08 yanvar 2026, 18:05

Fərid Tağızadədən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycan Paralimpiya hərəkatının yaranması və sürətli inkişaf yoluna qədəm qoyması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz idmançılara, o cümlədən paralimpiyaçılara daim böyük diqqət və qayğı göstərmişdir. Hər bir idmançının, məşqçinin və bütövlükdə idman mütəxəssislərinin həyatında və fəaliyyətində hiss etdiyi bu diqqət və qayğını Siz yüksək səviyyədə davam etdirirsiniz.

Uğurlu idman siyasətinizin nəticəsidir ki, ölkəmizin idmançıları parlaq qələbələrə imza atırlar və Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, həmçinin bu il Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir. İdmançılarımız hər bir beynəlxalq yarışda qalib dövlətimizi təmsil etməyin qürurunu yaşayır və bu şərəfli təmsilçilik onları daim ölkəmizə yeni-yeni idman qələbələri qazandırmağa ruhlandırır.

Digər idman növlərinin təmsilçiləri kimi, biz, paralimpiya ailəsi də Sizin diqqət və qayğınızı, həssas münasibətinizi hər zaman hiss edirik. Uğur qazanan idmançılarımızın, məşqçilərimizin yüksək orden və medallarla təltif olunması, sosial müdafiəmizin gücləndirilməsi, maddi rifahımız üçün görülən ardıcıl tədbirlər bunun təzahürüdür. 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bir çox idmançılarla yanaşı, parataekvondo üzrə milli komandamızın baş məşqçisi kimi mənə də yeni mənzilin orderini təqdim etməyinizlə təkcə məni yox, bütün paralimpiya ailəsini sevindirdiniz. Əlbəttə, idmançı və məşqçi öz əməyinə ən ali səviyyədə yüksək qiymət verildiyini gördükdə sonsuz qürur hissi keçirir və daha böyük qələbələrə ruhlanır.

Parataekvondo üzrə milli komandamıza bu sevinc, fərəh hissini yaşatdığınıza, bizə daim həssas, qayğıkeş münasibətinizə görə komandamızın üzvləri adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

Sizi əmin edirik ki, yüksək inam və etimadınızı doğrultmaq üçün daha əzmkar olacaq, ölkəmizin yeni idman qələbələri naminə səylərimizi daim artıracağıq.

Hörmətlə,

Tağızadə Fərid Əvəz oğlu,

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin parataekvondo idman növü üzrə komandasının baş məşqçisi

Azərbaycan Respublikası, Bakı şəhəri.