Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

25 aprel 2026, 13:45
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.

Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.

Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi.

Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, xüsusilə energetika sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.

Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik.

Qeyd etdiyim kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.

Bir daha Sizi və bütün ukraynalı qonaqlarımızı səmimiyyətlə salamlayıram.

x x x

Sonra Ukrayna Prezidenti bəyanatla çıxış etdi.

Prezident Volodimir Zelenskinin bəyanatı

-Hörmətli cənab Prezident, çox sağ olun.

Mən Sizə təşəkkürümü bildirmək istəyirəm. O cümlədən nümayəndə heyətimizə göstərilən diqqətə görə minnətdaram.

Bizim müxtəlif beynəlxalq platformalarda görüşlərimiz olub. Ötən il görüşlərimizdə qeyd etmişik ki, biz hər zaman bir-birimizi dəstəkləmişik. Mən qeyd etmişəm ki, biz Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini hər zaman dəstəkləmişik, eyni zamanda, biz Ukraynaya eyni münasibəti görmüşük.

Əlbəttə ki, müharibə başladıqdan sonra bu, mənim Azərbaycana ilk səfərimdir və mən buraya nümayəndə heyətimlə gəlmişəm. Sizə təşəkkür edirəm.

Bu gün 6 sənəd imzaladıq. Heyətlərimiz birmənalı olaraq onların təfərrüatları ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bu gün sahələrə gəldikdə, bir nömrəli sahə təhlükəsizlikdir. Müdafiə sənayesi sahəsində artıma gəldikdə, Ukrayna müharibə şəraitindən irəli gələrək öz müqavimət gücünü göstərdi və biz ekspert biliklərimizi bölüşmək istərdik. Bu gün ekspertlərimiz Azərbaycandadır, onlar azərbaycanlı həmkarlarına dəstək verir. Biz bu tərəfdaşlığı bundan sonra da davam etdirərək birgə istehsala başlayacağıq.

Digər mühüm sahələr var. Əlbəttə ki, bunlar bizim xalqlarımızın, ölkələrimizin təhlükəsizliyinə töhfə verir və sözün əsl mənasında biz istərdik ki, ölkələrimiz arasında bu əlaqələr daha da artsın. Əlavə olaraq, mən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bizim tərəfdaşlığımız bu çox sərt qış şəraitində də davam etmişdir. Eyni zamanda, əlbəttə ki, biz hava hücumundan müdafiə tədbirlərini görmüşük. Lakin buna baxmayaraq, enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz Azərbaycandan 11 yardım paketini almışıq. Biz bu yardıma görə öz təşəkkürümüzü bildiririk. Biz bu haqda xeyli söhbət etdik. Biz, həmçinin, cənab Prezident, xüsusi olaraq Sizə təşəkkürümüzü bildiririk ki, bizim uşaqlarımıza kömək edirsiniz. O uşaqlar, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizə minnətdarıq.

Əvvəlcə biz energetika sahəsini müzakirə etdik, əməkdaşlığımıza nəzər saldıq. Bu gün, əslində, nəinki Ukrayna üçün, bütün dünya üçün, Avropa üçün bu, böyük bir çağırışdır. İranla müharibə aparılır. Bizə bu halda etibarlı tərəfdaşlarımız lazımdır. Buna görə Sizə təşəkkür edirik. Biz çox şadıq ki, azərbaycanlı tələbələr əksər hallarda məhz Ukraynanı öz təhsil ocağı kimi seçirlər. Biz buna görə də təşəkkür edirik.

Biz, eyni zamanda, sülh sahəsində səyləri müzakirə etdik. Bu, Ukrayna üçün olduqca vacibdir ki, yekun nəticədə müharibəyə son qoyulsun. Əlbəttə, biz bu prosesdə vasitəçilik edən tərəfdaşlara minnətdarıq. Biz Azərbaycan Prezidentinə minnətdarıq. Bizim üçtərəfli və digər formatda danışıqlarımız oldu. Onlardan bəziləri Türkiyədə baş tutdu, daha sonra isə amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşdük və həmçinin istərdik ki, danışıqlarımızı Azərbaycanda aparaq. Bir halda ki, əgər bu diplomatiyanı, həmçinin Rusiya tərəfi də seçərsə.

Cənab Prezident, düşünürəm, müdafiə sənayesinə gəldikdə, təhlükəsizlik elə bir sahədir ki, orada biz çox dərin əməkdaşlıq qura bilərik və çox çalışmalıyıq ki, bu məqsədə nail olaq.

Silahların istehsalına gəldikdə, bu, bizim xalqlarımız üçün sabitlik gətirə bilər. Bizim ölkələrimizin kifayət qədər imkanları var ki, bütün çağırışlarla üzləşərək tab gətirsin. İstənilən bir ölkəni götürsək, hətta nəzəri baxımdan əgər o, təcavüzlə üzləşərsə bilməlidir ki, öz hərbi əməliyyatlarını apararaq özünü müdafiə edə bilsin. Bu baxımdan biz sabitliyə, sülhə gedən yolda Azərbaycana uğurlar arzulayırıq. Eyni arzularımızı biz, həmçinin öz ünvanımıza bildiririk.

Bu gün biz ən çətin, ən ağır müharibə şəraitindəyik. Sizə səmimi deyim, cənab Prezident, mən bir hesabatı gördüm. Rusiya müxtəlif yerlərə yenidən aviazərbələr endirib. Dağıntılar göz qarşısındadır. Onlar dəmir yollarına, enerji infrastrukturuna, mülki təyinatlı obyektlərə hücum çəkirlər. Əfsuslar olsun ki, bu gün artıq bəzi şəxslər öz həyatını itirib və xəsarət alan da var.

Cənab Prezident, Sizə minnətdaram ki, başsağlığı verdiniz. Bütün bu səfəri təşkil etdiyinizə görə Sizə çox təşəkkür edirəm.

X X X

Daha sonra Azərbaycan və Ukrayna prezidentləri qısa söhbət etdilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 20 may 2026
13:36
Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

20 may 2026, 13:36
SƏNƏDLƏR Sərəncamlar 20 may 2026
13:35
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak...

20 may 2026, 13:35
SƏNƏDLƏR Fərmanlar 20 may 2026
13:34
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsinin təkmilləşdirilməsi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən...

20 may 2026, 13:34
SƏNƏDLƏR Qanunlar 19 may 2026
16:00
“Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il 26 iyun tarixində imzalanmış “Məhkəmə aktlarının, digər səlahiyyətli...

19 may 2026, 16:00
SƏNƏDLƏR Qanunlar 19 may 2026
15:59
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il 26 iyun tarixində imzalanmış “Mülki, ailə və cinayət işləri üzrə hüquqi...

19 may 2026, 15:59
SƏNƏDLƏR Qanunlar 19 may 2026
15:58
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il 26 iyun tarixində imzalanmış “Mülki, ailə və cinayət işləri üzrə hüquqi...

19 may 2026, 15:58
SƏNƏDLƏR Fərmanlar 19 may 2026
15:57
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda...

19 may 2026, 15:57
SƏNƏDLƏR Qanunlar 19 may 2026
15:56
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan...

19 may 2026, 15:56
SƏNƏDLƏR Fərmanlar 19 may 2026
15:55
“Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il fevralın 11-də Sofiya şəhərində imzalanmış “Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən...

19 may 2026, 15:55