Şeyxülislam Allahşükür Paşazadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Zati-alilərinizi müqəddəs Ramazan bayramı və xalqımız üçün əziz olan Novruz bayramı münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz dəyər kəsb edən fəaliyyətinizə Uca Allahdan uğurlar diləyirəm.
Azərbaycan xalqının mədəni və mənəvi həyatında özəl yeri olan qədim, mübarək Bahar bayramı Ulu Yaradan tərəfindən xəlq olunmuşların alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır. Uca Rəbbimizin Lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla uzlaşması, bu il həm də Ramazan bayramı ilə eyni zamana təsadüf etməsi Novruzun mübarəkliyini, ülviliyini daha da artırır. Bu mübarək bayramlar Sizin müzəffər Ali Baş Komandan və görkəmli dövlət xadimi kimi Azərbaycan xalqı və dövlətçiliyi naminə dəyərli xidmətləriniz müqabilində dindarlarımızın Sizə olan sonsuz ehtiram və minnətdarlığını ifadə etmək üçün gözəl məqam, xoş fürsətdir.
Mərhəmət ruhlu mübarək Ramazan bayramı günlərində Azərbaycan dindarları milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən öndəri, dünya müstəvisində ölkəmizə fəxarət yaşadan lideri - Zati-alilərinizlə qürur duyur. Heydər Əliyev siyasi məktəbini yaşadan, daha yüksək zirvələrə ucaldan Cənabınızın Azərbaycan xalqına bəxş etdiyi Qarabağ Zəfəri uğurlu dövlət xadiminin, qalib sərkərdənin doğma xalqına əvəzsiz töhfəsi olub, bəşər tarixinə həkk olunmuşdur. Zəfər salnaməsi yazmış dövlət xadimi, Fatehlik zirvəsinə yüksəlmiş fədakar dövlət başçısı, qurucu lider və uzaqgörən dövlətçilik təfəkkürünə malik siyasi xadim imicinizin dünyada tanınması Azərbaycan xalqının qəlbini iftixarla döyündürür. Azərbaycan xalqının əbədi, əzəli torpaqlara Böyük Qayıdışını təmin etmək yönündə fövqəladə işlər həyata keçirən Cənabınız əsarətdən xilas etdiyiniz dağıdılmış mədəni-mənəvi irsimizi dirçəldir, tarixi abidə və ziyarətgahlarımıza, dədə-baba torpaqlarımıza yeni nəfəs verir, abad kəndlər və şəhərlər inşa edirsiniz. Dinc quruculuq işlərinin Uca Allaha xoş gedən sülh quruculuğu işləri ilə davam və inkişaf etməsi, Zati-alilərinizin bölgədə barışıq, dünya miqyasında sülh müstəvilərində ön sıralarda yer alması Azərbaycan dövlətçiliyinin yüksək məziyyətlərini bəşərə nümayiş etdirir. Xalqımızın nisgilli Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaltdığınız Xocalı Memorial Kompleksi tarixi ədalətin bərpasını dünyaya nümayiş etdirən, silinməz yaddaşımızın möhtəşəm abidəsi olmaqla yanaşı, xalqımızın bütün ülvi arzu və niyyətlərinin gerçəkləşəcəyinə inam, ümid və qətiyyətini təcəssüm etdirən müqəddəs məkandır.
Zati-aliləri! Hər zaman qlobal təfəkkür və bəşəri ideyaları ilə tanınan dövlət başçımızın bu gün regionun taleyini müəyyən edən, tarixini yenidən yazan öndərliyi ilə bütün Azərbaycan xalqı, ölkə dindarları qəlbən fəxr edirlər. Azərbaycan cəmiyyəti və dünya ictimaiyyəti Sizin beynəlxalq müstəvidə fəal addımlarınızı, dəyərli ideya və təşəbbüslərinizi yüksək qiymətləndirir.
Zati-aliləriniz Böyük Qarabağ Zəfərinin ardınca Azərbaycan xalqına qlobal siyasi-diplomatik müstəvidə tarixi əhəmiyyətli qələbələr və nüfuzlu beynəlxalq mükafatların qürurunu bəxş etməkdəsiniz. Din xadimi olaraq fəxarət duyuram ki, Azərbaycanın nümunəvi dinlərarası əməkdaşlıq, multikulturalizm və məzhəblərarası anlaşma modeli dünya miqyasında təqdir olunur və bu,
Zati-alilərinizin müasir, müdrik dövlətçilik siyasətinin bəhrələridir. Azərbaycanın dünya miqyasında məzhəblərarası anlaşma mərkəzi olaraq seçilməsi təklifi, nüfuzlu Müsəlman Ağsaqqalları Şurasının Şərqi Avropa və Qafqaz regionu üzrə nümayəndəliyinin məhz Bakıda təsis olunması barədə qərarı Zati-alilərinizin rəhbərlik etdiyi Azərbaycan dövlətinin müsəlman dünyasında aparıcı mövqeyi və İslam həmrəyliyi müstəvisində Cənabınızın dəyərli xidmətlərinin təqdir və etirafıdır. Xalqımız yeni siyasi, iqtisadi zirvələrlə yanaşı mənəvi zəfərləri bizlərə qazandıran Müzəffər Lideri ilə böyük qürur duyur!
Möhtərəm cənab Prezident! Ölkə dindarlarının iradəsini ifadə edərək, Qurani-Şərifin nazil olduğu mübarək Ramazan bayramı və əziz el bayramımız Novruz münasibətilə səmimi təbriklərimi və dərin ehtiramımı Zati-alilərinizə və möhtərəm ailənizin üzvlərinə ifadə edir, Azərbaycan xalqının və dövlətçiliyinin tərəqqisi naminə gördüyünüz bütün işlərə Uca Yaradanımızdan rəvac diləyir, ən xoş arzularımı yetirirəm. Dualarımız Sizinlədir, cənab Prezident! Uca Rəbbimiz hər zaman Sizi qorusun, yardımçınız olsun! Qoy Ulu Yaradan öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin! Amin!
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri.