“Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına

24 sentyabr 2025, 03:06

Hörmətli tədbir iştirakçıları!

Sizi Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunda ürəkdən salamlayıram.

Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir. Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.

Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur. Orta Dəhlizin tam istismara verilməsi Azərbaycanın iqtisadi potensialı ilə yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik və təhlükəsizlik amili ilə də şərtlənmişdir.

Biz Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırmışıq. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması – bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır. Orta Dəhlizin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesi hazırda da davam etməkdədir.

Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artmış, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalmışdır. Aparılmış hesablamalara əsasən 2030-cu ilədək Orta Dəhlizin yük daşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə 3 dəfə artacağı, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağı gözlənilir.

Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu. İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır. TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib.

Biz Orta Dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görür, onu infrastrukturun, sənayenin və biznesin inkişafını stimullaşdıran, bölgədə sabitliyə və çiçəklənməyə töhfə verən mühüm amil olaraq qəbul edirik.

İnanıram ki, bugünkü tədbir regional və qlobal inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən Orta Dəhliz və onun yaratdığı yeni imkanlar ətrafında faydalı fikir mübadiləsinin aparılmasına və yeni təşəbbüslərin irəli sürülməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 sentyabr 2025-ci il

SƏNƏDLƏR Fərmanlar 25 avqust 2026
16:29
Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İpəkçilik və xalçaçılıq Azərbaycan xalqının zəngin tarixi-mədəni irsində mühüm yer tutan, kənd təsərrüfatı və yüngül sənaye sahələri ilə sıx əlaqədə formalaşmış ənənəvi sənətkarlıq sahələridir. Bu sahələrin inkişafı qeyri-neft-qaz sektorunun şaxələndirilməsinə, regio...

25 avqust 2026, 16:29
SƏNƏDLƏR Fərmanlar 25 avqust 2026
16:28
“Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, bəzi dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs “Dənizkənarı Bulvar” Qapalı Səhmdar Cəmiyyə...

25 avqust 2026, 16:28
SƏNƏDLƏR Sərəncamlar 25 avqust 2026
16:27
2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, 2026-cı ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd ...

25 avqust 2026, 16:27
SƏNƏDLƏR Sərəncamlar 25 avqust 2026
16:26
“Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 may tarixli 2665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələl...

25 avqust 2026, 16:26