Səfər Əlirzayevdən, Naxçıvan, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan həqiqətlərini qətiyyətlə və yüksək diplomatik məharətlə müdafiə etməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizin prinsipial mövqeyiniz və milli maraqlarımızı beynəlxalq tribunalarda inamla qorumağınız hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir.
Konfrans zamanı regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səsləndirdiyiniz fikirlər, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə bir daha çatdırılması dövlətimizin gücünü və artan nüfuzunu növbəti dəfə nümayiş etdirdi.
Eyni zamanda, Serbiya səfəriniz çərçivəsində keçirilən görüşlər və əldə olunan razılaşmalar ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Qarşılıqlı hörmət və etimada əsaslanan bu münasibətlər Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir.
Sizin rəhbərliyinizlə həyata keçirilən müstəqil və qətiyyətli siyasət nəticəsində Azərbaycan bu gün regionun söz sahibi olan güclü dövlətinə çevrilmişdir. Xalqımız Sizinlə fəxr edir və dövlətimizin inkişafı naminə gördüyünüz bütün işlərə görə Sizə dərin minnətdarlığını bildirir.
Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan naminə həyata keçirdiyiniz şərəfli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Hörmətlə,
Səfər Əlirzayev
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Nehrəm kəndi.