19 mart 2026, 12:15

Elsevər Əsədovdan, Naxçıvan, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Tarixin bütün dövrlərində Azərbaycan torpaqları yadelli qüvvələrin diqqət mərkəzində olmuş, düşmənlər daim bu müqəddəs torpaqlara göz dikmişlər. Müxtəlif əsrlərdə torpaqlarımız parçalanmış, xalqımız ağır sınaqlardan keçmiş, lakin heç vaxt milli ruhunu, dövlətçilik ənənələrini və azadlıq əzmini itirməmişdir. Bu sarsılmaz iradənin nəticəsidir ki, bu gün Azərbaycan müstəqil, güclü və qürurlu bir dövlət kimi dünya ölkələri sırasında layiqli yerini tutur.

Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dövlətçiliyinin möhkəm təməlləri qoyulmuş, ölkəmiz xaosdan sabitliyə, zəiflikdən gücə doğru böyük yol keçmişdir. Bu siyasi kursun Sizin tərəfinizdən qətiyyətlə və uğurla davam etdirilməsi isə Azərbaycanı regionun ən qüdrətli dövlətlərindən birinə çevirmişdir. Sizin güclü liderliyiniz, dərin zəkanız, siyasi iradəniz və xalqınıza olan sonsuz bağlılığınız nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilmiş, ərazi bütövlüyümüz təmin olunmuş, üçrəngli bayrağımız azad edilmiş bütün torpaqlarımızda qürurla dalğalanmışdır.

Bu gün Azərbaycanın sürətli inkişafı, artan nüfuzu və beynəlxalq aləmdə qazandığı hörmət dostlarımızı sevindirdiyi qədər, təəssüf ki, bizi istəməyən qüvvələri narahat etməkdədir. Tarixən bizə qarşı düşmən münasibətdə olan bəzi dairələr bu gün də öz çirkin niyyətlərindən əl çəkmir, müxtəlif yollarla ölkəmizin inkişafına mane olmağa, torpaqlarımıza və sərvətlərimizə göz dikməyə çalışırlar. Lakin onlar unudurlar ki, artıq qarşılarında zəif deyil, güclü, müasir və qətiyyətli Azərbaycan dövləti dayanır.

Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu siyasət nəticəsində bu cür təhdidlərə layiqli cavab verilir, ölkəmizin təhlükəsizliyi və inkişafı təmin olunur. Sizin ən böyük məqsədinizin Azərbaycan xalqının rifahını yüksəltmək, vətəndaşlarımızın daha firavan, daha təhlükəsiz və daha ləyaqətli həyat sürməsini təmin etmək olduğu hər addımınızda aydın şəkildə hiss olunur.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının tarix boyu üzləşdiyi çətinliklər, uzun illər blokada şəraitində yaşaması, iqtisadi və kommunikasiya baxımından məhdudiyyətlərlə qarşılaşması hər bir azərbaycanlının ürəyində dərin iz buraxmışdır.

Məhz belə bir həssas məqamda Naxçıvana qarşı törədilən xain dron hücumuna dərhal verdiyiniz qətiyyətli reaksiya bizlərdə böyük qürur və inam hissi yaratdı. Bu reaksiya bir daha göstərdi ki, Azərbaycan dövləti öz hər bir vətəndaşının, hər bir qarış torpağının keşiyində qətiyyətlə dayanır və heç bir təhdidə göz yummur.

Zəngəzur dəhlizinin açılması ilə bağlı ümidverici xəbərlərin gündəmdə olduğu bir dövrdə, Naxçıvan üzərindən aparılan məkrli oyunlara qarşı Sizin nümayiş etdirdiyiniz prinsipial mövqe yalnız naxçıvanlıları deyil, bütün Azərbaycan xalqını qürurlandırdı. Bu, həm də onu göstərdi ki, ölkəmizin milli maraqları Sizin üçün hər şeydən üstündür və bu maraqların qorunması istiqamətində heç bir güzəştə yer yoxdur.

Naxçıvanın illərlə çəkdiyi sıxıntıları yaxından bilən bir vətəndaş kimi böyük inamla deyə bilərəm ki, Sizin rəhbərliyinizlə bu diyarın gələcəyi daha da parlaq olacaq. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın blokadadan çıxması, iqtisadi və sosial inkişafının sürətlənməsi, regionun mühüm logistika və ticarət mərkəzlərindən birinə çevrilməsi qaçılmazdır.

Cənab Prezident,

Sizin apardığınız uğurlu siyasət, xalqımıza verdiyiniz dəyər, dövlətimizin güclənməsi naminə göstərdiyiniz fədakarlıq hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir. Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşərək bu yolu qətiyyətlə davam etdirir və əmindir ki, ölkəmizin gələcəyi Sizin rəhbərliyinizlə daha da işıqlı, daha da güclü olacaqdır.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayır, Uca Tanrıdan Azərbaycan dövlətini və xalqını daim qorusunu diləyirəm.

Dərin hörmət və ehtiramla,

Əsədov Elsevər, Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.