Robert Mobilidən, Qəbələ, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin sərəncamla ölkəmizdəki dini qurumlara, o cümlədən Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına maliyyə yardımı göstərilməsinə görə icma üzvləri adından Sizə sonsuz təșəkkürümüzü bildirir, doğma Azərbaycanımızın tərəqqisi və firavan günlərə qovuşması naminə həyata keçirdiyiniz möhtəșəm işlərdə böyük uğurlar, möhkəm cansağlığı və uzun ömür arzulayırıq.
Bu gün Azərbaycan Sizin bacarıqlı və fədakar rəhbərliyiniz altında Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla və sürətlə irəliləyir, ölkəmizin xoşbəxt gələcəyinin təməli daha da möhkəmlənir. Sizin apardığınız siyasətin uğurunu təmin edən ən önəmli cəhət Ümummilli Liderimizin alternativsiz siyasi xəttinə sonsuz sədaqətiniz və Azərbaycan xalqının – ölkəmizdə yaşayan müxtəlif millətlərin və dinlərin mənsublarının inam və etimadını qazanmağınız, xalqa arxalanmağınızdır. Müasir Azərbaycan təkcə iqtisadi inkişafına və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və tolerantlığın səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövlətidir. Çünki ölkədə dini etiqad azadlığının və tolerantlıq prinsiplərinin təmin olunması, eyni zamanda milli-mənəvi dəyərlərimizin və müxtəlif konfessiyalara məxsus tarixi-dini abidələrimizin qorunması Sizin xüsusi diqqət mərkəzinizdədir.
Siz hər bir azərbaycanlının Prezidenti kimi dini, milli mənsubiyyətinə fərq qoymadan bütün ölkə vətəndaşlarının din və vicdan azadlığının etibarlı təminatçısısınız. Bu gün Zati-alilərinizin rəhbərliyi altında Azərbaycan dövləti, eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin və dini abidələrimizin himayəçisi kimi böyük tarixə malik məscid və ziyarətgahların, eləcə də kilsə və sinaqoqların bərpası sahəsində ardıcıl tədbirlər həyata keçirir. Məhz bunun nəticəsində Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana kilsəsi Fond tərəfindən əsaslı bərpa edilmiş və icmamıza istifadəyə verilmişdir. Bütün bunlar bizim, dini icma həyatında daha fəal iştirakımız üçün əsaslı zəmin və imkan yaratmışdır. İcmamızın nümayəndələri bu həqiqətləri daim xüsusi ehtiram, minnətdarlıqla vurğulayır və yüksək dəyərləndirir. Dövlət tərəfindən göstərilən bu qayğı və ehtiramın qarşılığında doğma vətənimizin tərəqqisi naminə Sizin ətrafınızda bundan sonra da sıx birləşəcəyik.
Möhtərəm Prezident, Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına maliyyə yardımı göstərilməsinə görə Sizə bir daha təșəkkürümüzü bildiririk və Azərbaycanın xoşbəxt gələcəyi naminə dəyərli fəaliyyətinizdə bundan sonra da yeni-yeni uğurlar arzulayırıq. Tanrı Sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Robert Mobili,
Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının sədri
Azərbaycan Respublikası, Qəbələ rayonu. Nic qəsəbəsi.