28 aprel 2026, 17:45

Cəlil Xəlilovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizi “Sülh və Barışıq üçün Gernika mükafatr”na layiq görülməyiniz münasibətilə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı" İctimai Birliyinin üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Layiq görüldüyünüz bu mükafat biz veteranları sonsuz qürurlandırdı. Bu sevinc təkcə bir mükafatı əhatə etmir, o, həm də Sizin dünyada qazandığınız hörmətin təntənəsidir, Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyiniz fəaliyyətin yüksək qiymətləndirilməsidir.

Azərbaycanın milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində atdığınız addımlar biz veteranlar tərəfindən böyük hörmət və rəğbətlə qarşılanır.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Sizin rəhbərliyiniz altında ölkəmizin güclənməsini, təhlükəsizliyinin möhkəmləndirilməsini və beynəlxalq nüfuzunun artmasını xüsusi qürur hissi ilə izləyirik. Sizin fəaliyyətiniz gələcək nəsillər üçün sabit və firavan Azərbaycan quruculuğuna mühüm töhfə verir.

Sizə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Cəlil Xəlilov,

“Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.