Xaricdə fəaliyyət göstərən Azərbaycan evlərinin nəzdindəki həftəsonu ana dili məktəblərinin kollektivi adından, Niderland
Hörmətli cənab Prezident,
Sizin rəhbərliyiniz və təşəbbüsünüz nəticəsində Azərbaycan dili və milli-mənəvi dəyərlərimizin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Xaricdə fəaliyyət göstərən həftəsonu Azərbaycan məktəblərinə göstərilən diqqət və qayğı isə dövlətimizin soydaşlarımızla mənəvi bağlılığına və milli kimliyimizin qorunmasına verdiyi əhəmiyyətin açıq ifadəsidir.
5 yanvar 2026-cı il tarixində Azərbaycan televiziya kanallarına verdiyiniz müsahibədə Azərbaycan dilinin və ədəbi dilin saflığının qorunması ilə bağlı səsləndirdiyiniz mühüm fikirlər bu istiqamətdə dövlət siyasətinin əsas prinsiplərinin bir daha cəmiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşımışdır. Bu yanaşma xaricdə yaşayan azərbaycanlı ailələr və müəllimlər üçün də mühüm istiqamətverici məna daşıyır.
Sizin və hörmətli Mehriban xanımın xaricdə yaşayan azərbaycanlı uşaqlara göstərdiyi diqqət və qayğı nəticəsində bu istiqamətdə real və davamlı imkanlar formalaşmışdır. Bu, yalnız təhsilin keyfiyyətinin yüksəldilməsi deyil, həm də dünya azərbaycanlılarının övladları arasında Azərbaycanla mənəvi bağların möhkəmləndirilməsi deməkdir.
Hazırda 24 ölkədə fəaliyyət göstərən Azərbaycan Evləri və müxtəlif diaspor təşkilatları nəzdində fəaliyyət göstərən 100-dən çox həftəsonu və Qarabağ məktəblərinin ana dili müəllimləri adından bildiririk ki, xaricdə yaşayan soydaşlarımız arasında ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunması və təbliği ilə bağlı verdiyiniz tövsiyə və tapşırıqları rəhbər tutaraq, 2022-ci ildə Niderland Krallığında “Milli Dilli” layihəsinin icrasına başlanılmışdır. “Milli Dilli” layihəsi xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün Azərbaycan dilinin və milli dəyərlərimizin müasir üsullarla tədrisini təmin edən vahid rəqəmsal platforma kimi fəaliyyət göstərir, eyni zamanda xaricdə fəaliyyət göstərən müəllimlər arasında koordinasiyanı gücləndirir, sistemli əməkdaşlıq və təcrübə mübadiləsi mühitini formalaşdırır. Hazırda 13 ölkəni təmsil edən müəllimlər artıq layihənin imkanlarından yararlanır. Layihənin mərhələli şəkildə genişləndirilməsi və gələcəkdə bütün məktəbləri əhatə etməsi nəzərdə tutulur ki, bu da müəyyən etdiyiniz prioritetlərin ardıcıl və səmərəli şəkildə həyata keçirilməsinə xidmət edir.
Biz, xaricdə yaşayan azərbaycanlı ailələr və müəllimlər olaraq, övladlarımızın öz köklərinə bağlı böyüməsi, ana dilində düşünməsi və milli kimliyini qürurla daşıması üçün yaratdığınız şəraitə görə Sizə səmimi təşəkkürümüzü və dərin ehtiramımızı bildiririk. Eyni zamanda, hörmətli Mehriban xanımın bu sahəyə göstərdiyi xüsusi diqqəti yüksək qiymətləndirir və bu ali missiyaya verilən dəstəyin gələcək nəsillərin milli-mənəvi formalaşmasında mühüm rol oynayacağına əminliyimizi ifadə edirik.
İnanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan dili və milli dəyərlərimizin qorunması istiqamətində həyata keçirilən siyasət bundan sonra da dünya azərbaycanlılarının birliyini daha da möhkəmləndirəcəkdir.
Xaricdə fəaliyyət göstərən Azərbaycan evlərinin nəzdindəki həftəsonu ana dili məktəblərinin kollektivi adından dərin hörmət və ehtiramla,
Sevinc Əliyeva,
“Milli Dilli” layihəsinin müəllifi və rəhbəri
Niderland Krallığı.