18 fevral 2026, 13:15

6 nömrəli tam orta məktəbin kollektivindən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi “Zayed insan Qardaşlığı Mükafatı"na layiq görülməyiniz münasibətilə İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi adından səmimi-qəlbdən təbrik edirik.

Bu möhtəşəm beynəlxalq mükafat yalnız Sizin humanizmə, sülhə, qarşılıqlı hörmətə və dialoqa sadiqliyinizin tanınması ilə yanaşı dünyaya çatdırır ki, Azərbaycan lideri münaqişələrdə ədalət, münasibətlərdə qarşılıqlı etimad və idarəetmədə uzaqgörənlik prinsipinə əsaslanır. Müasir dünyanın mürəkkəb çağırışları, gərginlikləri və böhranları fonunda Sizin təşəbbüsləriniz xalqlar arasında dostluğun möhkəmləndirilməsinə, mədəniyyətlər arası dialoqun dərinləşməsinə və sülhün qalıcı ideyalarının yayılmasına misilsiz töhfələr verir. Bu ali nailiyyət Sizin şəxsi zəhmətinizin nəticəsi, eyni zamanda Azərbaycan xalqının qlobal səhnədə nüfuzunun və hörmətinin rəmzidir.

Cənab Prezident, Sizin Qafqaz bölgəsində və onun hüdudlarından kənarda sülhün, sabitliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü siyasət regionda təhlükəsizlik mühitinin möhkəmlənməsinə, dövlətlər arasında əməkdaşlığın genişlənməsinə və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin inkişafına güclü zəmin yaradır. Sizin müdrik və uzaqgörən rəhbərliyiniz təkcə Azərbaycanın deyil, bütövlükdə regionun sabit, firavan və gələcəyə ümidlə baxan bir məkana çevrilməsinə xidmət edir.

Eyni zamanda ölkəmizdə təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsi olaraq qeyd etmək istərdik ki, doğma məktəbimiz - İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbi yeni, müasir təhsil binasının inşası Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşmışdır. Beş korpusdan ibarət, 720 şagird yerlik bu möhtəşəm təhsil ocağı gənc nəslin bilik, bacarıq və potensialının hərtərəfli inkişafına geniş imkanlar açır. Məktəbin nəzdində fəaliyyət göstərən və bütün yaş qruplarını əhatə edən STEAM mərkəzində şagirdlər elmi və texniki bilikləri praktik məşğələlər vasitəsilə gündəlik həyatda tətbiq etməyi öyrənir, yaradıcılıq və innovativ düşüncə vərdişlərini mənimsəyirlər. Müasir laboratoriyalar, fənn kabinetləri, idman zalları və açıq idman meydançası ilə təchiz edilmiş bu məktəb binası gənc nəslin intellektual və fiziki inkişafına xidmət edir, onları gələcəyin liderləri, tədqiqatçıları və yaradıcılıq baxımından zəngin şəxsiyyətləri kimi formalaşdırır.

Cənab Prezident, Sizi bir daha bu mötəbər beynəlxalq mükafata layiq görülməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı dövlətimiz və xalqımız naminə həyata keçirdiyiniz bütün fəaliyyətlərdə davamlı uğurlar, misilsiz səadət və xoşbəxtlik arzulayırıq. Sizin uzaqgörən və müdrik liderliyiniz yalnız bu günümüzü deyil, gələcək nəsillərin yolunu da işıqlandırır və Azərbaycan dünya dövlətləri arasında hörmətli, nüfuzlu və etibarlı bir dövlət kimi təqdim edir.

Hörmətlə,

İsmayıllı şəhər Natiq Behdiyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi

Azərbaycan Respublikası, İsmayıllı rayonu.