06 mart 2026, 17:55

Abbasəli Tarverdiyevdən, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev!

Naxçıvan Muxtar Respublikasında yaşayan sakin kimi, İran tərəfindən Naxçıvan Muxtar Respublikasının hava limanına və Şəkərabad kənd məktəbinə həyata keçirilən dron hücumu xəbəri bizə dərin narahatlıq və qəzəb hissi bəxş etdi. Bu cür təxribat xarakterli addımlar təkcə ölkəmizin təhlükəsizliyinə deyil, eyni zamanda bölgədə sabitliyə qarşı yönəlmiş ciddi təhdiddir.

Sizin sədrliyinizlə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin təhlükəsizliyinin təmin olunması və belə təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində verilən qərarları böyük dəstək və inamla qarşılayırıq.

44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, xalq-ordu birliyinin sarsılmazlığını və “Dəmir yumruğ”un hər zaman hazır vəziyyətdə olduğunu bir daha gördük.

Vətən müharibəsinin qazisi, ehtiyatda olan baş leytenant kimi bildirirəm ki, daim Sizin əmr və sərəncamlarınıza müntəzirik, dövlətimizin təhlükəsizliyi naminə üzərimizə düşən vəzifələri yerinə yetirməyə hər zaman hazırıq.

Hörmətlə,

Abbasəli Tarverdiyev,

Vətən müharibəsi qazisi, ehtiyatda olan baş leytenant

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək şəhəri.