Elşən Uluxanlıdan, Bakı, Azərbaycan
Hörmətli Cənab Prezident!
44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixində şanlı və qürurverici bir səhifə kimi əbədi olaraq qalacaqdır. Sizin qətiyyətli rəhbərliyiniz və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycan Ordusu 30 ildən artıq işğal altında qalmış torpaqlarımızı azad edərək xalqımıza möhtəşəm Qələbə sevincini yaşatdı. Bu müharibə zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda canından və qanından keçən igid oğullarımız böyük qəhrəmanlıq nümunəsi göstərərək tariximizin ən parlaq səhifələrindən birini yazdılar.
Bu şərəfli savaşda iştirak edərək torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuş, Vətənə sədaqət və qəhrəmanlıq nümunəsi göstərmiş qazilərə göstərilən qayğı hamı tərəfindən yüksək qiymətləndirilir. Bu yaxınlarda Ağstafa rayonunun Yenigün kənd sakini, qazi Kənan Aşırovun vəfatı ilə bağlı keçirilən dəfn və yas mərasiminin təşkili zamanı göstərilən diqqət və qayğı da bizdə böyük qürur hissi və dərin minnətdarlıq hissi doğurmuşdur.
Belə kədərli və ağır günlərdə şəhid və qazilərimizin ailələrinə mənəvi dayaq olmaq, onların dərdinə şərik çıxmaq böyük insanlıq nümunəsi olmaqla yanaşı, dövlətimizin öz qəhrəman övladlarına verdiyi yüksək dəyərin bariz təzahürüdür. Sizin rəhbərliyinizlə həyata keçirilən sosial və mənəvi dəstək siyasəti nəticəsində şəhid və qazilərimizin ailələri daim dövlətin diqqət və qayğısını hiss edir.
Bu münasibət bir daha sübut edir ki, Vətən uğrunda döyüşən qəhrəmanlarımızın xatirəsi Azərbaycan dövlətində hər zaman uca tutulur. Sizin rəhbərliyinizlə ölkəmizdə şəhid və qazilərimizin xatirəsinin daim əziz tutulması, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin ən mühüm və prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Sizin rəhbərliyinizlə ölkəmizdə qəhrəmanlarımızın xatirəsinə göstərilən yüksək ehtiram, onların ailələrinə göstərilən diqqət və qayğı cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır və hər bir azərbaycanlıda qürur hissi yaradır. Qəhrəman Vətən övladlarının xatirəsinə göstərilən hörmət və ehtiram yalnız onların ailələri üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün böyük mənəvi təsəlli və qürur mənbəyidir. Bu münasibət xalqımızın birlik və həmrəylik ruhunu daha da möhkəmləndirir, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verir.
Rəhbəri olduğum Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin üzvləri və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirir, dövlətimizin qüdrətinin daha da artması və xalqımızın rifahı naminə həyata keçirdiyiniz şərəfli daxili və xarici fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni uğurlar arzulayıram.
Əminik ki, Sizin müdrik və qətiyyətli rəhbərliyiniz altında Azərbaycan dövləti daha da güclənəcək, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi isə daim uca tutulacaqdır.
Hörmətlə,
Uluxanlı Elşən Aydın oğlu, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma
İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.