04 dekabr 2025, 16:50

Şəhid ailəsinin üzvündən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən, şəhid həyat yoldaşı olaraq, şəhid ailələrinə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Bu qayğı bizim üçün yalnız sosial dəstək deyil, həm də böyük bir mənəvi dayaqdır. Həyat yoldaşım Elşad Həsənov 44 günlük Vətən müharibəsində Murov yüksəkliyindən başlayaraq böyük cəsarətlə döyüşmüş, Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, Vətənini canından artıq sevən, şərəfli xidmət yolu olan bir zabit idi. Onun qürur dolu xatirəsi həm bizim, həm də bütün xalqımız üçün əbədi olaraq qalacaq.

Bu il Zəfərin 5 illiyinin möhtəşəm şəkildə qeyd olunması bir daha göstərdi ki, Vətən uğrunda canını fəda edən igidlərimizin xatirəsi dövlətimizin və xalqımızın qəlbində daim uca tutulur. Hər il şəhidlərimizin böyük ehtiramla yad edilməsi, onların adlarının yaşadılması, ailələrinin unudulmaması bizi həm təsirləndirir, həm də gücləndirir.

Cənab Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında şəhid ailələrinə göstərilən qayğı, yaradılan sosial təminatlar və yüksək dəyər bizim üçün ölçüyəgəlməz əhəmiyyət daşıyır. Mənə və övladlarıma göstərilən diqqətə görə Sizə bir daha təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Aksana Həsənova,

Şəhid Elşad Həsənovun həyat yoldaşı

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.