Ələkbər Həsənovdan, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi, Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı çərçivəsində videobağlantı vasitəsilə etdiyiniz çıxışınızda səsləndirilən fikirlər, xüsusilə Azərbaycan ilə Ermənistan arasında formalaşmaqda olan yeni reallıqlar fonunda sülh gündəliyinə verdiyiniz önəm, ölkəmizin beynəlxalq münasibətlər sistemində tutduğu prinsipial, ardıcıl və məsuliyyətli mövqeyini bir daha aydın şəkildə nümayiş etdirdi. Bu yanaşma regionda dayanıqlı sabitliyin təmin olunmasına və qarşılıqlı etimad mühitinin formalaşmasına mühüm töhfə verir.
Eyni zamanda, Sizin çıxışınızda əksini tapan konstruktiv dialoq, əməkdaşlıq və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik çağırışları Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu daha da möhkəmləndirir. Bu kontekstdə 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı irəli sürdüyünüz təşəbbüs ölkəmizin artan beynəlxalq nüfuzunun və diplomatik uğurlarının məntiqi davamıdır. Xüsusilə qeyd etmək istərdim ki, Sizin çıxışınızda regional kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaradılması istiqamətində səsləndirilən fikirlər gələcəyə hesablanmış strateji baxışın təzahürüdür. Bu baxış yalnız region üçün deyil, bütövlükdə Avrasiya məkanında sülh və rifahın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı nümayiş etdirilən ikili standartlara dair səsləndirdiyiniz əsaslı və prinsipial mövqe Azərbaycanın milli maraqlarının qətiyyətlə müdafiə olunduğunu bir daha göstərir və hər bir vətəndaşda qürur hissi doğurur.
Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə ölkəmizin tarixində yeni inkişaf mərhələsinin əsası qoyulmuş, regionda tamamilə yeni siyasi və geosiyasi reallıqlar formalaşmışdır. Bu nailiyyətlər dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri kimi yadda qalacaqdır.
Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayır, Azərbaycanın daha da qüdrətlənməsi və rifahı naminə həyata keçirdiyiniz siyasətdə davamlı nailiyyətlər diləyirəm.
Dərin hörmətlə,
Həsənov Ələkbər Gündüz oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.