Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar

29 dekabr 2025, 15:50

Azərbaycan Respublikası Prezidentinin

2025-ci il 29 dekabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisəsi) xalis mənfəətinin bölüşdürülməsini və dividend siyasətinin ümumi prinsiplərini, həmçinin xalis mənfəətin bölüşdürülməsinə, o cümlədən dövlət büdcəsinə dividend ödənişlərinə dair nəzarət mexanizmləri ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir.

1.2. Bu Qaydalar səhmləri Azərbaycan Respublikasının hüdudlarından kənarda aparıcı birjaların listinq siyahısında yer alan dövlət müəssisəsinə şamil edilmir.

1.3. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. dividend – dövlət müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində əldə olunan xalis mənfəətindən dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə münasibətdə paylarına (səhmlərinə) uyğun olaraq payçıya (səhmdara), dövlət adından yaradılan publik hüquqi şəxsə münasibətdə isə dövlət büdcəsinə edilən ödəniş;

1.3.2. səlahiyyətli orqan – dövlət müəssisəsinin təsis sənədinə, o cümlədən nizamnaməsinə uyğun olaraq xalis mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malik olan orqan.

1.4. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.5. Bu Qaydalarda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir.

 

2. Bu Qaydaların məqsədləri, dövlət müəssisəsinin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin əsas prinsipləri

 

2.1. Bu Qaydaların əsas məqsədləri aşağıdakılardır:

2.1.1. dividend gəlirlərinin müəyyənləşdirilməsi;

2.1.2. dövlət müəssisəsinin fəaliyyətinin dövlətin sosial və iqtisadi maraqlarına uyğunluğunun təmin edilməsi;

2.1.3. dövlət müəssisəsinin səmərəli və mənfəətli fəaliyyətə təşviq edilməsi;

2.1.4. dövlət müəssisəsinin uzunmüddətli inkişafı və maliyyə dayanıqlığının qorunması;

2.1.5. xalis mənfəətin optimal bölgüsünün təmin edilməsi.

2.2. Dövlət müəssisəsinin xalis mənfəətinin bölüşdürülməsinin və dividend siyasətinin əsas prinsipləri aşağıdakılardır:

2.2.1. şəffaflıq – mənfəətin hesablanması, bölgüsü və dividendlərin ödənilməsi barədə bütün qərarlar aydın, hesabatlı və maraqlı tərəflər üçün əlçatan olmalıdır;

2.2.2. bərabərlik – dövlət müəssisəsinin inkişaf və investisiya tələbləri nəzərə alınmaqla bütün payçıların (səhmdarların) maraqları bərabər şəkildə qorunmalıdır;

2.2.3. fiskal ehtiyac – dövlət müəssisəsinin maliyyə sabitliyini pozmadan, dövlətin fiskal ehtiyacları, habelə paylarına (səhmlərinə) uyğun olaraq digər fiziki və hüquqi şəxslərin maraqları təmin olunmalıdır.

 

3. Dövlət büdcəsinə dividend ödənişlərinin proqnozlaşdırılması

 

3.1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Nazirlik) cari il mayın 1-dək növbəti il üzrə dövlət büdcəsinə dividend ödənişlərinin proqnozlarının tərtibinə dair təlimat məktubunu və müvafiq məlumat formalarını dövlət müəssisəsinə göndərir.

3.2. Dövlət müəssisəsi əvvəlki hesabat ilinin faktiki göstəriciləri əsasında növbəti ilin dividend ödənişləri üzrə proqnoz göstəricilərinə dair müvafiq məlumatları Nazirlik tərəfindən müəyyən edilmiş formaya uyğun cari il iyulun 1-dək Nazirliyə təqdim edir.

3.3. Nazirlik bu Qaydaların 3.2-ci bəndinə uyğun təqdim olunmuş məlumatları “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhlil edir və növbəti il üzrə dövlət müəssisəsinin dividend ödənişlərinə dair minimum proqnoz göstəricilərini müəyyən edir.

3.4. Dividend ödənişləri proqnozlaşdırılan zaman dövlət müəssisəsinə növbəti ildə dövlət büdcəsindən ayrılması nəzərdə tutulan maliyyə yardımları, subsidiyalar və investisiya məbləğləri nəzərə alına və həmin məbləğdə növbəti il üçün dividend ödənişi proqnozları azaldıla bilər.

3.5. Bu Qaydaların 3.3-cü bəndinə uyğun olaraq müəyyən edilmiş minimum icmal proqnoz məbləği növbəti ilin dövlət büdcəsi haqqında qanun layihəsində nəzərə alınır və onun dövlət müəssisələri üzrə bölgüsü növbəti ilin dövlət büdcəsi haqqında qanunun tətbiqi ilə bağlı fərmana əsasən müəyyən edilir.

 

4. Xalis mənfəətin bölüşdürülməsi

 

4.1. Dövlət müəssisəsinin xalis mənfəəti, ilk növbədə, həmin dövlət müəssisəsinin dövlət büdcəsi və (və ya) Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında cari il üzrə mövcud olan borc öhdəliklərinin (əsas və faiz borcu), o cümlədən əvvəlki illər üzrə yığılmış və ödənilməmiş borc öhdəliklərinin (əsas və faiz borcu) ödənilməsinə yönəldilir.

4.2. Bu Qaydaların 4.1-ci, 5.7–5.9-cu bəndləri nəzərə alınmaqla, dövlət müəssisəsinin xalis mənfəətindən minimum 30 faiz məbləğində dividend ödənilir.

4.3. Dövlət müəssisəsinin illik maliyyə hesabatları əsasında xalis mənfəətindən dividend hesablandıqdan sonra mənfəətin qalan hissəsindən səlahiyyətli orqanın qərarlarına əsasən istifadə olunur.

 

5. Dividendlərin ödənilməsi

 

5.1. Bu Qaydaların 5.2-ci bəndi nəzərə alınmaqla, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin dövlətə aid payları (səhmləri) üzrə dividendlər, habelə dövlət adından yaradılan publik hüquqi şəxslərin dividendləri dövlət büdcəsinə ödənilir.

5.2. Dövlət müəssisəsinin törəmə müəssisələri olduğu halda hər bir törəmə müəssisəsinin maliyyə hesabatları əsasında xalis mənfəətindən dövlətin payına (səhminə) müvafiq olaraq dividend hesablanaraq dövlət büdcəsinə ödənilir.

5.3. Dövlət müəssisəsinin illik maliyyə hesabatları maliyyə ili başa çatdıqdan sonra növbəti il aprelin 30-dan gec olmayaraq Nazirliyə təqdim edilir.

5.4. Dövlət müəssisəsi tərəfindən dividend ödənişləri müəssisənin illik maliyyə hesabatları təsdiq edildiyi tarixdən növbəti il ərzində üç bərabər hissəyə bölünməklə ilk üç rübün sonuncu ayının 20-dək ödənilir.

5.5. Dövlət müəssisəsi tərəfindən dividend ödənişləri müəyyən edilmiş müddətdə dövlət büdcəsinə ödənilmədikdə həmin dövlət müəssisəsinə dövlət büdcəsindən ayrılması nəzərdə tutulan maliyyə yardımları, subsidiyalar və investisiya məbləğləri ödənilməmiş dividend məbləği qədər azaldılır.

5.6. Dövlət müəssisəsi yenidən təşkil olunduqda həmin dövlət müəssisəsinin xalis mənfəətindən bu Qaydalara uyğun olaraq dövlət büdcəsinə ödənilməli olan dividend ödənişləri üzrə öhdəliklər onun hüquqi varisinə keçir.

5.7. Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin hesabat ili üzrə xalis mənfəəti 100,0 (yüz) min manatdan az, dövlət adından yaradılan publik hüquqi şəxslərin xalis mənfəəti 20,0 (iyirmi) min manatdan az olduqda dövlət büdcəsinə dividend hesablanmır.

5.8. Dövlət müəssisəsinin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalının miqdarından azdırsa, habelə qanunda nəzərdə tutulmuş digər hallarda dövlət müəssisəsi dividendləri elan edə və ödəyə bilməz.

5.9. Dövlət müəssisəsinin xalis aktivlərinin dəyəri dividendlərin ödənilməsi nəticəsində onun nizamnamə kapitalının miqdarından az olarsa, dividend məbləği xalis aktivlərinin dəyərinin nizamnamə kapitalının miqdarından az olmayacağı məbləğədək azaldılır.

5.10. Dövlət müəssisəsi tərəfindən ölkənin sosial-iqtisadi fəaliyyəti ilə bağlı strateji layihələrin icrası həyata keçirilərkən həmin dövlət müəssisəsinin müvafiq dövr üzrə xalis mənfəətindən dövlət büdcəsinə dividend ödənişindən tam və ya qismən azadolma Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

 

6. Hesabatlılıq və nəzarət

 

6.1. Dövlət müəssisəsi dövlət büdcəsinə ödənilmiş dividendlər və bölüşdürülmüş xalis mənfəətin istifadəsi barədə rüblük (artan yekunla) hesabatı hər rüb üzrə növbəti ayın 30-dək Nazirliyə müəyyən olunmuş formada təqdim edir.

6.2. Bu Qaydaların tələblərinə uyğun olaraq dövlət müəssisəsinin xalis mənfəətinin bölüşdürülməsinə, dividendlərin düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə ödənilməsinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir və ildə bir dəfə bu barədə hesabat hazırlanaraq noyabrın 30-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

6.3. Dövlət müəssisəsinin təsərrüfat fəaliyyəti üzrə maliyyə nəticələri iki il ardıcıl olaraq zərərlə yekunlaşdıqda Nazirlik müvafiq təhlillər aparılmaqla zərərin səbəblərini araşdırır və araşdırmanın nəticələrinə uyğun olaraq təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

 

7. Yekun müddəa

 

Bu Qaydaların tələblərinə riayət edilməsinə görə dövlət müəssisəsinin icra orqanının rəhbəri şəxsən cavabdehdir.

SƏNƏDLƏR Sərəncamlar 10 aprel 2026
15:00
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 10 illiyi münasibətilə qərara alıram:

Vətəndaşların mənzil...

10 aprel 2026, 15:00
SƏNƏDLƏR Qanunlar 09 aprel 2026
16:39
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu...

09 aprel 2026, 16:39
SƏNƏDLƏR Sərəncamlar 08 aprel 2026
13:59
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...

08 aprel 2026, 13:59
SƏNƏDLƏR Fərmanlar 08 aprel 2026
13:58
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2023-cü il 1 may tarixli 2130 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...

08 aprel 2026, 13:58
SƏNƏDLƏR Sərəncamlar 08 aprel 2026
13:57
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 fevral tarixli 327 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında...

08 aprel 2026, 13:57
SƏNƏDLƏR Sərəncamlar 08 aprel 2026
13:56
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük...

08 aprel 2026, 13:56
SƏNƏDLƏR Sərəncamlar 08 aprel 2026
13:55
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası...

08 aprel 2026, 13:55