Elvin Nəsirovdan, Astara, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Dərin hörmət və sonsuz qürur hissi ilə Sizə müraciət edərək bildirmək istəyirəm ki, Sizin dünyanın ən nüfuzlu və yüksələn liderləri sırasında göstərilməyiniz hər bir Azərbaycan vətəndaşı kimi mənim və ailəmin də qəlbini sevinc və fəxarət hissi ilə doldurmuşdur. ABŞ-ın milli təhlükəsizlik üzrə aparıcı eksperti James Jay Carafano tərəfindən “X” sosial şəbəkəsində yayılan və dünyanın ən nüfuzlu liderlərinin adlarının yer aldığı siyahıda Sizin adınızın xüsusi yer tutması Sizin uzaqgörən siyasətinizin, qətiyyətli liderliyinizin və Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun bariz göstəricisidir.
Həmin siyahıda Sizinlə yanaşı Donald Trump Javier Milei, Giorgia Meloni, Narendra Modi kimi dünya siyasətində mühüm rol oynayan liderlərin də adlarının çəkilməsi bu siyahının nə qədər nüfuzlu olduğunu göstərir. Lakin qeyd etmək istəyirəm ki, Sizin bu siyahıda yer almağınız bizim üçün sadəcə bir xəbər deyil, əslində bu, artıq çoxdan formalaşmış həqiqətin dünya tərəfindən bir daha etiraf olunmasıdır.
Cənab Prezident, Siz mənim və ailəmin qəlbində elə əvvəldən dünyanın ən güclü və ən nüfuzlu liderlərindən biri kimi ucalmısınız. Beynəlxalq ekspertlərin bu həqiqəti dilə gətirməsi bizim qürur hissimizi daha da artırır və Azərbaycan vətəndaşı olaraq başımızı daha da dik tutur.
Mən Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olaraq Sizin Ali Baş Komandanlığınız altında Vətənə xidmət etməyi həyatımın ən böyük şərəfi hesab edirəm. Sizin müdrik rəhbərliyiniz, qətiyyətli iradəniz və xalqımıza bəxş etdiyiniz möhtəşəm Qələbə hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq şanlı tarixdir.
Bu sevindirici xəbər münasibətilə ailəm adından da Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Ailəmizin hər bir üzvü Sizin rəhbərliyinizlə Azərbaycanın gündən-günə güclənməsi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun daha da artması və xalqımızın rifahının yüksəlməsi ilə daim qürur duyur. Biz inanırıq ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövləti bundan sonra da daha böyük uğurlara imza atacaq, bayrağımız dünya səmasında daha uca zirvələrdə dalğalanacaqdır.
Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayır, Uca Allahdan Sizə və ailənizə daim sağlamlıq və qüvvət diləyirəm. Qoy Uca Tanrı Sizi qorusun, Azərbaycan xalqının rifahı və dövlətimizin daha da qüdrətlənməsi naminə həyata keçirdiyiniz bu şərəfli missiyada Sizə daim yardımçı olsun.
Dərin hörmət və ehtiramla,
Nəsirov Elvin Eynulla oğlu, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı
Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.