Afət Vəliyevadan, Naxçıvan, Azərbaycan
Möhtərəm cənab Prezident!
Biz naxçıvanlılar hər zaman dövlətimizin və xalqımızın birliyini, ölkəmizdə hökm sürən sabitliyi və əmin-amanlığı yüksək tutmuş, bu dəyərlərin qorunmasını özümüz üçün ən ali vətəndaşlıq borcu hesab etmişik. Azərbaycanın hər bir bölgəsində olduğu kimi, qədim diyarımız Naxçıvanda da dövlətimizin gücü, xalqımızın birliyi və Sizin qətiyyətli siyasətiniz nəticəsində sabitlik və təhlükəsizlik etibarlı şəkildə təmin olunur.
Mən bir şəhid bacısı olaraq, mart ayının 5-də baş verən gözlənilməz hadisə zamanı qədim yurdumuz Naxçıvana göstərdiyiniz diqqətə və məsələyə dərhal həssas münasibət göstərərək təcili tədbirlərin görülməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizin rəhbərliyinizlə dövlətimizin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğı bizim üçün ən böyük mənəvi dayaqdır. Bu münasibət bizə həm təsəlli verir, həm də şəhidlərimizin əziz xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulduğunu göstərir. Bu diqqət və qayğı eyni zamanda bizdə Vətənimizin daha da güclənəcəyinə, Azərbaycanın hər zaman qalib və qüdrətli dövlət olaraq inkişaf edəcəyinə olan inamı daha da möhkəmləndirir.
Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz şərəfli və məsuliyyətli fəaliyyətinizdə daimi uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Vəliyeva Afət, şəhid bacısı.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi.