Şəhid atasından, Saatlı, Azərbaycan
Hörmətli Mehriban xanım,
Son illərdə rayonumuzun müxtəlif yaşayış məskənlərində yeni-yeni məktəb binaları inşa olunur. Həmin məktəblərdən biri Sizin rəhbərliyinizlə Heydər Əliyev Fondu tərəfindən inşa olunan şəhid İkram Ağayev adına Nabatkənd tam orta məktəbidir. Dörd korpusdan ibarət olan bu məktəb ən son avadanlıqla təchiz edilmiş, həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülmüş, dekorativ kol və ağaclar əkilmiş, asfalt örtüyü döşənmişdir.
Saatlının ucqar kəndində belə bir məktəbin olması şəhid atası kimi məni çox fərəhləndirir. Görülən bu işlərə nəzər saldıqda bir daha aydın olur ki, Sizin fəaliyyətinizin əsasında mərhəmət və ülvilik hissi dayanır.
Gördüyünüz bu mühüm işlərə görə bir şəhid atası olaraq Sizə təşəkkür məktubu göndərməyi özümə borc bildim. Sizin və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli mənəvi-dəyərlərimizə, təhsilimizə, mədəniyyətimizə, incəsənətimizə göstərdiyiniz diqqəti görüb qürurlanmamaq mümkün deyil.
Şəhid ailəsi olaraq hər zaman Sizin və möhtərəm Prezidentimizin diqqət və qayğınızı hiss etmişik. Sizə ailəm adından təşəkkür edirəm.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Şahin Bəyoğlan oğlu Mehtiyev, şəhid atası,
Azərbaycan Respublikası, Saatlı rayonu, Bəylər kəndi.