18 mart 2026, 17:15

Mustafa Qasımzadədən, Ankara, Türkiyə

Hörmətli cənab Prezident,

Mən "2022–2028-ci illər üzrə Dövlət Proqramı" təqaüdü ilə Orta Doğu Texniki Universitetinin Kompüter mühəndisliyi ixtisasında təhsil alan tələbəyəm, eyni zamanda, WINS laboratoriyasında şəbəkə müdafiəsi və IoT təhlükəsizliyi üzrə tədqiqat aparıram.

Bu il mart ayında Tokioda keçirilən "Nikkei Messe" texnologiya forumunda iştirak etdim. On gün ərzində şəhərin rəqəmsal infrastrukturunu bir mühəndis gözü ilə sistemli şəkildə izlədim.

Dünyanın texnoloji paytaxtı sayılan Tokioda gördüklərimdən sonra Bakıya qayıdarkən öz şəhərimə yeni nəzərlərlə baxdım. ASAN xidmət və myGov platforması BMT və Dünya Bankı tərəfindən nümunə göstərilən e-hökumət modelidir. Metro və avtobuslarda həm BakıKart, həm də bank kartları ilə inteqrasiya olunmuş tam təmassız ödəniş sistemi, eləcə də BYD elektrik avtobusları bir çox Qərb və Şərq paytaxtının hələ nail ola bilmədiyi standartdır. Ölkə miqyasında geniş yayılmış mobil bankçılıq və tam rəqəmsal ödəniş mədəniyyəti artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bakının Təhlükəsizlik İdarəetmə Mərkəzi və Smart City platforması isə şəhər idarəetməsində dünyanın bir çox paytaxtından irəlidədir.

Bu müqayisə məndə bir qənaət formalaşdırdı: Azərbaycan rəqəmsal inkişaf sahəsində texnologiyanı təqlid edən deyil, öz modelinə örnək olan ölkəyə çevrilib. Bunu Tokio ilə müqayisədə öz gözlərimlə gördüm.

Ölkəmizin bu inkişafını görüb fəxr etdiyim üçün, həm bu mənzərəni mənə göstərən imkana — Dövlət Proqramı təqaüdünə, həm də bu inkişafı mümkün edən dövlət siyasətinə görə Sizə təşəkkür edirəm. Təhsilimi tamamladıqdan sonra şəbəkə təhlükəsizliyi sahəsindəki biliklərimi ölkəmizin rəqəmsal suverenliyinin qorunmasına yönəltmək ən böyük hədəfimdir.

Hörmətlə,

Qasımzadə Mustafa, Orta Doğu Texniki Universitetinin tələbəsi

Türkiyə Respublikası, Ankara şəhəri.