İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

15 yanvar 2013, 13:55
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlət başçısı iclası giriş nitqi ilə açdı.

Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi

- Biz Nazirlər Kabinetinin bugünkü toplantısında 2012-ci ilin yekunlarını müzakirə və eyni zamanda, 2013-cü ildə qarşıda duran vəzifələri təhlil edəcəyik. Buna böyük ehtiyac vardır. Çünki Azərbaycan iqtisadiyyatı keçən il öz dinamik inkişafını qoruya bilmişdir və bu il görüləcək işlər əminəm ki, ölkəmizi daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır. Çünki 2003-cü ildə müəyyən edilmiş 10 illik inkişaf planımız bu il başa çatır. 2004-cü ilin əvvəlində regional inkişaf proqramı qəbul edilmişdir və bu il bu proqramın ikinci mərhələsi başa çatacaqdır. Əminəm ki, proqramda müəyyən edilmiş bütün vəzifələr bu ilin sonuna qədər təmin ediləcəkdir.

Bütövlükdə ötən il ölkə iqtisadiyyatı üçün çox uğurlu il olmuşdur. Bu da təsadüfi deyil. Çünki keçən ilin uğurları bundan əvvəlki dövrdə müəyyən edilmişdir. Bizim düşünülmüş iqtisadi siyasətimiz artıq öz gözəl nəticələrini verməkdədir və dinamika müsbətdir, inkişaf çox sevindiricidir. Beləliklə, 2012-ci ilin yekunları ilə bağlı, əslində ilin əvvəlində də bizim heç bir şübhəmiz yox idi. Mən keçən ilin əvvəlində qeyd etmişdim ki, əminəm, 2012-ci il də uğurlu olacaqdır. Belə də oldu. Bütün iqtisadi göstəricilər yüksək səviyyədədir. Ümumi daxili məhsul 2,2 faiz artmışdır. Bu, əslində inkişaf etmiş ölkələr, xüsusilə böhranlı illər üçün çox yüksək göstəricidir. Əlbəttə, templərimiz əvvəlki illərdə daha da yüksək olduğuna görə bizim üçün bu, o qədər də qəbuledilən deyildir. Ancaq nəzərə alsaq ki, keçən il neft hasilatında azalma olmuşdur və sənaye istehsalı, ümumiyyətlə, 2,3 faiz azalmışdır, ümumi daxili məhsulun 2,2 faiz səviyyəsində artımı çox müsbət göstəricidir.

Ən sevindirici məsələ ondan ibarətdir ki, biz bu artımı qeyri-neft sektorunun hesabına qazanmışıq. Qeyri-neft sektorumuz keçən il 9,7 faiz artmışdır. Beləliklə, biz ölkə iqtisadiyyatını şaxələndirməklə bağlı bir neçə il bundan əvvəl qarşıya qoyulmuş vəzifəyə artıq nail ola bilmişik.

Qeyri-neft sənayemiz də artır. Bu da son illər ərzində sənayeləşmə siyasətinin düzgün istiqamətdə aparılmasının təzahürüdür. Qeyri-neft sənayemiz təxminən 8 faiz artmışdır. Kənd təsərrüfatı təxminən 6 faiz artmışdır. Makroiqtisadi vəziyyət çox müsbətdir. İnflyasiya cəmi 1,1 faiz səviyyəsindədir ki, bu, son illərdə ən aşağı səviyyədir. Əhalinin pul gəlirləri isə 13,8 faiz artmışdır. Yəni, inflyasiya ilə pul gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu da əlbəttə, hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.

İnflyasiyanı aşağı səviyyədə saxlamaq o qədər də asan məsələ deyil. Nəzərə almalıyıq ki, keçən il çox böyük sosial proqramlar icra edilmişdir. Onların içində sovet dövründən qalmış əmanətlərə görə vətəndaşlara kompensasiyanın verilməsi təşəbbüsü var idi. Artıq dövlət tərəfindən vətəndaşlara 100 milyonlarla manat kompensasiya şəklində verilmişdir. Bu, istər-istəməz makroiqtisadi vəziyyətə əlavə yük olmuşdur. Bununla bərabər, keçən il investisiya xərcləri rekord səviyyədə olmuşdur. Rəsmi statistik məlumatlara görə, keçən il investisiyalar 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. İlk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil edir. Digər tərəfdən, 9 milyard dollara yaxın xarici sərmayənin qoyulması da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaşdır, çox cəlbedici ölkədir. Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın xarici sərmayənin qoyulmasına gətirib çıxarmışdır. Əlbəttə, bu məsələdə beynəlxalq kredit agentliklərinin reytinqləri də az rol oynamır. Çünki dünyanın aparıcı kredit reytinq agentlikləri keçən il Azərbaycanın kredit reytinqlərini artırmışlar. Bu da, deyə bilərəm ki, müasir dünya üçün çox nadir bir məsələdir. Çünki inkişaf etmiş ölkələrin bəzilərinin reytinqləri aşağı salınır, Azərbaycanın kredit reytinqləri isə yuxarı qaldırılır və bu da aparılmış iqtisadi islahatların nəticəsidir.

İqtisadiyyatımız, ümumiyyətlə, digər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankının hesabatlarında biznesin aparılması üçün Azərbaycan yüksək yerlərdədir. Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdədir, MDB məkanında 1-ci yerdədir. Bax, budur görülmüş işlərin nəticəsi və əlbəttə, biz bu müsbət dinamikanı gündəlik həyatda da görürük. Bizim maliyyə imkanlarımız artır. Bu ilin büdcəsi də rekord səviyyədədir, 20 milyard manata yaxın olan vəsait xərclənəcəkdir. Keçən il biz valyuta ehtiyatlarımızı artıra bilmişik. Baxmayaraq ki, xərclər də kifayət qədər çox idi. Hazırda bizim ümumi valyuta ehtiyatlarımız 46 milyard dollar səviyyəsindədir. Bu, çox böyük rəqəmdir. Hesab edirəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir. Bəzi hallarda valyuta ehtiyatları ölkələrin ümumi daxili məhsulu ilə müqayisə edilir və hesab edirəm ki, biz bu göstəriciyə görə ən qabaqcıl yerlərdəyik. Bizdə valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizini təşkil edir. Yəni, iqtisadi sabitlik, - təbii ki, möhkəm siyasi sabitlik üzərində qurulmuş iqtisadi sabitlik,- infrasturktur layihələri, sosial proqramlar və digər sahələrdəki fəaliyyətimiz 2012-ci ildə də çox gözəl nəticələrə gətirib çıxarmışdır.

Sosial məsələlərin həllinə gəldikdə, bir daha qeyd etmək istəyirəm ki, keçən il uzun illər sovet dövründən dondurulmuş vəziyyətdə qalmış əmanətlərə kompensasiya verilməsi proqramı başlamışdır və ilin sonunda mənə verilən məlumata görə, artıq proqramın böyük hissəsi icra edilmişdir. Vətəndaşlara yüz milyonlarla manat vəsait verilmişdir və əminəm ki, bu proqram yaxın aylarda başa çatacaqdır. Biz elə planlaşdırırdıq ki, bu proqramı bu ilin sonuna qədər artıq başa çatdıracağıq. Bu, çox böyük siyasi addım idi. Azərbaycan dövlətinin sosial siyasətinin nə qədər düzgün olduğunu göstərir. Bir də onu göstərir ki, bizim bütün fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır.

Keçən il digər sosial proqramlar da icra edilmişdir. Bu il isə bu məqsədlər üçün əlavə vəsait nəzərdə tutulacaq və əminəm ki, sosial siyasətimiz bu il də çox təsirli olacaqdır. Eyni zamanda, keçən il sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüşdür - yüzlərlə məktəblər, xəstəxanalar, Olimpiya kompleksləri, digər sosial obyektlər tikilmiş və təmir edilmişdir.

Bu il də investisiya proqramında bu layihələr nəzərdə tutulur. Keçən il məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün ən böyük məbləğ Dövlət Neft Fondu tərəfindən nəzərdə tutulmuşdur, 300 milyon manat vəsait ayrılmışdır. Bu da tarixdə ən böyük ayrılan vəsaitdir. Bu vəsaitin hesabına 20 mindən çox məcburi köçkün yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Bütün bu evlər çox yüksək səviyyədə tikilmişdir, ən yüksək standartlara cavab verir. Mən açılışların böyük əksəriyyətində şəxsən iştirak etmişəm və görmüşəm ki, doğrudan da, köçkünlər üçün yaradılan şərait ən yüksək səviyyədədir. Bu, belə də olmalıdır. Köçkünlər buna layiqdirlər. Bu il də Dövlət Neft Fondunda eyni səviyyədə vəsait nəzərdə tutulub. Bu il də ən azı 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcəkdir. İstisna olunmur ki, il ərzində bu sahəyə biz əlavə vəsait də ayıra bilək. Çünki bizim maliyyə vəziyyətimiz bir daha demək istəyirəm ki, yaxşıdır. Hər il ayrılan 300 milyon manat vəsait də çox böyük rəqəmdir və biz doğrudan da, il ərzində demək olar ki, bir şəhər yaradırıq.

Regional inkişaf Proqramı da uğurla icra edilib. Qeyd etdiyim kimi, 2004-cü ildə birinci Proqram, 2009-cu ildə ikinci Proqram qəbul edilmişdir. Artıq ikinci Proqram başa çatmaq üzrədir. Qarşıya qoyulmuş bütün vəzifələr icra edilib. Keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür - 7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir.

2013-cü ildə görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində əminəm ki, yoxsulluq səviyyəsi daha da düşəcək və beləliklə, 10 il bundan əvvəl qarşımıza qoyduğumuz vəzifə, - Azərbaycanda yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi də artıq təmin ediləcəkdir.

2012-ci ildə Bakı və onun qəsəbələrinin inkişafı Proqramı da uğurla icra edilmişdir, böyük işlər görülmüşdür. Bu il bu Proqram başa çatmalıdır. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir, yollar salınır, müasir şərait yaradılır. Bu Proqramın icrası daim nəzarət altındadır və əminəm ki, bu ilin sonuna qədər qəsəbələrin əsas infrastruktur və sosial problemləri öz həllini tapacaqdır. Biz bu məsələyə kompleks şəkildə yanaşmışıq. Proqram çox müfəssəldir, genişdir, dəqiqdir. Hər bir məsələ orada nəzərdə tutulur - su, qaz, işıq, yollar, məktəblər, tibb məntəqələri və digər məsələlər. Bu Proqramın icra edilməsi nəticəsində biz qəsəbələrdə mövcud problemlərin böyük əksəriyyətini, demək olar ki, aradan götürəcəyik.

Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə artıq qəsəbə sakinlərinə, iş adamlarına kreditlərin verilməsi prosesi başlamışdır. Qəsəbələrdə yeni iş yerlərinin açılması istiqamətində də böyük işlər görülmüşdür. Keçən il çoxlu sayda yeni müəssisələr yaradılmışdır. Əlbəttə ki, bu, işsizliyin aradan qaldırılması üçün öz müsbət təsirini göstərir.

Keçən il sənayeləşmə istiqamətində çox əlamətdar bir il olmuşdur. Həm iri sənaye müəssisələrinin yaradılması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində çox böyük işlər görülmüşdür. Sahibkarlara verilən kreditlərin həcmi artır və bu il də artacaqdır. Bu, real iqtisadiyyata verilən böyük töhfədir və eyni zamanda, Azərbaycan dövlətinin sahibkarlıqla, özəl sektorun inkişafı ilə bağlı siyasətinin təzahürüdür.

Ərzaq təhlükəsizliyi məsələlərini uğurla həll etmişik. Kənd təsərrüfatı məhsullarının təxminən 6 faiz səviyyəsində artırılması əlbəttə ki, görülən işlərin nəticəsidir. Biz bu barədə də danışacağıq, 2013-cü il üçün də konkret təkliflərimiz vardır.

2012-ci il xarici siyasətlə bağlı da çox uğurlu olmuşdur. Biz xarici fəaliyyətimizi genişləndirmişik. Beynəlxalq təşkilatlarda qarşıya qoyduğumuz vəzifələrə çatmışıq. Keçən il Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu, tarixi nailiyyətdir. Ümumiyyətlə, 2011-ci ilin sonunda Təhlükəsizlik Şurasına seçilməyimiz çox böyük tarixi hadisə və Azərbaycan dövlətinin dünya miqyasında nüfuzunun göstəricisi idi. Biz keçən il dünyanın bir nömrəli qurumuna uğurla sədrlik etmişik və əlbəttə, bizim beynəlxalq nüfuzumuz da, təsir imkanlarımız da artıbdır. Biz, deyə bilərəm ki, keçən il dünyada özümüzü daha da böyük dərəcədə təsdiq edə bilmişik. Çox şadam ki, 2011-ci ildə beynəlxalq birlik tərəfindən bizə göstərilən inam Azərbaycan tərəfindən qorundu və hesab edirəm ki, il ərzində bu inam daha da artdı. Çünki bu mötəbər quruma əlbəttə ki, beynəlxalq birlik tərəfindən bizə olan inamın nəticəsində seçilmişik. Biz il ərzində bu inamı doğrulda bilmişik.

Azərbaycan etibarlı tərəfdaşdır, bütün məsələlərlə bağlı öz mövqeyinə malikdir. Bizim mövqeyimiz ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Hesab edirəm ki, bir il ərzində BMT-də bizi dəstəkləyən ölkələrin sayını artıra bilmişik.

Eyni zamanda, keçən il beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib qərarlar qəbul edilmişdir. Onların arasında Qoşulmama Hərəkatının zirvə görüşündəki yekun bəyannaməni mən xüsusilə qeyd etmək istəyirəm. Qoşulmama Hərəkatında dünyanın əksər ölkələri toplaşmışdır və Azərbaycan bu təşkilata bu yaxınlarda üzv olmuşdur. Buna baxmayaraq, iştirak etdiyimiz birinci zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə, beynəlxalq hüquq normalarına söykənən çox ciddi qətnamə qəbul edilmişdir. Orada da göstərilir ki, bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu, hesab edirəm ki, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Bu, artıq başqa beynəlxalq təşkilatların bundan əvvəlki dövrdə qəbul edilmiş qətnamələrini daha da gücləndirir.

Eyni zamanda, keçən il NATO-nun zirvə görüşündə də buna oxşar qətnamə qəbul edilmişdir. Orada da göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkələrin ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır. Qoşulmama Hərəkatı və NATO dünyanın əksər ölkələrini birləşdirir və beləliklə, dünya birliyinin mövqeyi birmənalıdır. Bu mövqe ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağla bağlı gedən danışıqlar Ermənistanın qeyri-konstruktiv yanaşması səbəbindən indi dondurulmuş vəziyyətdədir. Ancaq prinsiplər var ki, biz bu prinsiplərdən bir addım geri çəkilməyəcəyik. Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır. Diplomatik və siyasi əsaslar əlbəttə ki, bizim mövqeyimizi gücləndirir. Bizim mövqeyimiz həm hüquqi, həm siyasi cəhətdən sarsılmazdır.

Eyni zamanda, iqtisadi gücümüz, hərbi gücümüz də yerindədir. Biz bu gücü artırırıq. Əminəm ki, Ermənistanda məsələyə real prizmadan yanaşan qüvvələr açıq-aydın dərk edirlər ki, Azərbaycan ilə bu münaqişə və bu rəqabət onlara heç də yaxşı nəticələr vəd etmir, əksinə onlar getdikcə bu mübarizədə uduzurlar. Həm beynəlxalq müstəvidə, həm beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda, bölgədə gedən proseslər mövqeyimizi gücləndirir.

Bu gün Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır və bizim gözəl gələcəyimiz vardır. Ermənistanın iqtisadiyyatı tənəzzülə uğrayır. Mən bu barədə bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, bu ölkənin gələcəyi böyük sual altındadır. Çünki onların işğalçı siyasəti özlərini bu vəziyyətə qoyubdur. Nə qədər ki, bu münaqişə davam edəcəkdir, onların vəziyyəti daha da ağırlaşacaqdır. Biz isə öz növbəmizdə bütün imkanlardan istifadə edib gələcəkdə də Ermənistanı sıxışdırmalıyıq.

Onları onsuz da bütün layihələrdən təcrid etmişik. Bu siyasət davam etdiriləcəkdir. Buna nail olmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Biz siyasi, diplomatik, iqtisadi və hərbi imkanlardan istifadə edə bilərik və lazım gələrsə istifadə edəcəyik.

Ordu quruculuğuna gəldikdə isə, deyə bilərəm ki, keçən il bu istiqamətdə də böyük işlər görülmüşdür. Ordumuzun gücləndirilməsi üçün böyük tədbirlər görülmüşdür, böyük sayda texnika, silah-sursat alınmışdır, infrastruktur yaradılmışdır. Keçən il ümumi hərbi xərclərimiz üç milyard dollardan çox idi. Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik. 

Ordu quruculuğu işində, əlbəttə, təkcə maddi-texniki təchizat rol oynamır, eyni zamanda, peşəkarlıq və nizam-intizam da öz rolunu oynayır. Həm peşəkarlıq, həm nizam-intizam artmalıdır. Ordu cəmiyyətin bir parçasıdır. Orduda xidmət edən vətəndaşlar cəmiyyətin üzvləridir. Hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür. Biz gələcəkdə də ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, nizam-intizamın artırılması istiqamətində siyasətimizi aparacağıq. Bu gün bizim ordumuz Cənubi Qafqazda aparıcı hərbi qüvvədir. Bizim ordumuz böyük nailiyyətlərə çatıbdır. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar.

Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcəkdir və ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcəkdir və verir.

Keçən il, eyni zamanda, biz enerji sahəsində böyük nailiyyətlərə çatmışıq. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyamızın icrası nəticəsində biz enerji sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmişik. Neft-qaz layihələrimiz, neft-qaz kəmərlərimiz bu gün Azərbaycanı doğrudan da, dünya miqyasında çox önəmli neft, qaz hasil və ixrac edən ölkəyə çeviribdir.

Keçən il də bu siyasətin davamı olaraq çox önəmli və deyə bilərəm ki, tarixi hadisə baş vermişdir – biz TANAP layihəsinin təməlini qoymuşuq. Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bununla bərabər, bütün riskləri, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür. Biz demək olar ki, bölgədə icra edilən bütün layihələrin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi və bərpası layihələrinin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin təşəbbüskarı olmuşuq. TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır. Bizim bu sahədəki liderliyimiz gözəl nəticələrə gətirib çıxarıb. Biz nəinki ölkəmizi inkişaf etdiririk, eyni zamanda, inkişafımız bölgəyə də müsbət təsir göstərir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün bizə imkan yaradır. Təsadüfi deyildir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış sənədlərdə Azərbaycan bu sahədə çox önəmli və həlledici tərəfdaş kimi göstərilir.

TANAP layihəsi təşəbbüsünün irəli sürülməsi bizim çox ciddi addımımız idi. Mən çox şadam ki, qısa müddət ərzində TANAP layihəsi dünyada çox böyük dəstəyə malik oldu. Dünyanın aparıcı ölkələri birmənalı şəkildə bizim təşəbbüsümüzü dəstəkləmişlər. Beynəlxalq qurumlar da eyni dərəcədə mövqeyimizi dəstəkləmişlər.

 TANAP layihəsi regional çərçivədə artıq qəbul edilir. Çox şadam ki, biz indi tərəfdaş ölkələrlə bu layihənin icra edilməsi üçün konkret tədbirlər görürük və 2013-cü ildə əlavə tədbirlər görüləcəkdir. Bu layihənin icrası bizim uzunmüddətli inkişafımızı təmin edəcəkdir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihəsi də ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanı irəliyə aparan layihə kimi təqdim edilmişdir. Bu gün biz bunun gözəl bəhrələrini görürük. TANAP layihəsi də bundan sonra onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını eyni dərəcədə təmin etmək üçün çox ciddi bir vasitə olacaqdır. Bu layihənin icrası üçün güclü iradəmiz vardır. Bu, birinci növbədə lazım olan məsələdir. Eyni zamanda, texniki imkanlarımız vardır. Əvvəlki layihələrin icrası nəticəsində əldə edilmiş maliyyə imkanlarımız vardır. Beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlığımız da artır və bu, gözəl tarixə malikdir. Bu gün maliyyə qurumları Azərbaycana kredit vermək üçün bəlkə də bir-biri ilə rəqabət aparırlar. Biz bu gün istənilən həcmdə və ən məqbul şərtlərlə kreditləri götürürük. Əslində, indi hökumətə göstəriş vermişəm ki, kreditlərin sayını bir az azaldaq, çünki çox da dövlət borcu yaranmasın. Baxmayaraq ki, bizim dövlət borcumuz ümumi daxili məhsulun cəmi 7-8 faizini təşkil edir, bu da dünya miqyasında nadir göstəricidir. Yəni, bizim enerji sahəsindəki fəaliyyətimiz dinamik xarakter daşıyır. Bir daha demək istəyirəm, iqtisadi siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, iqtisadiyyatımız şaxələndirilsin və biz qeyri-neft sektorunun inkişafına daha da böyük həcmdə nail olaq. Ancaq eyni zamanda, enerji məsələlərinin həlli həm neft, həm qaz hasilatı ilə bağlı regional layihələrimiz gündəlik həyatda daim diqqət altındadır.

Çox şadam ki, beynəlxalq enerji ailəsi də Azərbaycanı müsbət tərəfdən tanıyır, bizə etibarlı tərəfdaş kimi inanır. Eyni zamanda, lazım gələndə biz öz ciddi sözümüzü də deyirik. Çünki mən hesab edirəm ki, bütün sahələrdə - siyasətdə də, iqtisadi əməkdaşlıqda da insanlar və dövlətlər səmimi olmalıdırlar, öz mövqeyini bildirməlidirlər. Əgər hər hansı bir narahatedici məqam varsa, biz onu malalamamalıyıq, əksinə üzə çıxarmalı və ölçülər götürməliyik.

Mən çox şadam ki, bir qədər əvvəl Nazirlər Kabinetinin toplantısında neftin hasilatı ilə bağlı dediyim narahatedici sözlər bizim tərəfdaşlar tərəfindən düzgün anlaşıldı və görülən tədbirlər nəticəsində deyə bilərəm ki, 2013-cü ildə neftin hasilatı sabitləşəcəkdir. bp şirkəti ilə aparılan danışıqlar nəticəsində biz buna nail olduq. Mən çox şadam ki, bp ilə SOCAR arasındakı qarşılıqlı anlaşma bərpa edildi və uzun tarixə malik olan bu əlaqələr bu gün yeni mərhələyə çıxır. Çünki gələcəkdə görüləsi işlər çoxdur. “Şahdəniz–2” layihəsinin icrası, neft hasilatının uzun illər bundan sonra sabit səviyyədə saxlanması, regional layihələr, TANAP layihəsi və digər layihələr bizim əməkdaşlığımızı möhkəmləndirir. Bir daha demək istəyirəm ki, biz həm yaxşı tərəfləri, həm də narahat edən tərəfləri açıq şəkildə müzakirə etməliyik və edirik. Əsas məsələlər gündəlik, yəni, gərgin işin nəticəsində öz həllini tapır. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Çünki biz tərəfdaşlarımızı qiymətləndirməliyik. Əgər biz onlardan da müsbət cavab görürüksə, əlbəttə bu, bizi sevindirir və əməkdaşlığın davam etdirilməsi üçün çox gözəl şərait yaradır.

Əlbəttə ki, mən bir çıxışda 2012-ci ildə görülmüş bütün işləri əhatə edə bilmərəm. Ancaq çalışdım ki, əsas məqamları bildirim. Bu gün biz həm ötən ilin yekunlarını müzakirə edəcəyik və eyni zamanda, ən önəmlisi ondan ibarətdir ki, cari ilin planları haqqında danışacağıq.

İndi isə söz verilir iqtisadi inkişaf naziri Şahin Mustafayevə.

X X X

 İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:

- Zati-aliləri, möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirmiş, iqtisadi artımın davamlılığı təmin edilmişdir.

Makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılmış, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.

2011-ci ildən başlayaraq ötən ildə də ümumi daxili məhsulun artımı strateji məqsədlərə uyğun olaraq, tamamilə qeyri-neft sektorunun hesabına formalaşmış və 2,2 faiz olmuşdur. Qeyri-neft sektoru üzrə artım 9,7 faiz təşkil etməklə, ümumi daxili məhsulda payı artaraq 52,7 faizə çatmışdır.

İnformasiya və rabitə xidmətləri 15,9 faiz, nəqliyyatda yük daşımalar 3,5 faiz, o cümlədən qeyri-neft yükdaşımaları 7,5 faiz, pərakəndə ticarət dövriyyəsi 9,6 faiz artmışdır. İnflyasiya 1,1 faiz təşkil etmişdir.

On bir ay ərzində 152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 milyard ABŞ dolları, xarici ticarət saldosu isə müsbət 22,6 milyard dollar təşkil etmiş, qeyri-neft ixracı 11,2 faiz artmış, strateji valyuta ehtiyatları 46 milyard dollar olmuşdur. Bu da xarici dövlət borcundan təxminən 10 dəfə çoxdur.

İcmal büdcənin gəlirləri 22,1 milyard manat və ya 101 faiz, xərcləri isə 19,6 milyard manat və ya 93,9 faiz icra olunmaqla 2,4 milyard manatdan çox profisit yaranmışdır. Dövlət büdcəsinin gəlirləri 17,3 milyard manat və ya 101,4 faiz icra olunmuş, bu da əvvəlki illə müqayisədə 10,1 faiz çox, xərcləri isə 17,0 milyard manat və ya 96,2 faiz icra edilsə də, əvvəlki illə müqayisədə 10,4 faiz çox olmuşdur.

Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların həcmi 22.1 milyard ABŞ dolları olmuş, bundan 13.3 milyard daxili, 8.8 milyard isə xarici investisiya təşkil etmişdir.

Möhtərəm cənab Prezident! Tapşırığınıza əsasən Dövlət İnvestisiya Proqramı sosial və infrastruktur yönümlü olmaqla, əvvəlki illərdən fərqli olaraq ötən ilin dekabr ayında təsdiq edilmişdir ki, bu da icraya daha tez başlamağa və işlərin vaxtında və keyfiyyətlə başa çatdırılmasına əlavə imkanlar yaradacaqdır.

Xaricdə yatırılan investisiyaların dinamikasında da müsbət irəliləyişlər əldə olunmuşdur. Belə ki, Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə uğurla iştirak edir.

Cənab Prezident, qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində apardığınız sənayeləşmə siyasəti nəticəsində qeyri-neft sənayesində 7,8 faiz illik artıma nail olunmuşdur.

Ötən il ərzində Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Gəncədə alüminium, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla, 100-dək sənaye müəssisəsinin istifadəyə verilməsi, 90-dan artıq sənaye müəssisəsinin inşasının davam etdirilməsi qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır.

Növbəti illərdə də sənayeləşmə siyasəti çərçivəsində zəruri işlər, o cümlədən yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma, gübrə zavodları və polad istehsalı kompleksinin yaradılması davam etdiriləcəkdir.

Sizin müvafiq sərəncamlarınıza əsasən yaradılmasına başlanılmış Balaxanı Sənaye, Sumqayıt Kimya-Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parkları müasir texnologiyalardan istifadə etməklə rəqabət qabiliyyətli və ixrac yönümlü yeni məhsul istehsalının artırılması, iş yerlərinin açılması, xarici investisiyaların cəlb edilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Parkların yaradılması istiqamətində zəruri təşkilati işlər, normativ-hüquqi bazanın hazırlanması və digər tədbirlər həyata keçirilir.

Ölkədə elektrik enerjisi istehsalı 6,9 faiz artmış, elektrik verilişi xətlərinin çəkilişi davam etdirilmiş, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi və ya əsaslı təmiri aparılmış, alternativ və bərpa olunan enerji ilə təminat sahəsində “Azgüntex” günəş panelləri, “Füzuli” və “Qusar-1” su elektrik stansiyaları istifadəyə verilmişdir.

Möhtərəm cənab Prezident! Həm alternativ enerji mənbəyi, həm ekoloji mühit, həm də qeyri-neft sənayesi üçün böyük əhəmiyyət kəsb edən Bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları istismara verilmiş və bununla da məişət tullantılarının idarə olunmasının mühüm bir mərhələsinə aid məsələlər öz müsbət həllini tapmışdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində zəruri infrastrukturun qurulması, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri və təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilmişdir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə magistral yolların, körpülərin, dəmir yollarının, yeni metro stansiyalarının, hava və dəniz limanlarının tikintisi davam etdirilir.

Möhtərəm cənab Prezident! Sizin xüsusi diqqətinizdə olan kənd yolları üzrə müvafiq sərəncamlarınıza əsasən ötən il 18 layihə üzrə işlərə başlanılmış və cari ildə bu işlərin tam başa çatdırılması nəzərdə tutulmuşdur. Bunun nəticəsində 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaqdır ki, bu da respublikanın 18 rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir.

Bununla yanaşı, 61 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir və cari ildə bu layihələrdən bir neçəsinin başa çatdırılması nəzərdə tutulur.

Cənab Prezident, Sizin regionlara mütəmadi səfərləriniz, il ərzində 250-dək müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olmağınız və hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyən edərək, verdiyiniz tapşırıq və tövsiyələr regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır.

Bütövlükdə, ötən il ərzində regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisəsinin isə tikintisi davam etdirilir.

Ölkədə insan kapitalının inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması və digər sosial sahələr üzrə işlər diqqət mərkəzində saxlanılmış, il ərzində 268 məktəb, 62 bağça, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 420-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.

Cənab Prezident, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası Bakı qəsəbələrinin inkişafını sürətləndirmiş, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.

Qaz, su, kanalizasiya, enerji təminatı sahəsində mühüm işlər görülmüş, yaşayış binaları və istifadəyə verilmiş sosial obyektlərin istilik sistemi yenidən qurulmuş, qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara asfalt örtüyü salınmışdır. Proqram çərçivəsində 134 məktəb və 71 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət və idman obyektində tikinti və əsaslı təmir işləri başa çatdırılmış, hazırda 85 sosial obyektin təmir-tikintisi isə davam etdirilir.

Həmişə olduğu kimi, Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olmuşdur.

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilmiş, hesabat dövründə kənd təsərrüfatı sahəsində 5,8 faiz artıma nail olunmuş, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilmişdir.

Quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılmış, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur.

Cənab Prezident, iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı tapşırığınıza əsasən Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatı yaradılmış, bu mövsüm təsərrüfatda yüksək məhsuldarlıq əldə olunacaqdır.

Bu layihə çərçivəsində həm də taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservisin yaradılması da nəzərdə tutulur və layihələrdə əsasən məcburi köçkün və yerli sakinlər işlə təmin olunur.

Növbəti addım olaraq Cəlilabad, Beyləqan, Şamaxı və Hacıqabul rayonlarında da taxılçılıq təsərrüfatlarının yaradılması məqsədi ilə zəruri işlərə başlanılmışdır.

Möhtərəm cənab Prezident! Müəyyən etdiyiniz siyasətə uyğun olaraq sahibkarlığın inkişafı daim diqqətdə saxlanılmışdır. İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlara göstərilən xidmətlər tamamən elektronlaşdırılmış, o cümlədən lisenziya və sertifikatların verilməsi və bu xidmətlərə görə dövlət rüsumlarının və haqların on-line rejimində elektron qaydada ödənilməsi təmin edilmişdir.

Ötən ildən başlayaraq Vergilər Nazirliyi tərəfindən fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən fiziki şəxslərin gəlir vergisi üzrə vergi dərəcələri azaldılmış, sənaye və texnologiyalar parklarına vergi güzəştləri nəzərdə tutulmuşdur.

 Sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmışdır. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2400 sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabınadır. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına ayrılmışdır. Bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bakı və onun qəsəbələri üzrə müvafiq proqramın qəbulundan ötən dövr ərzində 400 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilmişdir.

Ümumilikdə, ötən il ərzində Fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 iri taxılçılıq və 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələri - metal konstruksiyalar zavodu, toxuculuq, parça boyama, tikiş, kağız və karton məhsulları istehsalı müəssisələridir.

Ölkədə istehsal olunan rəqabətqabiliyyətli qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədi ilə ötən il yerli və xarici iş adamlarının və beynəlxalq tərəfdaşların iştirakı ilə 107-si xaricdə, 201-i isə daxildə olmaqla 308 tədbir keçirilmişdir.

Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il ərzində Hövsanda süd emalı zavodu, “Holcim-Azərbaycan” yeni sement zavodu və Ağstafa Aqroservis müəssisəsi fəaliyyətə başlamış, Səngəçal neft və qaz terminalının və duz istehsalı zavodunun uğurlu fəaliyyətləri nəzərə alınaraq şirkət öz sərmayə payını digər tərəfdaşlara satmaqla bu layihələrdə missiyasını başa çatdırmışdır.

İstehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının və süni qiymət artımının qarşısının alınması məqsədi ilə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində insanların həyat və sağlamlığı üçün təhlükəli olan 80 tondan artıq ərzaq malları dövriyyədən çıxarılmış, qanun pozuntusuna yol vermiş 2030 təsərrüfat subyektinə inzibati cərimə kəsilmiş, haqsız rəqabətə yol vermiş 72 təsərrüfat subyektinə qarşı qanuna müvafiq tədbirlər görülmüş, istehlakçıların və sahibkarların maarifləndirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilmişdir.

Möhtərəm cənab Prezident! Əldə edilmiş davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaratmış, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,8 faiz artmış, əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 faiz bəndi üstələmişdir. Yoxsulluq 6 faiz, işsizlik 5,2 faiz olmuş, 117 min yeni iş yeri açılmışdır. Ötən il ərzində orta aylıq əmək haqqı 9,1 faiz artaraq, 391,4 manat təşkil etmiş, əhalinin banklardakı əmanətləri 24,4 faiz artmışdır. Əmanətlərə görə faiz gəlirlərinin vergidən azadolma müddəti uzadılmışdır ki, bu da onların sərəncamında qalan vəsaitləri artıracaqdır.

Keçmiş SSRİ Bankının əmanətçiləri olan Azərbaycan vətəndaşlarına fərdi birdəfəlik ödəmələrin verilməsi, Sizin ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldilmiş siyasətinizin tərkib hissəsidir.

Möhtərəm cənab Prezident! Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmış, “Doing Business-2013” hesabatında mövqeyimiz yaxşılaşmışdır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olmuş və son üç ildə olduğu kimi, MDB ölkələri arasında birincilik mövqeyini saxlamışdır.

Möhtərəm cənab Prezident! Həyata keçirilən ardıcıl və sistemli sosial-iqtisadi islahatların nəticəsi olaraq, sabit və dinamik inkişaf edən, etibarlı tərəfdaş bir ölkə kimi Azərbaycanın nüfuzu daha da artmışdır.

Tərəfinizdən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən etdiyiniz hədəflər bir daha göstərir ki, rəhbərliyinizlə bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.

Diqqətinizə görə minnətdaram.
 

X X X

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV çıxış edərək dedi:

- Zati-Aliləri, möhtərəm cənab Prezident!

Azərbaycanın tarixinə dövlət müstəqilliyimizin 21-ci ili kimi həkk olunan 2012-ci il bütövlükdə ölkəmiz üçün bütün sahələrdə uğurlu olmuşdur.

Dövlətimiz öz daxili resursları üzərində güclü iqtisadi zəmin yaratmış və gələcəyə böyük ümidlərlə, böyük nikbinliklə baxır.

Balanslı və uğurlu xarici siyasətin aparılması nəticəsində xeyli dünyəvi uğurlarımız olmuşdur. Bunların ən vacibləri aşağıdakılardır:

- BMT-nin Təhlükəsizlik Şurasında və Qaçqınların İşləri üzrə Ali Komissarlığının İcraiyyə Komitəsində təmsilçilik;
- Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatında deyilmişdir ki, status-kvo qəbuledilməzdir;
- Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatının zirvə toplantısında qəbul edilmiş qətnamədə münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmasının bəyan edilməsi;
- mədəniyyət və idman sahəsində əksər Avropa ölkələrini üstələmək;
- ölkəmizin yüksək insan inkişafına malik olan dövlətlər sırasına daxil olması;
- BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin 2012-ci ilin oktyabrında Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyasında çıxışında Azərbaycan dövlətinin gördüyü işləri qiymətləndirərkən bunu bir çox ölkələr üçün nümunə göstərmiş və könüllü qayıdışı mümkün hesab etmişdir. Bununla da Ali Komissar bir çox beynəlxalq təşkilatların ölkəmizdəki məcburi köçkünlərin torpaqlar işğaldan azad olunandan sonra geri qayıtmayacaqları barədə fikirlərini alt-üst etdi.

Bu kimi nailiyyətlər ölkəmizin sosial-iqtisadi qüdrətinin nəzərəçarpacaq dərəcədə yüksəldiyini, dünya ölkələrinə inteqrasiyasının sürətləndiyini və dünyanın maraq mərkəzinə çevrildiyini göstərir.

Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirib və bizə qarşı olan dünya erməni təbliğatını xeyli zəiflədib.

Əlbəttə, bütün bu uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi xəttin Sizin tərəfinizdən məharətlə, çevik və qətiyyətlə həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Ötən il Sizin müvafiq tapşırıqlarınıza əsasən nümayəndə heyətimiz 4 ölkənin - Belçika, Finlandiya, İspaniya və Andorra parlamentlərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələrinə dair keçirilmiş dinləmələrdə iştirak etmişdir. Həmin tədbirlərdə parlament rəhbərlərinin, hətta müxalifət partiyalarını təmsil edən parlament üzvlərinin Sizin və ölkəmiz barədə dedikləri xoş sözləri eşitməkdən bir azərbaycanlı kimi qürur hissi keçirirdik.

Şübhəsiz, bu, son 9 il ərzində gördüyünüz məqsədyönlü işlərin, yorulmaz fəaliyyətinizin konkret nəticəsidir.

Sizin xüsusi diqqət və qayğınız nəticəsində, əvvəlki illərdə olduğu kimi, ötən ildə də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunmuşdur.

Son 9 ildə bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilmiş, ümumilikdə 47 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 158 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul etmişdir.

O cümlədən 2012-ci ildə 2 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 17 qərar və sərəncam qəbul etmişdir.

Məlumat üçün Sizə bildirirəm ki, ümumiyyətlə, münaqişə dövründə - son 20 ildə bu qəbildən olan soydaşlarımızın sosial problemlərinin həllinə 4.3 milyard manat vəsait sərf olunmuşdur. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1.5 milyard manat Dövlət Neft Fondunun, 0.8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.

2012-ci ildə bu məqsədlə ayrılmış 603 milyon manat vəsaitdən 273 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondunun və 30 milyon manatı isə beynəlxalq təşkilatların vəsaitidir.

Bu da 2003-cü il ilə müqayisədə 5,5 dəfə çoxdur.

İndiyədək Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 31 min ailənin, yaxud 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilmiş, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288 kilometr qaz xətti çəkilmiş, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılmışdır. Bu işlərin 77 faizi Sizin 9 illik prezidentlik fəaliyyətiniz dövründə icra olunmuşdur.

Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə - 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülmüşdür.

Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün 352 evin inşası başa çatdırılmış və bu layihə cari ildə də davam etdiriləcəkdir. Bu isə, Azərbaycan dövlətinin beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq, öz qaçqın və məcburi köçkünləri ilə digər ölkələrdən olan qaçqınlara fərq qoymamasıdır.
Məlumat üçün bildirim ki, 2012-ci ildə Şəki rayonunda 423, Bərdə rayonunda 195, İmişli rayonunda 325, Qaradağ rayonunda 1440, Mingəçevir şəhərində 502 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 3 qəsəbə və iki yaşayış məhəlləsi inşa edilmişdir.

2012-ci ildə Bakı şəhəri ətrafında tikilmiş qəsəbələr hesabına, yaxın aylarda Bakı Dövlət Universitetinin, o cümlədən Dövlət Neft Akademiyasının yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəkdir.
Beləliklə, 2012-ci il ərzində 296 min kvadratmetr sahəsi olan 6 yeni yaşayış kompleksi salınmış, 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni evlərə köçürülmüş, 3300 şagird yerlik 6 məktəb inşa edilmişdir.

Son 20 ildə həcminə görə ən böyük 1300 şagird yerlik məktəb 2012-ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmişdir.

Həmçinin gücünə görə son 20 ildə ən böyük elektrik yarımstansiyası - 280 meqavat olmaqla, məcburi köçkünlər üçün Ağcabədi rayonunda istifadəyə verilmişdir. Bu yarımstansiya 5 rayonun - Ağcabədi, Ağdam, Bərdə, Beyləqan və İmişli rayonlarının elektrik enerjisinə olan tələbatını sabitləşdirmişdir.

Beləliklə, bütün rayonlarda qaçqın və məcburi köçkünlər üçün tikilən qəsəbələrdən və onun infrastrukturundan yerli əhali də bəhrələnmişdir.

Sizin bu sahədə qəbul etdiyiniz fərman və sərəncamların icrası nəticəsində 2012-ci ildə aşağıdakılara nail olunmuşdur:

- hər bir nəfər məcburi köçkünə müavinət və kommunal xidmətlərə görə 1040 manat vəsait sərf olunub. Bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir;
- yoxsulluq həddi 15 faizə enib, - 2011-ci ildə 18 faiz idi;
- doqquz min nəfər işlə təmin olunub;
- məcburi köçkünlərə verilən aylıq yemək xərci müavinəti hər il artırılaraq 16 manat 50 qəpiyə çatdırılıb. Bu, 2003-cü ilə nisbətən 3,5 dəfə çoxdur;
- İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun və Dünya Bankının kreditlərindən 34 min məcburi köçkün bəhrələnib;
- Dünya Bankının vəsaiti hesabına həyata keçirilən mikrolayihələrdən 250 min nəfər faydalanıb;
- 1463 nəfər məcburi köçkün abituriyent ali məktəblərə qəbul olunub, 3 nəfər isə Prezident təqaüdünə layiq görülüb;
- 240 min nəfərdən çox məcburi köçkünə tibbi xidmət göstərilib;
- qaçqın və məcburi köçkünlər ölkə əhalisinə inteqrasiya olunublar;
- qaçqın və məcburi köçkünlərin dünyagörüşü və intellekt səviyyələri xeyli yüksəlib;
- bu yaxınlarda Dünya Bankının mərkəzi ofisində həmin Bankın bütün dünya üzrə həyata keçirdiyi 10 minlərlə layihələrin vaxtında, keyfiyyətli və şəffaf icra meyarına görə ölkəmizdə məcburi köçkünlərlə bağlı həyata keçirilən layihə maliyyə ilinin üç ən təqdirəlayiq layihəsindən biri seçilib;
- ötən il qaçqın və məcburi köçkünlərin 466 müraciəti əsasında keçirilən 213 məhkəmə prosesində onların hüquqlarının müdafiəsi təmin edilib, eyni zamanda, Avropa Məhkəməsinin bu məsələlərlə bağlı qərarlarının icrası yerinə yetirilib;
- qaçqın və məcburi köçkünlərdən daxil olmuş 60 min yazılı və şifahi müraciətinə baxılıb və müraciətlərin 80 faizindən çoxu müsbət həll edilib;
- 2003-cü ilə nisbətən müraciətlərin sayı 2 dəfə azalıb və onların əvvəlki müraciətlərinin məzmunu sosial problemlərə aid idisə, indiki müraciətlər əsasən ayrı-ayrı dövlətlərin və beynəlxalq təşkilatların münaqişənin həllinə ədalətsiz yanaşmaları barədədir.

Cənab Prezident!

Qeyd etmək lazımdır ki, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Azərbaycan” internet portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın hərbi təcavüzünün nəticələri barədə geniş məlumat toplanmış və Fondun xətti ilə hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, beynəlxalq mətbuatda soyqırımı haqqında yazılar dərc etdirilir.

Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 40-dan artıq ölkədə “Xocalıya ədalət” beynəlxalq məlumat-təşviqat kampaniyası çərçivəsində silsilə tədbirlər təşkil olunur.

Komitə tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə məlumatlar müxtəlif dillərdə kitab, broşür və CD şəklində hazırlanaraq Azərbaycanın xarici ölkələrdəki səfirlikləri tərəfindən keçirilən görüşlərdə yayılması təmin edilir.

Sizin humanitar təşkilatların şəffaf, sərbəst və səmərəli fəaliyyəti üçün yaratdığınız şəraitin nəticəsidir ki, hazırda ölkəmizdə bu sahədə 49 beynəlxalq, 43 yerli humanitar təşkilatın xətti ilə məcburi köçkünlər üçün prioritet hesab olunan müxtəlif humanitar və inkişaf layihələri həyata keçirilir.

Sizin tapşırığınıza əsasən, 2013-cü ildə də bu məqsədlə 575 milyon manat vəsaitin ayrılacağı nəzərdə tutulmuşdur. 237 milyon manat büdcə, 300 milyon manat Dövlət Neft Fondunun, 38 milyon manat isə beynəlxalq təşkilatların vəsaitidir.

Bu vəsait imkan verəcəkdir ki, daha 20 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılsın.

Dövlət Neft Fondundan ayrılacaq 300 milyon manat vəsait hesabına 3941 ailə və ya 20 min nəfər məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə salınacaqdır. O cümlədən Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli 25 binadan, Bərdə rayonunda 866 məcburi köçkün ailəsinə 5 mərtəbəli 15 binadan ibarət yeni yaşayış məhəllələri, Abşeron rayonunun Masazır qəsəbəsində 758, İmişli rayonunda 225, Qaradağ rayonunun “Ümid” qəsəbəsinə yaxın ərazidə 200, İsmayıllı rayonunda 45 ailəlik qəsəbələr, Qəbələ rayonunda 155, Balakən rayonunda 43 ailə üçün 5 mərtəbəli yaşayış binaları, Axısxa türkləri üçün 142 mənzil tikiləcəkdir.

Sizin tapşırığınıza əsasən, Bakı şəhərindəki yataqxanalardan 90 min nəfər məcburi köçkünün müvəqqəti məskunlaşdırılması və müəyyən iş yerlərinin yaradılması üçün yeni yaşayış massivinin salınması məqsədi ilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisində 380 hektar torpaq sahəsi ayrılmış, əlavə olaraq 120 hektar torpaq sahəsinin ayrılması sənədləşdirilir.

Tövsiyənizə əsasən, hazırda Qobu şəhər məcburi köçkün yaşayış massivinin layihələndirilməsi və onun idarəetmə strukturunun yaradılması üzrə müvafiq işlər görülür.

Bakı şəhərinin digər obyektlərində - hərbi hissələrdə, məktəb, bağça, sanatoriya, pansionat, tikintisi yarımçıq qalmış binalarda, zəbt olunmuş mənzillərdə yaşayan 110 min məcburi köçkünün müvəqqəti məskunlaşdırılması üçün əlavə 500 hektar torpaq sahəsinin ayrılmasına ehtiyac vardır.
Zati–Aliləri!
Hesab edirik ki, 2013-cü ildə vasitəçilər tərəfindən məsələnin həlli ilə bağlı daha konkret təkliflər verilməli və işğalçı məcbur edilməlidir ki, işğal edilmiş torpaqlardan tezliklə çıxsın.

Ümid edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT, digər dövlət və beynəlxalq təşkilatlar ədalətsiz yanaşmadan, nəhayət əl çəkəcəklər.

Cənab Prezident!

Heç bir şübhə yoxdur ki, Sizin səyləriniz nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunacaq ərazilərdə həyat tamamilə yenidən qurulacaq, azərbaycanlılar öz ata-baba yurdlarına qayıdaraq yenidən öz doğma torpaqlarında yaşayacaqlar.

Bütün xalqımız kimi, məcburi köçkünlər də yalnız Sizə inanır, yalnız Sizə etibar edirlər!
İnanırlar ki, Azərbaycanı qarşıdakı illərdə daha böyük qələbələr, daha çox uğurlar gözləyir.
İnanırlar ki, bütün bu qələbələr, o cümlədən torpaqlarımızın erməni qəsbkarlarının işğalından azad olunması məhz Sizin adınızla bağlı olacaqdır!

Sizi əmin edirəm ki, bu sahədə qəbul etdiyiniz bütün fərman və sərəncamların, verdiyiniz tapşırıqların icrası vaxtında və keyfiyyətlə təmin ediləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

Rabitə və informasiya texnologiyaları naziri Əli ABBASOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Öncə qeyd edim ki, 2003-cü ilin fevralında ümummilli liderimiz Heydər Əliyevin xüsusi Fərmanı ilə regionda ilk dəfə olaraq qəbul olunmuş İKT-nin inkişafı üzrə 10 illik Milli Strategiya 2012-ci ildə başa çatmışdır. Digər tərəfdən Sizin ötən il dekabrın 29-da imzaladığınız Fərmanla “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və konsepsiyanın hədəflərinə çatmaq üçün İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulmuşdur.

İyirmiillik tariximizə nəzər salsaq, sosial-iqtisadi inkişafın mahiyyəti bir kiçik tezislə ifadə oluna bilər. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələn zaman onu çörək növbələri qarşılamışdı, 2013-cü ildə isə ölkəmiz Sizin rəhbərliyinizlə artıq kosmik ölkələr sırasına qoşulmuşdur.

İKT sektoru 2004–2013-cü illər üzrə hər üç ildə təxminən iki dəfə genişlənmişdir, 2012-ci ildə isə sektorun artım tempi təxminən 18 faiz olmuşdur. Bu isə ümumdünya orta artım tempindən təxminən 2,5 dəfə yüksəkdir. MDB ölkələri sırasında ilk dəfə 2008-ci ildə Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, 2010-cu ildə isə tam elektronlaşdırılmışdır, yəni rəqəmləşdirilmişdir. Keçən il şəbəkəyə, təxminən 20 min nömrə də əlavə olunaraq, “yeni nəsil şəbəkəsi” texnologiyaları tətbiq olunmuşdur. Hesabat ilində sektora 400 milyon ABŞ dollarından çox investisiya qoyulmuşdur.

Son üç ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda İnternet istifadəçilərinin sıxlığına görə liderdir. 2012-ci ildə bu rəqəm 65 faizdən təxminən 70 faizə yaxınlaşmışdır. Keçən ildə İnternet xidmətlərinin keyfiyyəti yüksəlmiş, 2011-ci illə müqayisədə xaricə çıxış tutumu 2,2 dəfə artmış, qiymətlər isə təxminən 35 faiz azalmışdır. Bu gün Azərbaycanda 1 meqabit-saniyə xidmətinin qiyməti orta əmək haqqının təxminən 3 faizi qədərdir. Müqayisə üçün qeyd edim ki, inkişaf etməkdə olan ölkələr üçün bu rəqəm orta hesabla 20 faiz civarındadır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda “evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlamışdır və 2013-cü ildə artıq bu layihəyə 103 milyon manat vəsait ayrılmışdır. Layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. 2014-cü ildən başlayaraq ümumi dəyərin 30-35 faizi reinvestisiya hesabına ödəniləcəkdir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaqdır.

Ötən ildə Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın doqquzuncu, dünyanın isə 37-ci ölkəsi olmuşdur. İndi bizdə hər 100 nəfərə təxminən 110 telefon düşür. Mobil telefon sistemi də 2010-cu ildə MDB ölkələri arasında ilk dəfə olaraq ölkə ərazisini 100 faiz əhatə etmişdir. İndi mobil abunəçilərin əksəriyyəti, həm də sürətli internet istifadəçiləridir.

Cənubi Qafqaz, Orta və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımının ilk dəfə Azərbaycanda tətbiq olunmasına başlanılmış və indi ölkə əhalisinin 90 faizinin bu yayım texnologiyasına çıxış imkanı təmin olunmuşdur. Azərbaycanda bu gün 25 televiziya kanalı var, onlardan 11-i ümumrespublika, 14-ü isə regional kanaldır, 15 radio proqramı mövcuddur. Eyni zamanda, 12 kabel televiziyası və 20-dən çox İnternet televiziya studiyaları fəaliyyət göstərir. Milli Teleradio Şurasının razılığı ilə ölkəmizdə mərkəzləşdirilmiş və lisenziyalaşdırılmış 100-dən çox xarici radio-televiziya kanallarının qəbulu, saxlanma və paylanma sistemi yaradılmışdır ki, planımız bu sistemi regional mərkəzə çevirməkdir.
Bir pəncərə prinsipi ilə işləyən vahid elektron hökumət portalı yaradılmış və 2012-ci ilin sentyabrından İnternet vasitəsilə əhali və iş adamlarının istifadəsinə verilmişdir. Elektron hökumət portalına 40 hökumət və dövlət qurumu real vaxt rejimində birləşdirilmiş və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158 sadə xidmət artıq portalda cəmləşdirilmiş və İnternetə birbaşa çıxışı olan əhalinin istifadəsinə verilmişdir. Elektron imza sisteminin kompyuter və mobil telefon versiyası işə salınmış və 2012-ci ildə təxminən 5,5 mindən çox dövlət məmuru və vətəndaşlar elektron imzadan istifadə etmişlər.

Dünya Bankı və Azərbaycan Mərkəzi Bankı ilə birlikdə poçt sisteminin müasir kompyuter şəbəkəsi qurulmuş, müasir idarəçilik və yeni iş prinsipləri üzrə fəaliyyəti təmin edilmiş, qeyri-ənənəvi xidmətlərin, o cümlədən bank-maliyyə, elektron dövlət xidmətləri, logistika və digər xidmətlərin göstərilməsinə başlanmışdır. Lakin qeyd etməliyəm ki, poçt sisteminin rəqabətlilik qabiliyyətini yüksəltmək və rentabelliliyini təmin etmək üçün işlər hələ davam edir. Bu gün poçt müəyyən həcmdə dövlət büdcəsindən və əsasən də telekommunikasiya sektorunda əldə olunan gəlirlərdən subsidiya almaqda davam edir.

Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı başa çatmış və fevral ayının birinci ongünlüyündə orbitə çıxarılması planlaşdırılmışdır. Peyk orta çəkilidir - 3,2 ton, ABŞ-ın “Orbital” şirkəti tərəfindən istehsal olunmuş və Fransanın “Arian” şirkəti tərəfindən orbitə çıxarılacaqdır. Peyk resurslarının 20 faizi ölkəmizin yerli tələbatını ödəmək üçün istifadə olunacaqdır, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacaqdır. Təxminən 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır. Peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin yaradılması başa çatmışdır. Mərkəz təkcə Azərbaycanın yox, region üzərindən uçan digər ölkələrə məxsus peyklərin də idarə olunması üçün istifadə olunacaqdır. Yer səthinin müşahidəsi üçün universal qəbuletmə və emaletmə sisteminin quraşdırılmasına başlanılmış və 2013-cü ilin sentyabr ayından real vaxt rejimində əcnəbi peyklərdən yüksək dəqiqlikli təsvirlərin alınması və müxtəlif təyinatlı istifadəsi təmin olunacaqdır. Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılmışdır. Qeyd edim ki, BMT-nin uyğun komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunmuş, ölkəmiz kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürmüşdür. Kosmik texnologiyalar üzrə çox vacib məsələ olan kadr hazırlığına xüsusi diqqət yetirilmişdir. Son üç ildə orta yaşı 25-28 olan təxminən 30 nəfər peyklərin idarə olunması üzrə ABŞ, Fransa və Malayziyada uzunmüddətli kurs və təlimlər keçmiş milli mütəxəssis hazırlanmışdır.
BMT-nin 67-ci Baş Məclisi (dekabr 2012-ci il) Azərbaycanın əlaqələndirici olduğu “Avrasiya Transmilli Böyük İnformasiya Magistralı” (TASİM) layihəsinə xüsusi qətnamə ilə ikinci siyasi dəstəyini vermiş və bu layihə üzrə xüsusi alyansın yaradılmasını tövsiyə etmişdir. İkinci layihə Avropa Yaxın Şərq yüksəksürətli İnformasiya Şəbəkəsinin (EPEG) Azərbaycanda əsas və ehtiyat qovşaqlarının quraşdırılması tamamlanmışdır. İnternet şəbəkəsinin regional resurslar və xidmətləri serverlərinin, ünvanların idarə olunması üçün regional sistemin ölkəmizdə qurulması Azərbaycanın region ölkələrinə internet xidmətlərinin ixracını xeyli artırmışdır.

Ötən il ölkəmiz beynəlxalq aləmdə, həmçinin genişmiqyaslı kütləvi tədbirlərin keçirilməsi ilə yadda qalmışdır. Bu kütləvi tədbirlər zamanı, həmçinin də ölkəmizin telekommunikasiya, İnternet, radio-televiziya şəbəkələri xüsusilə gücləndirilmiş rejimdə işləmişdir. 2012-ci ildə “BakuTel” beynəlxalq konfrans və sərgi ilə birlikdə BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı və şəxsən cənab Prezident, Sizin himayənizlə ilin İnternet üzrə ən böyük tədbiri – İnternet İdarəçilik Forumu Bakıda keçirilmişdir. Forumda 1600-dən çox xarici və 1200 Azərbaycan vətəndaşı iştirak etmişdir, 3800 xarici iştirakçı isə videokonfranslar vasitəsilə Foruma qoşulmuşlar.

İKT-nin daha sürətli inkişafı üçün 2012-ci ildə İKT-nin İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, İnformasiya Təhlükəsizliyi Mərkəzi və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Agentliyinin yaradılması üzrə Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları imzalanmışdır. İKT məhsul və xidmətlərinin ixrac həcminin artırılması üçün vergi güzəştlərinin tətbiqinə qərar verilmişdir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hədəfimiz İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı səkkiz ildə sektorun gəlirlərini 8-9 milyard ABŞ dollarına çatdırmaqdır. Buna əsasən, rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılmışdır.

Diqqətinizə görə sağ olun!

X X X

Dövlətimizin başçısı iclasa yekun vurdu.

Prezident İlham Əliyevin yekun nitqi

- Hesab edirəm ki, əvvəlki illərdə əldə edilmiş uğurlar 2013-cü ildə çox vacib rol oynayacaqdır. Çünki əvvəlki illərdə qəbul edilmiş proqramlar və icra edilmiş layihələr bu ilin uğurlu inkişafını da təmin etməlidir. Nəzərə alsaq ki, son illər ərzində, ümumiyyətlə müstəqil Azərbaycan dövlətinin tarixində 2013-cü ilin büdcəsi ən böyük büdcədir, hesab edirəm ki, biz bütün vəzifələri uğurla icra edəcəyik. Dövlət büdcəmizin xərcləri təxminən 20 milyard manat səviyyəsindədir. Əlbəttə, bu, böyük rəqəmdir. Bu vəsait bizə imkan verəcək ki, ölkə qarşısında duran əsas infrastruktur layihələrini başa çatdıraq. Bizim düşünülmüş siyasətimiz, eyni zamanda, planlı addımlarımız məhz ona hesablanıb ki, bütün infrastruktur layihələri bu ilin sonuna qədər başa çatsın.

Bu layihələrin bəziləri əvvəlki illərdə, bəziləri keçən il başlanmışdır. Ancaq bu layihələrin icra edilməsi nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik. Çünki bizim infrastruktur layihələrimizin yaradılması sovet dövründən başlamışdır. Onların bir hissəsi köhnəlmiş, bir hissəsi sıradan çıxmışdır. Həyat yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar üzə çıxıbdır. Biz elə etməliyik ki, gələn ildən başlayaraq bizim infrastruktur sahəsində heç bir çatışmazlıq olmasın. Hesab edirəm ki, Dövlət İnvestisiya Proqramının həcmi və istiqamətləri bu məqsədə çatmaq üçün bizə imkan yaradacaqdır. Nəzərə alsaq ki Dövlət İnvestisiya Proqramı ilin əvvəlində deyil, ilk dəfə olaraq ötən ilin sonunda qəbul edilmişdir, biz vaxt itirmədən işlərə başlamalıyıq və artıq başlamışıq. İnfrastruktur layihələri arasında əlbəttə ki, prioritetlər vardır. Bu prioritetlər artıq neçə ildir ki, Dövlət İnvestisiya Proqramında öz əksini tapır. Dövlət investisiyaları, əlbəttə, infrastruktur layihələrinin təkmilləşməsinə xidmət göstərir. Ancaq eyni zamanda, biz görürük ki, dövlət investisiyaları özəl sektordakı vəziyyətə canlanma gətirir. Özəl investisiyalar da böyük həcmdə gözlənilir. Mən giriş sözümdə qeyd etdim ki, keçən il tarixdə ən böyük investisiyalar Azərbaycana qoyulmuşdur, 22 milyard dollardan çox. Hesab etmək olar ki, bu səviyyə bu il də qorunub saxlanılacaqdır. Beləliklə, həm dövlət, həm yerli və xarici özəl şirkətlər tərəfindən qoyulacaq sərmayə ölkəmizi daha da möhkəmləndirəcəkdir.

Prioritetlərə gəldikdə isə, yenə də deyirəm, biz infrastruktur layihələrimizi ardıcıllıqla icra etməyə başlamışdıq. İlk növbədə, ölkəmizin enerji potensialının yaradılmasına çalışırdıq. Son illər ərzində 1500 meqavat gücündə yeni elektrik stansiyaları fəaliyyətə başlamışdır. Bu gün biz nəinki özümüzü təmin edirik, eyni zamanda, başqa ölkələrə də enerjimizi ixrac edirik. Azərbaycan öz enerjisini qonşu ölkələrə də ixrac edir. Yəni bu, prioritet idi. Çünki bunsuz heç bir inkişaf mümkün deyildir. Biz artıq bu sahədə böyük dərəcədə uğurlara nail olmuşuq. Generasiya güclərimizi böyük dərəcədə artıra bilmişik. Bu il “Cənub” elektrik stansiyasının işə düşməsi, - bu da təqribən 800 meqavat gücünə yaxın olan bir stansiyadır, - bizim bu sahədəki vəziyyətimizi daha da yaxşılaşdıracaqdır. Çünki həm istehsal gücü artır, eyni zamanda, itkilər də azalır. Əvvəlki dövrlə müqayisədə itkilər böyük dərəcədə aşağı düşmüşdür. Bu gün itkilər demək olar ki, qəbul edilmiş normalar səviyyəsindədir. Ancaq bununla bərabər, biz bu sahədəki fəaliyyətimizi davam etdirəcəyik. “Şimal-2” elektrik stansiyasının tikintisi davam edir. O da təqribən 400 meqavata yaxın əlavə gücün yaradılmasına xidmət göstərəcəkdir.

Onu da nəzərə almalıyıq ki, istehlak ildən-ilə artır. Əgər əvvəlki dövrdə qışla yay arasında fərq var idisə, qışda daha çox enerji istehlak olurdu, yayda daha az. Artıq bu fərq də aradan götürülübdür. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, insanların yaşayış səviyyəsi artır. İndi yayda kondisionerlərdən daha çox istifadə olunur. Əvvəlki illərdə bu, belə deyildi. Tələbat, əhali, iqtisadiyyat artır. Biz elə etməliyik ki, generasiya güclərimiz tələbatdan daim çox olsun.

Biz artıq bərpa olunan enerji növlərinin yaradılması ilə ciddi məşğuluq. Keçən il bu sahədə ciddi addımlar atılmışdır. Günəş panelləri istehsal edən zavod işə başlamışdır. Artıq su mənbələrimiz səmərəli şəkildə bu işlərə cəlb edilmişdir. Keçən il Füzuli Su Elektrik Stansiyasının işə düşməsi bu sahədə böyük addım idi. Bu, 25 meqavat gücündə bir stansiyadır. Kiçik çaylarda 1, 2, 3, 5 meqavat gücündə stansiyaların tikintisi davam edir. Biz su mənbələrimizi maksimum dərəcədə bu işlərə cəlb etməliyik ki, bərpa olunan enerji növləri ümumi enerji balansımızda artsın. İnfrastruktur layihələri arasında təbii ki, enerji təchizatından sonra qazlaşdırma layihələri də çox mühüm əhəmiyyət daşıyırdı. Son illər bu sahədə də aparılan işlər təqdirəlayiqdir. Bu ilin investisiya proqramında da bu məqsədlər üçün vəsait nəzərdə tutulur. Hesab edirəm ki, bu ilin sonuna qədər ölkəmizin ümumi qazlaşdırma səviyyəsi 90 faizə çata bilər. Hər halda biz buna çalışırıq. Bölgələrdə gedən işlər deməyə əsas verir ki, biz bu hədəfə çatacağıq. Bu da çox yüksək göstəricidir. Nəzərə alsaq ki, ölkəmizin bir hissəsini dağlıq ərazilər təşkil edir, oraya qaz xətlərinin çəkilişi həm iqtisadi cəhətdən səmərəsizdir, həm texniki cəhətdən çox çətindir. Biz əhalimizin böyük hissəsini qazla təmin edəcəyik. Yeni borular çəkilir, yeni ölçü mexanizmləri, sayğaclaşma tamamilə yeni səviyyədə aparılır. Biz bu sahədə infrastrukturumuzu demək olar ki, tamamilə yeniləşdirəcəyik.

Elektrik enerjisinin təchizatına gəldikdə isə, generasiya ilə bağlı artıq işlər yüksək səviyyədədir. Amma xətlərdə hələ ki, problemlər vardır. Xətlərin yenilənməsi istiqamətində bu ilin investisiya proqramında vəsait nəzərdə tutulubdur. Bu işlər vaxtında icra edilməlidir. Biz ardıcıl olaraq bir neçə il bundan əvvəl içməli su və kanalizasiya layihələrinin icrasına çox ciddi şəkildə başlamışıq. Bu, çox böyük layihədir. Ölkəmiz üçün bunun əhəmiyyəti çox böyükdür. Çünki bütün dövrlərdə Azərbaycanda, Bakıda və digər bölgələrə içməli su problemi çox kəskin dayanmışdır. Bölgələrdə, ümumiyyətlə, kanalizasiya xətləri yox idi. Bakının da kanalizasiya sistemi köhnəlmişdir. Bu sahədə böyük quruculuq işləri aparılır və biz yenə də maksimum səviyyədə hədəf seçmişik ki, bu sahədə infrastruktur tamamilə yenilənsin. İndi həm Bakıda, həm bütün bölgələrdə içməli su və kanalizasiya layihələri icra edilir. Ümid edirəm ki, içməli su ilə bağlı layihələr, hər halda onların böyük əksəriyyəti bu ilin sonuna qədər başa çatacaqdır. Bununla paralel olaraq, kanalizasiya xətlərinin çəkilişi də davam etdirilir. Bu da tarixi bir nailiyyət olacaqdır. Çünki təmiz içməli su ilə əhalimizi təmin etmək çox böyük işdir. İnsanların rahatlığı, sağlamlığı üçün bunun əvəzsiz rolu olacaqdır. Yəni, bunlar investisiya proqramında nəzərdə tutulan əsas infrastruktur layihələridir. Bütün müvafiq qurumlar öz vəzifə borcunu yerinə yetirirlər. Bu layihələr keyfiyyətlə və vaxtında icra edilməlidir.

Eyni zamanda, Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması vardır. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Bu sahəyə də bu il vəsait qoyulacaqdır. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilibdir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Kəndlərarası yolların çəkilişi geniş vüsət almışdır. Keçən il bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan yüz milyon manatdan artıq vəsait ayrılmışdır. Bu il də bu məbləğ ondan az olmamalıdır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək. Çünki onların əksəriyyəti torpaq yollar idi və qar, yağış yağan kimi o yollar keçilməz olurdu. İndi bütün yollara asfalt salınır. Ancaq əlbəttə ki, biz bu işləri digər infrastruktur layihələri ilə uzlaşdırmalıyıq, xüsusilə, yeraltı kommunikasiyaların - su, qaz xətlərinin çəkilişi ön planda olmalıdır. Ondan sonra yollar salınmalıdır, yəni, ardıcıllıq məhz belə olmalıdır. Mən infrastruktur layihələri arasında, eyni zamanda, meliorasiya layihələrini qeyd etmək istəyirəm. Bu sahəyə də biz böyük vəsait ayırmışıq. Həm Dövlət Neft Fondunun xətti ilə, eyni zamanda, dövlət büdcəsinin xətti ilə.

Hazırda Azərbaycanda iki nəhəng layihə - Taxtakörpü su anbarı-Samur-Abşeron kanalı və Şəmkirçay su dəryaçası layihələri icra edilir. Bu layihələrin icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcəkdir. Bu layihələr çox böyük maliyyə vəsaiti tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki bu, ölkə iqtisadiyyatı, biznesin aparılması və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır. Taxtakörpü su anbarı bu il istifadəyə verilməlidir. Şəmkirçay su anbarı isə yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Hər halda, Dövlət İnvestisiya Proqramında və Neft Fondunun investisiya layihələrində bu sahəyə kifayət qədər böyük məbləğ ayrılır. Sadəcə olaraq, bütün işlər yüksək keyfiyyətlə və vaxtında aparılmalıdır. Deyə bilərəm ki, əsas infrastruktur layihələrimiz bunlardır və yenə də qeyd etmək istəyirəm ki, bu layihələrin əsas hissəsi bu ilin sonuna qədər başa çatmalıdır. Biz 2004-cü ilin əvvəlində birinci regional proqramı qəbul edərkən məhz belə də planlaşdırırdıq ki, iki beşillik proqram bizə ölkə qarşısında duran bütün sosial infrastruktur layihələrinin icrasına imkan verəcəkdir.

Eyni zamanda, bu ilin büdcəsində sosial sferaya ayrılan vəsait də kifayət qədər böyükdür. Qeyd etdiyim kimi, əmanətlərin kompensasiyası prosesi başa çatmalıdır. Artıq burada heç bir şübhə yoxdur ki, bu, uğurla başa çatacaqdır. Sosial infrastrukturun tikilməsi nəzərdə tutulur. Məktəb, xəstəxana, mədəniyyət ocaqlarının, idman komplekslərinin tikintisi nəzərdə tutulur. Yetmişdən çox tibb müəssisəsi yenidən tikiləcək, təmir ediləcəkdir. Son on il ərzində 2500-ə yaxın məktəb tikilmişdir və proses hələ də davam edir.

Bizdə, ümumiyyətlə, 4500-dən bir qədər çox məktəb var ki, onların böyük hissəsi qəzalı vəziyyətdə idi. İndi qəzalı vəziyyətdə olan məktəblərin sayı böyük dərəcədə azalıbdır. Çalışacağıq ki, bu il ümumiyyətlə, bütün qəzalı vəziyyətdə olan məktəbləri yenidən quraq və təmirə ehtiyacı olan məktəblər də tədricən təmir ediləcəkdir. Bakı şəhərindəki məktəblərə gəldikdə, bu il bütün məktəblərin təmir-tikinti işləri başa çatmalıdır. Bu məsələ daim diqqət, nəzarət altındadır. Bu il Bakıda və gələn illərdə bütün bölgələrdə bir dənə də olsun nəinki qəzalı, təmirsiz, yaxşı təmir olunmayan məktəb qalmamalıdır.

Bu il, eyni zamanda, maaşların və pensiyaların artırılması nəzərdə tutulur. Bu da mütəmadi qaydada həyata keçirilən məsələdir. Artıq burada qeyd olundu ki, Azərbaycanda orta maaş və orta pensiya artır. Əgər biz MDB məkanında müqayisə aparsaq, bu, yüksək səviyyədədir. Orta əməkhaqqı 500 dollardan çoxdur. Orta pensiya 200 dollara yaxındır. Əvəzləşmə əmsalı da inkişaf etmiş ölkələrin səviyyəsindədir. Pensiya maaşın 40 faizini təşkil edir. Ancaq əlbəttə ki, bu, bizi qane etmir. Baxmayaraq ki, son illərdə əməkhaqları və pensiyalar bir neçə dəfə artmışdır, biz çalışmalıyıq ki, daha da böyük artıma nail olaq.

Biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin işə salınması və sənayeləşmə ilə bağlı planlarımız həyata keçirildikdə, əlbəttə ki, insanların, yəni özəl sektorda fəaliyyət göstərənlərin yaşayış səviyyəsi yaxşılaşdırılacaqdır. Dövlət sektorunda işləyənlərin isə maaşları qaldırılmalıdır və qaldırılacaqdır. Yəni, cari ilin büdcəsində bu, nəzərdə tutulubdur.

Qarşıda duran vəzifələrdən biri də bu il makroiqtisadi sabitliyi qoruyub saxlamaqdır. Mən hesab edirəm ki, burada biz heç bir problemlə üzləşməyəcəyik. Çünki giriş sözümdə dediyim kimi, baxmayaraq ki, ötən il investisiyalar da böyük həcmdə qoyulmuşdur, əmanətlərin qaytarılması da başlamışdır, inflyasiya cəmi 1,1 faiz təşkil etmişdir. Əlbəttə, biz çalışmalıyıq və əminəm, buna nail olacağıq ki, inflyasiya bu il də birrəqəmli olsun. Birrəqəmli inflyasiya ölkənin uğurlu inkişafını təmin edir və əhalinin real pul gəlirlərini artırır. Makroiqtisadi sabitlik daim nəzarət altındadır. Hesab edirəm ki, bu sahədə də heç bir problem olmayacaqdır.

Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Son illər ərzində bu sahədə böyük uğurlar əldə edilmişdir. Bu siyasət məqsədyönlü şəkildə davam etdiriləcəkdir. Burada biz müxtəlif alətlərdən istifadə edirik. Əlbəttə ki, cəza tədbirləri, inzibati tədbirlər mühüm yer tutur və bu sahədə bizim amansız mübarizəmiz davam etdiriləcəkdir. Bu məsələ ilə məşğul olan bütün dövlət qurumlarına bir daha tapşırıq verirəm ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır, biz bu bəlanı aradan götürməliyik. Bununla bərabər, institusional tədbirlər də, sistem xarakterli tədbirlər də görülməlidir və görülür. Onların arasında elektron xidmətlərə keçid məsələləri də mühüm yer tutur. Burada qeyd olunduğu kimi, İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik. Elektron xidmətlərin sayı artmalıdır və bu sahədə görülən işlər davam etdiriləcəkdir. İctimai nəzarət daha da güclü şəkildə təşkil edilməlidir. Şəffaflıq maksimum dərəcədə təmin edilməlidir. Yenə də deyirəm, cəza tədbirləri, inzibati tədbirlər, institusional sistem xarakterli tədbirlər əminəm ki, gələcəkdə də korrupsiyaya qarşı mübarizədə bizə kömək edəcəkdir. Keçən ilin sonunda biz bu sahədə, yəni bütün bu vacib sahələri ehtiva edən yeni qurumun yaradılmasına nail ola bilmişik. “ASAN xidmət” artıq öz fəaliyyətinə başlayır və bu xidmətdə məhz dediyim amillər cəmləşir - həm innovasiya, insanlara xidmət, korrupsiyaya qarşı mübarizə, şəffaflıq, yenilik, müasirlik. Məhz ölkəmiz bu istiqamətdə inkişaf etməlidir. Buna nail olmaq üçün, əlbəttə, biz kadr potensialının hazırlanmasına bundan sonra da çox ciddi fikir verməliyik.

Mən çox şadam ki, indi Azərbaycanda müxtəlif yerlərdə gənc, müasir kadrlar fəaliyyətə başlayır, yetişir. Onlar vətənpərvərlik ruhunda tərbiyə olunub, eyni zamanda, bilikli, savadlı gənclərdir. Onlar bizim gələcəyimizdir. Ölkəmizi gələcəkdə də uğurla idarə etmək üçün bu gün güclü gənc kadr potensialı yetişməlidir. Bu məqsədə çatmaq üçün biz müxtəlif imkanlardan istifadə edirik. Bildiyiniz kimi, gənclərimizi xaricdə oxuduruq, onları dövlət hesabına inkişaf etmiş ölkələrin aparıcı ali məktəblərinə göndəririk. Bu, əlbəttə müsbət təşəbbüs idi və davam edir. Ancaq mən hesab edirəm ki, indi daha çox ölkə daxilində biz elə sistem yaratmalıyıq ki, müasir biliklərə çatmaq, onları əldə etmək üçün bütün imkanlar olsun. Bu sahədə də tədbirlər görülür və görüləcəkdir. Biz yeni texnologiyaları, müasir yanaşmanı tələb edən sahələrə gəncləri daha da çox cəlb etməliyik.

Maliyyə məsələləri ilə bağlı olan bir məsələni də qeyd etmək istəyirəm. Baxmayaraq ki, mən bu məsələ barədə dəfələrlə fikirlərimi, iradlarımı bildirmişəm və müəyyən işlər görülübdür, ancaq hələ ki, lazımi səviyyədə deyildir. Azərbaycanda nağdsız ödəmələr çox aşağı səviyyədədir. Bu, böyük problemdir. Bu, bir tərəfdən bu sistemdə şəffaflığın tam təmin edilməsi üçün bizə imkan vermir, eyni zamanda, xoşagəlməz halların mövcudluğunu da şərtləndirir. Hesab edirəm ki, bu il daha da ciddi tədbirlər görülməlidir. Mən təkliflər gözləyirəm ki, nağdsız hesablaşmaların, ödəmələrin sayı artsın. 2012-ci ildə doğrudan da, bu sahədə çox böyük işlər görülmüşdür və mən bu işləri qiymətləndirirəm. Hesab edirəm ki, biz bu il və bundan sonrakı illərdə də bu sahəyə çox ciddi fikir verməliyik. Burada, necə deyərlər, heç bir yeni üsul icad etməməliyik, inkişaf etmiş ölkələrin təcrübələrinə baxmaq kifayətdir.

Əlbəttə, Azərbaycan inkişafda olan dövlətdir və bizdə bu sahədə hələ ki, vəziyyət inkişaf etmiş ölkələrdəki kimi deyildir. Amma, biz buna çatmalıyıq. Çünki biz qarşıya hədəf qoymuşuq ki, bütün sahələrdə inkişaf etmiş ölkələrin səviyyəsində olmalıyıq və onların müsbət təcrübələrini Azərbaycanda tətbiq etməliyik. Bu sahə də çox vacib sahədir. Bu, bizə imkan verəcək ki, öz maliyyə və iqtisadi sahəmizdə şəffaflığı artıraq və insanlara daha da yaxşı xidmət göstərək.

Regionların inkişafı ilə bağlı, hesab edirəm ki, bu il də bütün işlər yüksək səviyyədə aparılacaqdır. Regionların inkişafı bilavasitə Dövlət İnvestisiya Proqramının tərkib hissəsidir. İnvestisiyaların böyük əksəriyyəti regionlara yönəldilibdir və ikinci Regional İnkişaf Proqramı əminəm ki, uğurla başa çatacaqdır. Eyni zamanda, regionların, xüsusilə sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini də mən yüksək qiymətləndirirəm. Bu Fondun xətti ilə bu günə qədər təxminən 1 milyard manata yaxın vəsait aşağı faizlərlə kredit şəklində sahibkarlara verilmişdir və çox şadam ki, bu vəsait qaytarılır. Sahibkarlar bu kreditlərə böyük məsuliyyətlə yanaşırlar və eyni zamanda, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafı üçün öz metodik tövsiyələrini verir və eyni zamanda, biznesin düzgün aparılması üçün istiqamət göstərir. Yəni, biz özəl sektorun, sahibkarlığın inkişafına təkcə maliyyə prizmasından yanaşmırıq, eyni zamanda, tövsiyələr, məsləhətlər də verilir.

Bu il sahibkarlara 250 milyon manat güzəştli kredit veriləcəkdir və bu vəsaitin 83 faizi regionların payına düşür. Hesab edirəm ki, biz görülən işlər nəticəsində regionların inkişafına böyük xidmət göstərmişik, regionlarla paytaxt arasındakı fərqi azalda bilmişik. Bunu etmək çox çətindir. Çünki paytaxt da çox sürətlə inkişaf edir və bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq şadam ki, bölgələrdə də yerli vətəndaşlar, icra orqanlarının nümayəndələri, fəallar çalışırlar ki, onların da şəhərləri, qəsəbələri, kəndləri gözəlləşsin. Kreditlərin verilməsi özünü doğruldub, ildən-ilə məbləğ artır və biz bu 250 milyonu daha çox əvvəlki illərdə verilmiş və qaytarılan vəsaitlər hesabına təmin edirik.

Bununla bilavasitə bağlı olan ərzaq təhlükəsizliyi məsələləri də daim diqqət mərkəzindədir. Mən çox şadam ki, biz qarşıya qoyulmuş hədəfə yaxınlaşırıq. Keçən dəfə sahibkarlarla görüşdə qeyd etmişdim ki, indi biz özümüzü əsas ərzaq malları ilə təmin edirik. Amma əlbəttə, istərdim ki, biz özümüzü 100 faiz təmin etmək səviyyəsinə çataq. Artıq görülən işlər, xüsusilə iri fermer təsərrüfatlarının yaradılması, meliorativ tədbirlərin görülməsi, kreditlərin verilməsi, infrastruktur, yolların və s. məsələlərin həlli hesabına biz buna nail olacağıq ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etsin. Bu, tarixi nailiyyət olacaqdır. Bu, gələcəyə hesablanmış bir addım olacaqdır. Çünki əlbəttə ki, biz dünya iqtisadiyyatının bir parçasıyıq və Azərbaycanda çatışmayan, yəni istehsalı lazımi səviyyədə olmayan məhsulları idxal edirik. Ancaq hesab edirəm ki, hər bir ölkə əsas ərzaq məhsulları ilə özünü təmin etməlidir. Bu, həm təhlükəsizlik nöqteyi-nəzərdən vacibdir, eyni zamanda, yerli istehsalın gücləndirilməsi deməkdir və dövlətimiz bu məqsədə çatmaq üçün demək olar ki, hər şeyi edir. İnfrastruktur layihələri dövlət hesabına icra edilir, kənd infrastrukturuna milyardlarla vəsait qoyulur. Kreditlər sahibkarlara dövlət qurumları tərəfindən güzəştli şərtlərlə verilir ki, onlar öz bizneslərini qursunlar. “Aqrolizinq” tərəfindən gətirilən texnika icarəyə verilir. Hətta biz iribuynuzlu mal-qaranı da alıb gətirdir, fermerlərə paylayırıq ki, onlar biznes qursunlar. Kəndlilər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. İkinci belə ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaradır, güzəşt edir və bu qədər vəsait ayırır. Bunu biz insanların yaxşı yaşaması, biznes şəraitinin yaxşılaşdırılması və kənd təsərrüfatının inkişafı üçün edirik. Biz, yenə də deyirəm, bu sahədə böyük ixracatçı ölkəyə çevrilə bilərik və artıq çevrilirik. Yəni, bu il bu məsələ də xüsusi diqqət tələb edir və bütün lazımi tədbirlər görülməlidir, o cümlədən investisiya proqramında da bu, öz əksini tapıbdır.

Qeyd etdiyim kimi, Bakı və onun qəsəbələrinin inkişafı proqramı bu il başa çatmalıdır. Bu da çox ciddi, böyük, qısamüddətli, eyni zamanda, çox təsirli proqramdır və bu il biz bu proqramı başa çatdıracağıq.

Hesab edirəm ki, 2013-cü ildə sənaye istehsalı ilə bağlı, çox ciddi addımlar atılacaqdır. Bütün hazırlıq işləri görülüb. Nəinki hazırlıq işləri görülüb, eyni zamanda, artıq burada qeyd olundu, böyük sənaye müəssisələri işə düşüb. Onların bir hissəsi dövlət, böyük hissəsi isə özəl sektor tərəfindən icra edilib. Əvvəlki illərdə qeyd etdiyim kimi, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılır. Gəncədə, Sumqayıtda, Bakının Qaradağ rayonunda, digər yerlərdə böyük sənaye obyektləri tikilir və 2013-cü ildə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir. Xüsusilə sənaye istehsalının təşviqi üçün yeni qaydaların tətbiq edilməsi, texnoparkların fəaliyyətinin gücləndirilməsi və bu fəaliyyəti gücləndirmək üçün əlavə tədbirlərin görülməsi, güzəştlərin verilməsi məsələləri nəzərdə tutulub.

Qaldı ki, sahibkarlar, yerli və xarici şirkətlər, kiçik və böyük şirkətlər bu imkanlardan istifadə etsinlər. Azərbaycanda bütövlükdə investisiya iqlimi çox yaxşıdır. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə biz MDB məkanında liderlik mövqelərimizi uzun illərdir ki, saxlaya bilmişik. Bizneslə məşğul olmaq üçün bütün imkanlar vardır, heç bir məhdudiyyət yoxdur, əksinə, qeyd etdiyim kimi, dövlət də öz dəstəyini əsirgəmir.

Texnoparkların fəaliyyəti üçün yenə də dövlət tərəfindən builki, investisiya proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulur ki, o ərazilər təmizlənsin, orada bütün infrastruktur, kommunikasiyalar, dəmir yolu xətləri yaradılsın. Yerlər artıq müəyyən edilib, təmizlik işləri gedir. Yenə də deyirəm, qaldı ki, sahibkarlar, investorlar, gəlsinlər, şirkətlər qursunlar və biz ölkəmizə lazım olan sənaye məhsulunun istehsalına böyük həcmdə nail olaq. Sənayeləşmə siyasətimiz imkan verəcək ki, biz bundan sonrakı illərdə də iqtisadi inkişafa nail olaq.

Çünki giriş sözümdə qeyd etdiyim kimi, ötən il qeyri-neft iqtisadiyyatımız 9,7 faiz artmışdır. Əslində, iqtisadi artım bu deməkdir. Çünki neft sektorunda qeyd etdiyim kimi, azalma olmuşdur. Yəni, bunu biz sənayeləşmə və biznes mühitinin yaxşılaşdırılması hesabına təmin edə bilmişik. Biz elə etməliyik ki, bu inkişaf templərini saxlayaq və hesab edirəm ki, qeyri-neft sektorunda inkişaf on faiz səviyyəsində olmalıdır. Biz buna nail ola bilsək, o zaman uzunmüddətli perspektivdə ölkəmizin çox güclü sənaye potensialı yaranacaqdır. Bu potensial bu gün artıq yaranmaqdadır. Biz artıq xarici bazarlara çıxırıq, yeni bazarlar aşkarlayırıq. Bu sahədə, əlbəttə ki, müxtəlif ölkələrlə bizim qarşılıqlı ikitərəfli əlaqələr də çox vacibdir. Biz öz biznes imkanlarımızı xarici bazarların aşkarlanması hesabına artırmalıyıq. İstər ərzaq, istərsə də sənaye məhsulları ilə bağlı. Çünki hesab edirəm, biz elə güclü sənaye potensialı yaratmalıyıq ki, məhsullarımız rəqabətqabiliyyətli olsun və əlbəttə, xarici bazarlara istiqamətləndirilsin. Çünki daxili bazar o qədər də geniş deyil, amma planlarımız çox böyük və genişdir. Mən hesab edirəm ki, 2013-cü ildə bu sahədə çox ciddi addımlar atılacaqdır.
Giriş sözümdə enerji təhlükəsizliyi ilə bağlı fikirlərimi bildirdim, bir daha təkrar etməyə ehtiyac yoxdur. Qeyd etmək istəyirəm ki, bu, daim diqqət mərkəzində olan məsələdir və Azərbaycan dünya miqyasında qlobal enerji bazarında ciddi rola malik olan bir ölkə kimi artıq özünü təsdiqləyib. Bəzi Avropa ölkələrinin enerji balanslarında Azərbaycanın enerji daşıyıcıları 30-35 faiz təşkil edir. Yəni, biz bu baxımdan bir neçə Avropa ölkəsinin enerji təhlükəsizliyində bilavasitə iştirak edirik. Əgər bizim zəngin qaz resurslarımızı da buna əlavə etsək və bayaq qeyd etdiyim kimi, deməli, irəli sürülmüş layihələri uğurla, vaxtında icra etsək, Azərbaycan onilliklər bundan sonra Avropanın, bölgənin, dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində əvəzolunmaz rol oynayacaqdır. Əlbəttə bu, bizim həm iqtisadi, həm siyasi çəkimizi artıracaqdır. Mən buna çalışıram. Hesab edirəm ki, biz buna nail ola bilmişik ki, bu gün Azərbaycan istənilən sahədə doğrudan da, çox ciddi beynəlxalq oyunçuya çevrilibdir.

Bu ildən biz Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinə də başlamalıyıq. Keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Mən bu məsələ ilə bağlı Azərbaycan xalqını təbrik etmişəm, Azərbaycan xalqına müraciət etmişəm. Çünki hesab edirəm ki, bu, çox ciddi hadisədir. Bu, eyni zamanda, Azərbaycanda son illər ərzində görülən işlərin təzahürüdür, beynəlxalq imicimizin yüksək səviyyədə olmasının əlamətidir. Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir. Böyük məsuliyyətdir, böyük şərəfdir və böyük etimaddır. Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan bütün tədbirləri görəcəyik və Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə, yəni, Beynəlxalq Olimpiya Oyunları səviyyəsində keçirəcəyik.

Yaxın günlərdə təşkilat komitəsinin yaradılması ilə bağlı qərar veriləcəkdir və işlər dərhal başlanmalıdır. Əlbəttə, dövlət qurumları bu işlərdə fəal iştirak etməlidirlər. Buraya həm infrastruktur, nəqliyyat, təhlükəsizlik, turizm – yəni, bütün sahələr cəlb edilməlidir. Bir daha biz dünyaya göstərəcəyik ki, Azərbaycan qonaqları qəbul etmək üçün böyük imkanlara malikdir. Azərbaycan bölgədə qonaqpərvərliyin, demək olar ki, rəmzidir. Bizim bütün imkanlarımız var və biz Azərbaycanı güclü müasir dövlət kimi bir daha dünyaya təqdim edəcəyik.

Nəhayət, bir məsələni də vurğulamaq istəyirəm. Artıq burada deyildi ki, gələn ay birinci telekommunikasiya peykimiz
orbitə çıxarılacaqdır. Bu da tarixi hadisədir. Doğrudan da, Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcəkdir. Amma bu vaxt gəlir, yaxın günlərdə biz bu tarixi hadisəni qeyd edəcəyik. Bu, özlüyündə bütün cəhətlərdən böyük bir nailiyyətdir - həm ölkənin prestiji, həm müasirlik, yeni texnologiyaların inkişafı üçün. Bu, biznes üçün də sərfəlidir. Çünki bu, eyni zamanda, iqtisadi cəhətdən də səmərəli layihədir. Amma ən önəmlisi odur ki, bu, ölkəmizin inkişafını və niyyətini göstərir. Ümumiyyətlə, bizim dünyagörüşümüzü və siyasətimizi göstərir. Çünki biz müasir, güclü dövlət qururuq. Biz regional müstəvidən çoxdan çıxmışıq. Postsovet ölkəsi kimi bu adı, necə deyərlər, artıq çoxdan arxada qoymuşuq. Biz postsovet ölkə deyilik. Bəzi hallarda xarici tərəfdaşlarla görüşlər əsnasında deyiləndə ki, postsovet ölkələr, deyirəm saxlayın burada. Azərbaycan postsovet ölkəsi deyildir. Bəlkə kimsə postsovet ölkəsidir, biz deyilik. Biz, müstəqil Azərbaycan dövlətiyik.

Bu müstəqillik dövründə doğrudan da, biz elə böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması xüsusi yer tutur. Bu, həm böyük məna daşıyır, həm də bunun böyük rəmzi mənası vardır. Əminəm ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaqdır. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə verilən diqqəti və bu sahədə əldə edilmiş uğurları nəzərə alaraq mən 2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edirəm və hesab edirəm ki, 2013-cü ildə bu sahədə biz daha da böyük nailiyyətlərə çatmalıyıq.

İl başlayır, bütün dövlət, hökumət qurumları öz vəzifə borcunu bilirlər. Əminəm ki, hər bir dövlət məmuru bu il ərzində öz vətəninə, xalqına sədaqətlə xidmət edəcək və 2013-cü ili də biz uğurla başa vuracağıq. Sağ olun. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 15 noyabr 2024
13:50
Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət...

15 noyabr 2024, 13:50