12 mart 2026, 10:54

Arif Ağalarovdan, Naxçıvan, Azərbaycan

Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident!

Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan Naxçıvan diyarı tarixin bütün dövrlərində öz strateji əhəmiyyətini qoruyub saxlamışdır. Buna görə tarix boyu Naxçıvana xüsusi diqqət ayrılmış, iqtisadi-siyasi mərkəz kimi bölgənin inkişafına önəm verilmişdir. Naxçıvanın əhəmiyyətini nəzərə alan Azərbaycanın hökumət və dövlət başçıları XX yüzillik boyu və müstəqilliyimizin bərpasından sonrakı dövrdə də ərazinin xarici təsirlərdən mühafizə olunmasında qətiyyət göstərmişdirlər. 1990-cı ildən sonrakı illərdə ümummilli lider Heydər Əliyevin Naxçıvanda siyasi fəaliyyətə başlaması, Azərbaycan dövlətçiliyinin atributları ilə bağlı mühüm qərarların bu diyarda qəbul edilməsi yaşadığımız bölgənin təkcə Azərbaycan üçün deyil, ümumilikdə bütün Qafqaz üçün nə dərəcədə əhəmiyyət daşıdığından xəbər verir.

Sizin rəhbərliyiniz altında atılan addımlar Azərbaycan Respublikası regionlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin və dövlət müəssisələrinin yaradılması, kommunal və sosial infrastrukturun artırılmasının yüksəldilməsi ilə nəticələnmişdir.

Sizin apardığınız məqsədyönlü siyasət nəticəsində Azərbaycan dövlətinin iqtisadi və siyasi sahədə əldə etdiyi uğurlar Naxçıvan Muxtar Respublikasına da geniş təsir göstərmişdir. Belə ki, dünya dövlətlərinin, o cümlədən türk dövlətlərinin Azərbaycanla bağlı iqtisadi və siyasi görüşlərində Naxçıvana önəm verilməsi, Naxçıvanın bir çox mötəbər toplantılara ev sahibliyi etməsi, 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi və başqa bu qəbildən olan göstəricilər Naxçıvanın əhəmiyyətindən xəbər verməkdədir.

Sizin diqqət və qayğınızın nəticəsində Naxçıvan Muxtar Respublikasının bütün şəhər və kəndləri, o cümlədən Naxçıvan şəhəri geniş quruculuq və abadlıq işlərinin həyata keçirildiyi bir məkana çevrilmişdir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi haqqında Sərəncamınız muxtar respublikanın hərtərəfli inkişafına xüsusi diqqətinizin olduğundan xəbər verir.

Son illərdə muxtar respublika ərazisində iqlimin kəskin quraq keçməsi, içməli suya tələbatın artması, yaranmış çətinliyin aradan qaldırılması ilə bağlı Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam Sizin muxtar respublika əhalisinin bütün qayğıları ilə daim maraqlanmağınız və hər zaman bölgənin iqtisadi baxımdan inkişaf etdirlməsinə diqqətinizin bariz nümunəsidir.

Son günlərdə dünyada baş verən hərbi münaqişələr Sizin diqqət mərkəzinizdədir. Yaşadığımız regionun strateji əhəmiyyəti, dövlətlərarası kommunikasiyaların mövcudluğu, Azərbaycanın bu mənada əhəmiyyəti Sizin siyasi kursunuzun əsas prioritetidir. Artan münaqişələr fonunda ölkəmizə olacaq hər hansı təhlikəyə qarşı aldığınız önləmlər hər bir Azərbaycan vətəndaşında sülhün daim bərqərar olacağına əminlik yaradıb. Bu günlərdə Naxçıvan ərazisindəki mülki obyektlərə edilmiş dron hücumları, yaranmış situasiya ilə bağlı çıxışınız və verdiyiniz tapşırıqlar Sizin bütün dünyaya qətiyyətinizi bir daha sübut etmiş oldu.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana göstərdiyiniz xüsusi diqqət və qayğıya görə bu bölgədə yaşayan ziyalılar adından Sizə öz dərin minnətdarlığımızı ifadə edir, hər zaman Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik.

Dərin hörmətlə,

Ağalarov Arif, Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.