Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları

29 dekabr 2025, 15:49

Azərbaycan Respublikası Prezidentinin

2025-ci il 29 dekabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisəsi) illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqi, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.

1.2. Dövlət müəssisələrinin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqi, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

1.3. Dövlət müəssisələri bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan məlumatları və hesabatları Nazirliyə təqdim edirlər.

1.4. Mikro və kiçik sahibkarlıq subyekti olan dövlət müəssisələri Nazirliyə yalnız bu Qaydaların 4.1.4-cü yarımbəndində nəzərdə tutulan məlumatları təqdim edirlər.

1.5. Bu Qaydalar maliyyə təsisatları istisna olmaqla qeyri-kommersiya hüquqi şəxslərinə, uşaq evlərinə, sosial xidmət müəssisələrinə, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə, məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərinə, xüsusi təhsil müəssisələrinə, ailə tipli kiçik qrup evlərinə şamil edilmir.

1.6. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.6.1. büdcə layihəsi­ və proqnozu – dövlət müəssisəsinin ortamüddətli dövr üzrə (növbəti il rüblər üzrə tərtib edilməklə) bu Qaydaların 4.2-ci bəndində müəyyən olunmuş məlumatları özündə əks etdirən proqnoz göstəriciləri;

1.6.2. büdcə – dövlət müəssisəsinin növbəti il üzrə (rüblər üzrə tərtib edilməklə) bu Qaydaların 4.2-ci bəndində müəyyən olunmuş məlumatları özündə əks etdirən və dövlət müəssisəsinin idarəetmə orqanı tərəfindən təsdiq edilən maliyyə sənədi;

1.6.3. ictimai əhəmiyyətli xidmətlər göstərilməsi üzrə öhdəliklər – ictimai maraqların qorunması və ümumi rifahın təmin edilməsi məqsədilə dövlət müəssisəsinə qanunla və ya müqavilə ilə tapşırılan xidmətlərin göstərilməsi ilə bağlı dövlət müəssisəsinin xüsusi öhdəlikləri;

1.6.4. dövlət müəssisəsinin xarici törəmə müəssisəsi – xarici dövlətin qanunvericiliyi əsasında qeydiyyata alınmış və Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən dövlət müəssisəsi;

1.6.5. monitorinq – dövlət müəssisəsinin büdcə göstəricilərinin optimallaşdırılması üçün potensial imkanların müəyyən edilməsi məqsədilə dövlət müəssisəsinin büdcə layihəsi və proqnozları üzrə, həmçinin dövlət müəssisəsinin gəlir və xərc smetalarının icra vəziyyəti üzrə dövri müşahidənin aparılması prosesi;

1.6.6. təhlil – dövlət müəssisəsinin büdcə layihəsi və proqnozunun, həmçinin büdcəsinin icra göstəricilərinin qiymətləndirilməsi prosesi.

1.7. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunları ilə və digər normativ hüquqi aktlarla müəyyən olunmuş mənaları ifadə edir.

 

2. Monitorinqin və təhlilin məqsədləri

 

2.1. Dövlət müəssisələri üzrə monitorinqin və təhlilin məqsədləri aşağıdakılardır:

2.1.1. dövlət maliyyəsinin səmərəli idarə edilməsi;

2.1.2. dövlət müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması;

2.1.3. dövlət müəssisələrində uçot və hesabatlılığın təkmilləşdirilməsi;

2.1.4. korporativ maliyyə və əməliyyat risklərinin müəyyən edilməsi və bu risklərin dövlət maliyyəsinə təsir potensialının qiymətləndirilməsi;

2.1.5. dövlət müəssisələrinin mənfəətliliyinin artırılması və dövlət büdcəsi resurslarından asılılığının azaldılması;

2.1.6. ortamüddətli və uzunmüddətli dövrdə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları qarşısında yarana biləcək öhdəliklərin öncədən müəyyən edilməsi.

 

3. Dövlət müəssisələrinin büdcə layihələri və proqnozları

 

3.1. Dövlət müəssisələrinin növbəti il üzrə büdcə layihələri və proqnozları Nazirliyin müəyyən etdiyi formada hazırlanır və cari il iyulun 1-dək Nazirliyə təqdim olunur.

3.2. Nazirlik dövlət müəssisələrinin büdcə layihələrində və proqnozlarında dövlət maliyyəsinə təsir göstərə bilən əsaslı risklər aşkarladıqda həmin layihə və proqnozları dövlət müəssisələri ilə müzakirə edir. Müzakirələrin nəticələri protokollarla rəsmiləşdirilir.

3.3. Nazirlik təqdim olunmuş büdcə layihələrinin və proqnozlarının təhlilini apararaq yekun rəyini cari il sentyabrın 15-dək aidiyyəti dövlət müəssisələrinə təqdim edir.

3.4. Hər il dekabrın 20-dən gec olmayaraq dövlət müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda və ya onların nizamnamələrində müəyyən olunmuş qaydada dövlət müəssisəsinin növbəti il üzrə (rüblər üzrə tərtib edilməklə) büdcəsi təsdiq edilir.

3.5. Dövlət müəssisələrinin büdcələrində normativ hüquqi aktlarla və ya onların nizamnamələri ilə müəyyən olunmuş hallarda və qaydada dəyişiklik edilə bilər.

3.6. Nazirlik dövlət müəssisəsinin büdcəsində dəyişikliklə bağlı rəyini dəyişiklik layihəsi daxil olduqdan sonra 30 (otuz) gün müddətində aidiyyəti dövlət müəssisəsinə təqdim edir.

3.7. Nazirlik dövlət müəssisələrindən büdcə layihələri və proqnozları, həmçinin büdcədə dəyişiklik edilməsi ilə bağlı sorğu əsasında əlavə məlumatlar əldə edə bilər.

 

4. Dövlət müəssisələrinin hesabatlılığı və təqdimedilmə müddətləri

 

4.1. Dövlət müəssisələri aşağıdakı məlumat və hesabatları müvafiq dövr ərzində Nazirliyə təqdim edir:

4.1.1. büdcə layihələrini və proqnozları – cari il iyulun 1-dək;

4.1.2. büdcəni – cari il dekabrın 31-dək;

4.1.3. dəyişiklik edilmiş büdcəni (dəyişikliyin səbəbi göstərilməklə) – təsdiqləndikdən sonra 10 (on) gün müddətində;

4.1.4. pul vəsaitinin hərəkətinə dair məlumatları – hər ay bitdikdən sonra növbəti ayın 15-dək;

4.1.5. maliyyə vəziyyətinə və maliyyə fəaliyyətinə dair rüblük məlumatları – hər rüb bitdikdən sonra növbəti ayın 20-dək;

4.1.6. dövlət müəssisələrinin xalis mənfəətinin bölgüsü barədə hesabatı – cari il avqustun 15-dək;

4.1.7. dövlət müəssisələrinin borclarına, o cümlədən dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinə dair məlumatları – hər ay bitdikdən sonra növbəti ayın 10-dək.

4.2. Büdcə layihələri və proqnozları, həmçinin büdcə aşağıdakı məlumatları əhatə edir:

4.2.1. pul vəsaitinin hərəkəti haqqında proqnoz məlumatları (gəlir və xərc smetası);

4.2.2. mənfəət və ya zərər haqqında proqnoz məlumatları;

4.2.3. maliyyə vəziyyəti haqqında proqnoz məlumatları;

4.2.4. bu Qaydaların 4.2.1-ci – 4.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş məlumatlara dair izahlı qeydləri və izahlı arayışlar.

4.3. Bu Qaydaların 4.1.5-ci yarımbəndində nəzərdə tutulan maliyyə vəziyyətinə və maliyyə fəaliyyətinə dair rüblük və ilin əvvəlindən artan yekunla məlumatlar aşağıdakıları əhatə edir:

4.3.1. 34 nömrəli Mühasibat Uçotu Beynəlxalq Standartlarının tələbləri nəzərə alınmaqla aralıq maliyyə hesabatları barədə:

4.3.1.1. maliyyə vəziyyəti haqqında hesabat;

4.3.1.2. mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat (ilin əvvəlindən artan yekunla);

4.3.1.3. kapitalda dəyişikliklər haqqında hesabat;

4.3.1.4. pul vəsaitinin hərəkəti haqqında hesabat (ilin əvvəlindən artan yekunla);

4.3.1.5. izahlı qeydlər;

4.3.2. insan resursları, ştat vahidləri və əməkhaqları barədə məlumat;

4.3.3. xalis mənfəətin istifadəsi barədə məlumat (ilin əvvəlindən artan yekunla);

4.3.4. dövlət investisiya proqramı üzrə investisiya layihələri, o cümlədən xarici ölkələrdə investisiya qoyuluşları və birbaşa investisiyalar barədə məlumat;

4.3.5. ictimai əhəmiyyətli xidmətlər göstərilməsi öhdəlikləri üzrə icra hesabatı;

4.3.6. dayanıqlı inkişafla əlaqədar məlumatların açıqlanması haqqında hesabat.

4.4. Dövlət müəssisəsinin məlumat və hesabatları onun icra orqanının rəhbəri tərəfindən Nazirliyin təsdiq etdiyi formaya uyğun olaraq “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında təqdim edilir.

4.5. Dövlət müəssisəsinin xarici törəmə müəssisəsinin bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan məlumatlarını və hesabatlarını həmin dövlət müəssisəsinin payçısı (səhmdarı) və Azərbaycan Respublikasında rezident olan dövlət müəssisəsi təqdim edir.

4.6. Təqdim etdiyi aylıq və rüblük məlumatlarda dəqiqləşdirilmə zərurəti olduqda, dövlət müəssisəsi bu barədə Nazirliyə məlumat verir və Nazirliyin bildirişi əsasında 5 (beş) iş günü müddətində dəqiqləşdirilmiş məlumatları Nazirliyə təqdim edir.

4.7. Nazirlik dövlət müəssisəsinin aylıq və rüblük məlumatlarının, habelə büdcə layihələri və proqnozları üzrə məlumatların dövlət informasiya ehtiyatlarından və sistemlərindən əldə edilmiş məlumatlarla uyğunluğunu yoxlayır. Uyğunluğun yoxlanılması və ya Nazirliyin digər təhlilləri nəticəsində uyğunsuzluq aşkar edildikdə, dövlət müəssisəsi Nazirliyin bildirişi əsasında 5 (beş) iş günü müddətində dəqiqləşdirilmiş məlumatları Nazirliyə təqdim edir.

 

5. Dövlət müəssisələrinin büdcə layihələrinin və proqnozlarının monitorinqi, habelə onların gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili

 

5.1. Dövlət müəssisələrinin büdcə layihələrinin və proqnozlarının monitorinqi, habelə onların gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili zamanı aşağıdakılar araşdırılır:

5.1.1. dövlət müəssisələrinin büdcə göstəricilərinin icra göstəriciləri ilə müqayisəsinin nəticələri;

5.1.2. dövlət müəssisələrinin ayrı-ayrılıqda, fəaliyyət sahələri və tabe olduqları qurumlar üzrə maliyyə göstəricilərinin, o cümlədən maliyyə-iqtisadi sağlamlığının cari vəziyyəti və dinamikası;

5.1.3. dövlət müəssisələrinin xərclərinin həmin müəssisələrin funksiyalarına və xərclərin istiqamətinə görə göstəriciləri;

5.1.4. beynəlxalq maliyyə təşkilatlarının qabaqcıl təcrübəsi nəzərə alınmaqla, dövlət müəssisələrində stress-testlər aparılması və digər qiymətləndirmə alətlərinin tətbiq edilməsi yolu ilə dövlət müəssisələri üzrə ayrı-ayrılıqda, habelə tabe olduqları qurumlar üzrə və icmal olaraq səmərəlilik göstəriciləri, fiskal risklər və risk səviyyələri;

5.1.5. dövlət müəssisələrində aşkarlanmış fiskal risklərin digər müəssisələrə, həmçinin dövlət maliyyəsinə, o cümlədən dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına və dövlət borcuna mümkün təsiri, habelə həmin risklərin digər müəssisələrdə yaranma potensialı;

5.1.6. dövlət müəssisələrinin ortamüddətli dövr üzrə biznes strategiyaları və inkişaf istiqamətləri üzrə hədəf göstəricilərinin müəyyən edilməsi ilə bağlı maliyyə-iqtisadi məlumatlar;

5.1.7. dövlət müəssisələrinin fəaliyyəti üzrə dövlət siyasətinin hazırlanmasına, həmin siyasətin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə və təkmilləşdirilməsinə əsas verən digər məsələlər.

5.2. Nazirlik dövlət müəssisələrinin büdcə layihələri və proqnozlarının monitorinqi, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirir və icra göstəricilərinin təhlilini apararaq nəticələri barədə rübdə bir dəfə rüb başa çatdıqdan sonra 2 (iki) ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim edir.

5.3. Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməli olan məlumat hazırlanarkən Nazirlik dövlət müəssisələrinin büdcə layihələri və proqnozlarının monitorinqi, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlilinin nəticələrini dövlət müəssisələri ilə müzakirə edə və onlardan əlavə məlumatlar ala bilər. Müzakirələrin nəticələri protokollarla rəsmiləşdirilir.

 

6. Yekun müddəa

 

Bu Qaydaların tələblərinin pozulmasına görə dövlət müəssisəsinin icra orqanının rəhbəri şəxsən cavabdehdir.

SƏNƏDLƏR Sərəncamlar 20 iyul 2026
13:48
“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” (bundan sonra –...

20 iyul 2026, 13:48
SƏNƏDLƏR Fərmanlar 20 iyul 2026
13:46
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 447-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı...

20 iyul 2026, 13:46
SƏNƏDLƏR Fərmanlar 17 iyul 2026
16:28
Vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaş cəmiyyəti institutlarının dövlət idarəetməsinin həyata keçirilməsində, o cümlədən...

17 iyul 2026, 16:28
SƏNƏDLƏR Qanunlar 17 iyul 2026
16:26
“Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini, 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

17 iyul 2026, 16:26
SƏNƏDLƏR Fərmanlar 17 iyul 2026
16:24
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 441-VIIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10...

17 iyul 2026, 16:24