Aprel döyüşləri və İkinci Qarabağ müharibəsinin iştirakçısından, Astara, Azərbaycan
Hörmətli cənab Prezident!
Mən, Latviya Respublikasının Prezidenti cənab Edqars Rinkeviçsin 2026-cı il aprelin 22-də ölkəmizə rəsmi səfəri zamanı Sizin mətbuata verdiyiniz bəyanatı böyük diqqət və qürur hissi ilə izlədim.
Zati-aliləri, Sizin səsləndirdiyiniz fikirlər dövlətçilik təfəkkürünüzü, müdrik siyasətinizi və Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu bir daha nümayiş etdirdi. Bu səfərin ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı açıq şəkildə hiss olunur. Xüsusilə qeyd etdiyiniz kimi, ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə ikitərəfli əlaqələr üçün möhkəm hüquqi əsas yaratmış, əməkdaşlığın daha geniş istiqamətlərdə inkişafına real imkanlar açmışdır. Sizin rəhbərliyiniz altında Azərbaycan bu gün Avropa və dünya dövlətləri ilə qarşılıqlı hörmətə, bərabər hüquqlu əməkdaşlığa və milli maraqlara əsaslanan münasibətlər quraraq uğurla irəliləyir.
Cənab Prezident, Sizin çıxışınızda vurğuladığınız biznes forumun keçirilməsi, qarşılıqlı sərmayələrin artırılması, birgə istehsal və ticarət dövriyyəsinin genişləndirilməsi istiqamətində səsləndirdiyiniz fikirlər ölkəmizin iqtisadi inkişaf strategiyasının nə qədər məqsədyönlü olduğunu bir daha sübut etdi. Bu təşəbbüslərin gələcəkdə konkret və uğurlu müqavilələrlə nəticələnəcəyinə dair xalqımızda böyük ümid və inam yaranmışdır. Eyni zamanda, birbaşa uçuşların genişləndirilməsi, insanlar arasında təmasların artırılması, təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı səsləndirdiyiniz fikirlər ölkələrimizin yaxınlaşması üçün çox önəmli addımlar kimi qiymətləndirilir. Latviyada təhsil alan yüzlərlə azərbaycanlı tələbənin varlığı da münasibətlərimizin nə qədər sağlam təməllər üzərində qurulduğunu göstərir. Sizin Cənubi Qafqaz və Baltik regionunda təhlükəsizlik məsələlərinə dair apardığınız müzakirələr, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı verdiyiniz mesajlar bir daha sübut etdi ki, Azərbaycan bu gün yalnız regionda deyil, bütövlükdə beynəlxalq miqyasda söz sahibi olan güclü dövlətdir. Bu siyasətin arxasında Sizin qətiyyətiniz, siyasi iradəniz və Vətənə bağlılığınız dayanır.
Zati-aliləri, mən bir Azərbaycan vətəndaşı kimi, eyni zamanda bir müharibə iştirakçısı olaraq, qürurla bildirirəm ki, Sizin rəhbərliyinizlə ölkəmiz tarixinin ən qüdrətli dövrlərindən birini yaşayır. Dövlətimizin güclənməsi, xalqımızın rifahı, Azərbaycanın dünyada nüfuzunun yüksəlməsi istiqamətində gördüyünüz böyük işlər hər bir vətəndaşın qəlbində dərin minnətdarlıq hissi yaradır. Xüsusilə qeyd etmək istəyirəm ki, biz ailə olaraq, Sizin kimi Prezidentimizin olmasından böyük qürur duyuruq. Ailəmizdə hər zaman Sizin fəaliyyətiniz, dövlətçiliyə xidmətiniz, xalqa göstərdiyiniz diqqət və qayğı yüksək hörmətlə qarşılanır. Biz inanırıq ki, Azərbaycan xalqı Sizin rəhbərliyinizlə daha böyük uğurlara imza atacaq, dövlətimiz daha da qüdrətlənəcəkdir.
Hörmətli cənab Prezident, Sizin yorulmaz fəaliyyətiniz, Vətənə xidmətiniz və xalqımıza göstərdiyiniz qayğı hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Mən də bir polis veteranının oğlu, bir döyüşçü kimi hər zaman dövlətimizin, dövlətçiliyimizin yanında olduğumu bildirir və Sizin siyasətinizi dəstəklədiyimi qeyd edirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Azərbaycanın daha da qüdrətlənməsi naminə gördüyünüz bütün işlərdə Sizə Uca Allahdan yardım diləyirəm. Eyni zamanda ailəmizin hər bir üzvü adından Sizə dərin təşəkkürümü bildirir, Sizinlə fəxr etdiyimizi bir daha ifadə edirəm.
Dərin hörmətlə,
Nəsirov Elvin Eynulla oğlu
Aprel döyüşləri və İkinci Qarabağ müharibəsinin iştirakçısı
Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.