Füzuli Rzaquliyevdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident, möhtərəm Ali Baş Komandan!
Martın 5-də Sizin sədrliyinizlə keçirilmiş Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyiniz qətiyyətli və prinsipial mövqe Azərbaycan dövlətinin milli təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində sarsılmaz iradənin bariz ifadəsi kimi ölkəmizin bütün vətəndaşları tərəfindən böyük dəstək və qürur hissi ilə qarşılanmışdır. Sizin qətiyyətli çıxışınız bir daha göstərdi ki, Azərbaycan dövləti heç bir təzyiq və təhdid qarşısında geri çəkilməyəcək və xalqımızın təhlükəsizliyi naminə bütün zəruri addımları atmaq əzmindədir.
İran ərazisindən Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmiş hücum, mülki obyektlərin - Naxçıvan Beynəlxalq Hava Limanının, təhsil müəssisələrinin və digər infrastrukturun hədəfə alınması beynəlxalq hüququn kobud şəkildə pozulması və Azərbaycan dövlətinə qarşı yönəlmiş açıq təxribatdır. Bu cür addımlar bölgədə sülh və sabitliyə ciddi zərbə vurur və dövlətimizə qarşı məsuliyyətsiz və qəbuledilməz davranış kimi qiymətləndirilməlidir.
Respublikanın bütün rayon və şəhərlərində fəaliyyət göstərən şöbələri ilə birlikdə 91 500 nəfər üzvü öz sıralarında birləşdirən “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi bu hadisəni qətiyyətlə pisləyir və dövlətimizin milli maraqlarını qorumaq istiqamətində atdığı bütün addımları tam dəstəklədiyini bəyan edir. Birliyimiz Sizin Təhlükəsizlik Şurasının iclasında verdiyiniz tapşırıqları və səsləndirdiyiniz çağırışları rəhbər tutaraq təşkilatın üzvlərinin yüksək hazırlıq və səfərbərlik ruhunda fəaliyyət göstərməsi barədə qərar qəbul etmişdir. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin üzvləri Prezidentin və Ali Baş Komandanın çağırışına cavab olaraq bir nömrəli səfərbərlik vəziyyətinə gətirilmişdir və dövlətimizin təhlükəsizliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması naminə veriləcək bütün tapşırıqları yerinə yetirməyə hər an hazır olduqlarını bəyan edirlər.
Biz – Birinci Qarabağ müharibəsinin və 44 günlük Vətən müharibəsinin iştirakçıları, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda döyüşmüş veteranlar olaraq bəyan edirik ki, Ali Baş Komandanın rəhbərliyi altında formalaşmış qalib Azərbaycan Ordusunun gücü və xalqımızın sarsılmaz birliyi hər bir təhdidə layiqli cavab verməyə qadirdir. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü hər birimiz üçün müqəddəs dəyərdir və bu dəyərlərin qorunması naminə bütün imkanlarımızı səfərbər etməyə hazırıq.
Möhtərəm cənab Prezident, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi Sizin rəhbərliyinizlə həyata keçirilən qətiyyətli dövlət siyasətini tam dəstəklədiyini bildirir və Sizi əmin edir ki, dövlətimizin təhlükəsizliyi və milli maraqlarının qorunması naminə veriləcək bütün göstərişlərin icrasında hər zaman Azərbaycan Ordusunun və dövlətimizin yanında olacaqdır.
Azərbaycan xalqı Sizin rəhbərliyinizlə əldə etdiyi tarixi Qələbənin ruhunu yaşadır və əmindir ki, dövlətimizin gücü, ordumuzun qüdrəti və xalqımızın birliyi qarşısında heç bir təhdid davamlı ola bilməz.
Ulu Tanrı Azərbaycanı, Ordumuzu və Sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Füzuli Rzaquliyev,
“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.