Mürsəl Göyüşovdan, Yevlax, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biri məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, məhkəmə sisteminin fəaliyyətinin şəffaf, obyektiv və səmərəli təşkil edilməsidir. Bu məqsədlə Məhkəmə-Hüquq Şurasının institusional inkişafı, fəaliyyət imkanlarının genişləndirilməsi və səlahiyyətlərinin effektiv icrası daim dövlətin xüsusi diqqət və qayğısı ilə müşayiət olunur. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi hüquqi islahatlar strategiyasının davamı olaraq, Sizin tərəfinizdən məhkəmə-hüquq sisteminin modernləşdirilməsi, müasir çağırışlara uyğunlaşdırılması və vətəndaşlara göstərilən ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilir. Hakimlərin seçim mexanizminin təkmilləşdirilməsi, şəffaf və obyektiv müsabiqə qaydalarının tətbiqi, hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə davamlı təlim proqramlarının təşkili xüsusi önəm daşıyır.
Möhtərəm Prezident, müvafiq sərəncam və fərmanlarınız məhkəmə-hüquq sistemində strukturun optimallaşdırılmasına və şəffaflığının artırılmasına, bütövlükdə keyfiyyətin yüksəldilməsinə xidmət edir. Ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafı naminə həyata keçirdiyiniz vacib islahatlara görə Sizə dərin təşəkkürümü ifadə edirəm.
Dərin hörmətlə,
Göyüşov Mürsəl.
Azərbaycan Respublikası, Yevlax rayonu, Xaldan kəndi.