Abducəlil Ziyadov və başqalarından, Qəbələ, Azərbaycan
Hörmətli cənab Prezident.
Kəndimizdə işıq dirəklərinin dəyişdirilməsi və müasir SİP-kabelləşmə sisteminin tətbiqi ilə bağlı görülən işlər sakinlər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanmışdır. Xüsusilə qeyd etmək istəyirik ki, kəndimiz dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşir, dağlıq relyefə malikdir. Qış aylarında sərt hava şəraiti və intensiv qar yağışı elektrik təsərrüfatında müəyyən çətinliklər yaradırdı. Məhz belə mürəkkəb coğrafi şəraitdə SİP-kabelləşmə sisteminin tətbiqi elektrik enerjisi ilə dayanıqlı, fasiləsiz və təhlükəsiz təminata mühüm töhfə vermişdir. Bu yenilik həm texniki nəzarətin gücləndirilməsinə, həm də mümkün nasazlıqların operativ şəkildə aradan qaldırılmasına şərait yaratmışdır. Görülən işlər kənd əhalisinin gündəlik həyatına böyük rahatlıq gətirmişdir.
Cənab Prezident, regionların sosial-iqtisadi inkişafına göstərdiyiniz diqqət və qayğı Qəmərvan kəndinin timsalında bir daha öz təsdiqini tapmışdır. Bu təşəbbüs sakinlərin rifah halının yüksəlməsinə və gələcəyə inamının daha da möhkəmlənməsinə səbəb olmuşdur. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Ziyadov Abducəlil,
Əliyarov Bəxtiyar,
Bayramov Paşa,
Kişmişov İkram,
Əliyev Nəsrəddin və başqaları (140 nəfər).
Azərbaycan Respublikası, Qəbələ rayonu, Qəmərvan kəndi.