlərini Sizin tapşırıq və göstərişlərinizə uyğun qurmalarını, dövlətimizin və dövlətçiliyimizin Sizin rəhbərliyiniz altında nə qədər güclü olduğunu bir daha sübut etdi.
Bütün bunlara görə biz Sizə dərin minnətdarlığımızı bildirir, dövlətimizlə və onun Prezidenti ilə fəxr etdiyimizi bildiririk.
Kənd sakinləri adından dərin hörmətlə,
Talıbov Aqil Şirinalı oğlu, şəhid atası
Qurbanov Maarif Qurban oğlu
Rəhimov Fəzail Almurad oğlu
Əliyev Əlixan İsmayıl oğlu
Yolçuyev Barat Salman oğlu
Alıyev Hüseyn Alıməmməd oğlu
Nəcəfov Alim Avasqulu oğlu
İbrahimov Oktay Murad oğlu
Mehdizadə Azər Məmməd oğlu
İmranov Şahid Şaxı oğlu
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi.