18 mart 2026, 17:10

Yusif Hüseynovdan, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Mart ayının 5-də Naxçıvan Muxtar Respublikası ərazisinə İran tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmiş hücumla bağlı nümayiş etdirdiyiniz qətiyyətli mövqe, Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyiniz dərin məzmunlu çıxışınız bütün naxçıvanlılar üçün böyük mənəvi dayaq və təsəlli olmuşdur. Bu mövqe bir daha təsdiq etdi ki, Naxçıvanın və onun sakinlərinin arxasında qüdrətli Azərbaycan dövləti, onun sarsılmaz siyasi iradəsi və yenilməz Lideri dayanır. Bu həssas məqamda nümayiş etdirdiyiniz yüksək qətiyyət hər bir naxçıvanlının qəlbində sonsuz minnətdarlıq və qürur hissi yaratmışdır.

Bütün naxçıvanlılar adından Naxçıvan Muxtar Respublikasına göstərdiyiniz ardıcıl diqqətə və yüksək qayğıya, onun təhlükəsizliyinin və müdafiəsinin təmin olunması istiqamətində ortaya qoyduğunuz sarsılmaz iradə və möhkəm qətiyyətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin qayğınız, qətiyyətli siyasətiniz və prinsipial mövqeyiniz hər bir naxçıvanlının gələcəyə inamını daha da möhkəmləndirir, onları ölkəmizin inkişafı naminə daha böyük əzmlə çalışmağa, qurub-yaratmağa və dövlətçiliyimizə sədaqətlə xidmət etməyə ruhlandırır.

Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan bundan sonra da yeni-yeni uğurlara imza atacaq, dövlətimizin qüdrəti daha da artacaq, xalqımızın rifahı və təhlükəsizliyi daha yüksək səviyyədə təmin olunacaqdır. Biz də öz növbəmizdə böyük məsuliyyət və səylə çalışmağı, Sizin xalqımız və dövlətimiz naminə həyata keçirdiyiniz ali amala layiq olmağı özümüz üçün şərəfli vəzifə hesab edirik.

Uca Tanrıdan diləyimiz budur ki, Sizi və doğmalarınızı qorusun, Azərbaycan dövlətinin daha da güclənməsi, xalqımızın rifahı və ölkəmizin parlaq gələcəyi naminə həyata keçirdiyiniz şərəfli fəaliyyətinizə daim uğur və bərəkət nəsib etsin.

Dərin hörmət və ehtiramla,

Hüseynov Yusif Hüseyn oğlu, fəlsəfə elmləri doktoru, dosent

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.