Anar Sadiqovdan, Naxçıvan, Azərbaycan
Hörmətli cənab Prezident!
Mən, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən memar olaraq, Azərbaycan memarlıq sənətinin görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin irsinə göstərdiyiniz ardıcıl dövlət qayğısına görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında imzaladığınız Sərəncam, habelə onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində abidəsinin ucaldılması barədə qəbul etdiyiniz qərar Azərbaycan mədəni irsinin qorunması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan sərəncamlar bir daha təsdiq edir ki, milli-mədəni dəyərlərimiz dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmiş Yusif ibn Küseyir türbəsi və Möminə xatun türbəsi Azərbaycan memarlığının nadir inciləri olmaqla yanaşı, dünya memarlıq irsində də xüsusi yer tutur. Bu abidələrdə tətbiq edilmiş yüksək memarlıq həlli, dəqiq həndəsi kompozisiya, zəngin ornamental bəzək və milli üslub xüsusiyyətləri Naxçıvan memarlıq məktəbinin formalaşmasında həlledici rol oynamışdır. Bu gün də həmin irs müasir memarlıq düşüncəsi üçün mühüm elmi və yaradıcılıq mənbəyi hesab olunur.
Naxçıvan şəhərində Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması onun yaradıcılığının və Azərbaycan memarlıq tarixində tutduğu mövqenin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Bu qərar gənc memarların milli irsə bağlılıq ruhunda formalaşmasına, tarixi memarlıq ənənələrinin davam etdirilməsinə mühüm töhfə verəcəkdir.
Göstərdiyiniz bu yüksək diqqət və qayğıya görə Sizə bir daha dərin təşəkkürümü bildirir, Azərbaycan Respublikasının sosial-mədəni inkişafı naminə həyata keçirdiyiniz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və davamlı uğurlar arzulayıram.
Dərin hörmətlə,
Anar Sadiqov, gənc memar
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.