07 aprel 2026, 12:01

Elvin Nəsirovdan, Astara, Azərbaycan

Hörmətli və dəyərli cənab Prezident!

Mən, Nəsirov Elvin Eynulla oğlu, Astara rayon Ərçivan qəsəbə sakini, Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinin iştirakçısı, polis veteranının oğlu olaraq, qardaş Türkiyə Respublikasında keçirilən “Heydər Əliyev – 2026” təlimləri çərçivəsində ölkəmizi layiqincə təmsil edən Naxçıvan Müstəqil Ordu Komandanlığının hərbi qulluqçularının Türkiyə torpaqlarında səmimi şəkildə qarşılanmasını böyük qürur və sevinc hissi ilə izlədim. Bu cür tədbirlər bir daha sübut edir ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik əməkdaşlıq deyil, tarixi köklərə söykənən müqəddəs bir qardaşlıqdır. “Bir millət, iki dövlət” şüarı bu gün artıq söz deyil, real güc, real birlik və real hərbi-siyasi iradədir.

Sizin uzaqgörən siyasətiniz və qətiyyətli liderliyiniz nəticəsində Azərbaycan Respublikasının beynəlxalq nüfuzu daha da yüksəlmiş, Ordumuzun gücü artmış, dövlətimizin birliyi və təhlükəsizliyi daha da möhkəmlənmişdir. Mən bir Azərbaycan vətəndaşı kimi, həmçinin Vətən uğrunda döyüşlərdə iştirak etmiş bir insan olaraq bu qüruru daha dərindən yaşayıram.

Türkiyə-Azərbaycan birliyinin bu şəkildə dünyaya nümayiş etdirilməsi həm xalqımızın ruhunu yüksəldir, həm də düşmənlərə açıq mesaj verir ki, Azərbaycan heç vaxt tək deyil və heç vaxt tək qalmayacaqdır.

Hörmətli cənab Prezident!

Bu münasibətlə Sizə dərin hörmət və ehtiramımı bildirir, qardaş Türkiyə Respublikası ilə əlaqələrimizin daim yüksələn xətt üzrə inkişaf etməsi yolunda apardığınız böyük işlərə görə minnətdarlığımı ifadə edirəm.

Uca Allah Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimiz və xalqımız naminə həyata keçirdiyiniz müqəddəs fəaliyyətinizdə daim uğurlar nəsib etsin!

Azərbaycan-Türkiyə qardaşlığı əbədi olsun!

Hörmətlə,

Nəsirov Elvin Eynulla oğlu

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.