19 mart 2026, 18:01

Mədəniyyət və incəsənət xadimlərindən, Naxçıvan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunması, bərpası, tanıdılması və gələcək nəsillərə çatdırılması istiqamətində Ulu Öndərin parlaq siyasi xəttinin işığında davam etdirdiyiniz, milli iradəmizin təcəssümü olan ardıcıl və məqsədyönlü siyasətiniz mədəniyyət ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Qeyd etmək istəyirik ki, muxtar respublikada olan tarixi, təbii və mədəni irsimizin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq siyahılara daxil edilməsi aparılan işlərin nəticəsidir. Bu baxımdan 2025-ci ildə "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi" UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına, 2026-cı ildə isə Qədim Ordubad şəhərinin ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilməsi ölkəmiz üçün mühüm və əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm amildir. Fəxrlə ifadə edə bilərik ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində bu uğurlara nail olunub.

Naxçıvan şəhərində yerləşən və Azərbaycan memarlıq məktəbinin ən möhtəşəm nümunələrindən biri olan Möminə xatun türbəsinin bərpası ilə bağlı imzaladığınız növbəti sərəncam milli-mədəni irsimizə göstərdiyiniz yüksək diqqət və qayğının bariz təzahürüdür. XII əsrə aid bu nadir memarlıq abidəsinin qorunması və bərpası təkcə Azərbaycanın deyil, ümumilikdə dünya memarlıq irsinin zənginləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu abidənin varlığı Naxçıvanın qədim türk yurdu olmasını, burada yaşayan insanların dünyagörüşünün, elminin və sənətkarlığının yüksək səviyyədə olduğunu sübut edir. Bu baxımdan abidənin qorunması və əvvəlki vəziyyətinə qaytarılması yalnız ölkəmizdə deyil beynəlxalq platformalarda da diqqət cəlb edən əhəmiyyətli hadisədir.

Möhtərəm cənab Prezident!

Möminə xatun türbəsinin bərpasına göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirir, milli-mədəni irsimizin qorunması naminə həyata keçirdiyiniz bu mühüm fəaliyyətə görə sonsuz minnətdarlığımızı ifadə edirik. Sizə möhkəm cansağlığı, Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz ali fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Hörmətlə,

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və incəsənət xadimləri

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.