16 oktyabr 2025, 16:30

Ramin Dadaşovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezidentimiz!

Qarşıdan 8 Noyabr tarixi gəlir. Artıq 5 ildir ki, bu tarix bizim üçün əvəzsiz və çox böyük əhəmiyyət kəsb edir. Cənab Ali Baş Komandan, Siz bizə elə bir xoşbəxtlik bəxş etdiniz ki, bunu sözlə, yazıyla vəsf etmək qeyri-mümkündür. Amma bütün məsuliyyəti ilə demək olar ki, bu gün Azərbaycanımızın yaşadığı bu nailiyyətlər yaxın və uzaq tariximizdə heç zaman baş verməmişdir. Bu gün tarixin hər günü Vətənimiz Azərbaycanımızın xeyrinə və nəfinə işləyir, sanki bütün düyünlər və kələflər xeyrimizə açılır. Hər yeri qarışdığı, qalmaqal və mübahisələr yarandığı və ya dərinləşdiyi dünyamızda, ölkəmiz əksinə dirçəlir, inkişaf edir, uğurlarımız bir-birinin ardınca gəlir. Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu gün böyük ölkələr və güclü dövlətlər Azərbaycanlınızla hesablaşmaq məcburiyyətindədir. Artıq Azərbaycanın uğurları daxili sərhədləri aşıb, beynəlxalq fəaliyyətə keçib. Heç kəsə möhtac deyilik, heç bir xarici yardım və köməyə ehtiyacımız yoxdur, əksinə Azərbaycanımız özü donor ölkəyə çevrilib. Sülh çağırışlarımız təkcə uzun illər həllini tapa bilməyən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məhdudlaşmadı. Bu gün Sizin rəhbərliyinizlə rəsmi Bakı bütün münaqişə ocaqlarının sönməsi və sülhün xalqlar və dövlətlər arasında bərqərar olmasında mübarizə aparır və bu humanist siyasətiniz bütün platformalarda özünü büruzə verir.

30 il ərzində dağıdılan, viran edilən ərazilərimiz işğaldan azad edildikdən sonra yenidən abad edilib, artıq oralara əzəli sakinlərin bir qismi geri qaytarılıb və öz normal həyatına başlayıb. 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etdiniz, bu da təsadüfi deyil. Biz 2025-ci ili tamam başqa təəssürat və tam fərqli sevinc içində yaşayırıq. Uğurlarımızı saymaqla qurtarmaz. Odur ki, bir sözlə, bizim bütün bu sadalanan və yüzlərlə, minlərlə qeyd etmədiyim uğur və nailiyyətlərimizin müəllifi Sizsiniz. Müzəffər Ordumuzun başında mükəmməl rəhbərliyinizlə, demokratik müstəvidə əvəzsiz siyasi səriştəniz və möhtəşəm siyasətinizlə bizə qazandırdığınız bu nailiyyətlərə görə bütün xalq olaraq Sizə minnətdarıq. Ruhu şad olsun Ulu Öndərimiz Heydər Əliyevin! Bünövrəsini qoyduğu müasir Azərbaycan onun müdrik övladı sayəsində bu gün nəinki regionun, hətta bütün dünyanın möhtəşəm, qüdrətli ölkələrindən birinə çevrilib.

Yaşa Azərbaycan, öz rəhbərin, Prezidentin cənab İlham Əliyevlə!

Hörmətlə,

Ramin Dadaşov

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi.