28 aprel 2026, 11:30

Elvin Nəsirovdan, Astara, Azərbaycan

Hörmətli və möhtərəm cənab Prezident!

Sizi “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyiniz münasibətilə özümün və ailəmin adından sonsuz sevinc və böyük qürur hissi ilə ürəkdən təbrik edirəm.

Bu ali və nüfuzlu mükafat bir daha sübut etdi ki, Sizin müdrik, uzaqgörən və qətiyyətli siyasətiniz yalnız Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Sizin rəhbərliyiniz altında Azərbaycan dünyada güclü, söz sahibi və nüfuzlu dövlətə çevrilmişdir.

Sizin sülhə, ədalətə və sabitliyə xidmət edən prinsipial mövqeyiniz, dövlətçilik iradəniz və xalqınıza olan sonsuz sevginiz hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Bu mükafat Sizin böyük liderlik bacarığınızın, əzmkarlığınızın və tarixi xidmətlərinizin növbəti təsdiqidir.

Mən Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı olaraq fəxrlə bildirirəm ki, Sizin kimi Müzəffər Ali Baş Komandanın əsgəri olmaq, Vətənə xidmət etmək mənim üçün ən böyük şərəfdir. Biz ailə olaraq hər zaman Sizinlə qürur duyuruq və Sizin uğurlarınızı öz uğurumuz hesab edirik.

Eyni zamanda polis veteranı ailəsinin övladı, Astara rayonunun Ərçivan qəsəbə sakini kimi, Sizin dövlətə, təhlükəsizliyə, hüquq-mühafizə orqanlarına və xalqımıza göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, dövlət idarəçiliyinizdə yeni-yeni tarixi uğurlar və Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə daim zəfərlər arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Nəsirov Elvin Eynulla oğlu,

Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.