12:35

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Bir daha sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.
İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.
Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim. Şadam ki, o, mənim dəvətimi qəbul edib və bu gün bizimlə birlikdədir.
Bizim aramızda iki strateji tərəfdaşlıq sənədi var. Birinci sənəd 2015-ci ildə imzalanmışdır. İkinci sənəd - Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə 5 il bundan əvvəl imzalanmışdır. Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Qeyd etdiyim kimi, biz tez-tez görüşürük. İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır. Energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik.
Bu gün Prezident Mattarella ilə söhbət əsnasında onun keçən səfərini xatırladıq. O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə bizim əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır. Yəqin ki, yaxın vaxtlarda hazır olacaq. Beləliklə TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi, o cümlədən Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana və ondan sonra Avropa məkanına ötürüləcək elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq.
Keçən dəfə Prezident Mattarella Azərbaycanda səfərdə olanda biz birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etdik. Bu səfər zamanı isə sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək.
Bu gün danışıqlar zamanı biz, həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında danışdıq. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. Bu da bizi təbii olaraq məmnun edir.
Bir sözlə, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.
Hörmətli cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.
X X X
Sonra İtaliya Prezidenti bəyanatla çıxış edib.
-Mən cənab Prezident İlham Əliyevə Azərbaycana yenidən səfər etmək üçün dəvətinə görə minnətdaram. Mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə də minnətdaram. Aramızda böyük dostluq, qarşılıqlı, tam şəkildə təşəkkül tapmış anlaşma var və İtaliya-Azərbaycan arasında münasibətlər inkişaf edir. Çox sağ olun ki, Siz mənə yeddi il əvvəl etdiyim səfərimi bir daha xatırlatdınız. Bu da əslində, çox böyük rəmzi xarakter daşıdı və cənab Prezident, təşəkkür edirəm ki, bu dəfə də məni ölkənizə dəvət etdiniz, səfərə gəldim. Əlbəttə ki, biz sabah İtaliya-Azərbaycan Universitetinin tələbələr kampusunun açılışını edəcəyik. Bu da o deməkdir ki, bir tərəfdən İtaliya universitetləri, digər tərəfdən Azərbaycan universitetləri əməkdaşlıq edəcəklər.
Cənab Prezident mənə bildirdi ki, yeddi il öncə biz böyük bir sənaye obyektinin açılışında olduq. Onu da qeyd etdi ki, bunun çox böyük rəmzi əhəmiyyəti var. Bu, artıq bizim enerji, sənaye əməkdaşlığımızdan sabaha açılan yeni bir yol oldu və İtaliya ilə Azərbaycan artıq mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığa başladılar. Bu, əslində strateji tərəfdaşlığımızın və 10 il əvvəl imzalanmış sazişdə qeyd olunanların tam, səmərəli şəkildə həyata keçirilməsi deməkdir. Bu, bizim ölkələrimizin münasibətlərini inkişaf etdirir. Bu, nəinki sənaye və enerji sahələrində, həmçinin mədəniyyət sahəsində də əməkdaşlıqdan xəbər verir.
Cənab Prezident burada qeyd etdi ki, sabah açılışını edəcəyimiz universitetdə təhsil alacaq çoxsaylı tələbələr ölkələrimiz arasındakı dostluğu daha da gücləndirəcəklər. Əlbəttə ki, bu münasibətlərə gəldikdə, ölkələrimiz arasında əlaqələr çox yaxşıdır və gördüyünüz kimi, bir neçə tədbirləri təşkil edirik. İndi növbəti tədbirimiz də olacaq. Təbii ki, bunu biz çox yüksək dəyərləndiririk. Əməkdaşlığımız - Azərbaycanın bizə açıqlığı, bizimlə gördüyü işlər, işbirliyimiz göz qabağındadır.
Mən Prezident Əliyevə bildirdim ki, sizin Avropa İttifaqı ilə əməkdaşlığınıza gəldikdə, İtaliya öz tərəfindən addımlar atacaqdır. Xüsusi qeyd edirəm ki, Azərbaycan geniş şəkildə çox nüfuzlu bir tərəfdaşdır. Avropa İttifaqı bunu görür və təbii ki, bizim sizinlə əməkdaşlığımız bu çərçivədə də çox əhəmiyyətli olacaqdır. Biz əlimizdən gələni edəcəyik ki, bu əlaqələr daha da artsın, inkişaf etsin və hər zaman daha çox yeni sahələri əhatə etsin, ölkələrimizin, xalqlarımızın rifahına xidmət etsin. Bu məqsədlə də mən Bakıya səfərə gəlmişəm. Cənab Prezidentə minnətdaram ki, ikinci dəfədir məni ölkəsinə dəvət edib. Təbii ki, Siz burada, həmçinin İtaliyanın rolunu da qeyd etdiniz. Buna görə mən Sizə təşəkkürümü bildirirəm. Həmçinin qonaqpərvərliyinizə görə minnətdaram.
Qeyd edim ki, sabah İtaliya ilə Azərbaycan arasında mədəniyyət sahəsində, təhsil sahəsində mühüm bir gün olacaq və biz sabah səhər birgə tədbirdə iştirak edəcəyik.
Prezident Əliyevlə atdığımız addım bizim qarşılıqlı anlaşmaya, dostluğa, əməkdaşlığımıza xidmət edən addım olacaqdır. İtaliya bu dostluqdan, əməkdaşlıqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir.












Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni il...
05 oktyabr 2026, 10:30Hörmətli cənab Prezident,
İraq Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq...
03 oktyabr 2026, 11:02Hörmətli cənab Prezident,
Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan ilə Koreya arasında əlaqələr dostluğa, qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa ...
03 oktyabr 2026, 11:01Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən mühüm və etibarlı tərəfdaşı olaraq ikitərəfli dö...
03 oktyabr 2026, 11:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə ...
03 oktyabr 2026, 10:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Mis...
02 oktyabr 2026, 15:43Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sə...
02 oktyabr 2026, 15:42Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu...
02 oktyabr 2026, 15:41