Şəhid atasından, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Amerika Birləşmiş Ştatlarına tarixi səfəriniz zamanı daha qüdrətli Azərbaycan naminə qazandığınız möhtəşəm siyasi qələbə münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırır və dərin minnətdarlığımızı bildiririk.
Dünya siyasətinin aparıcı dövləti ABŞ-də imzalanmış tarixi Birgə Bəyannamə və digər mühüm sənədlər, əldə edilən strateji razılaşmalar Azərbaycanın beynəlxalq nüfuzunun, siyasi çəkisinin və milli maraqlarının ən yüksək səviyyədə təmin olunmasının bariz nümunəsidir. Bu sənədlər müstəqil Azərbaycan dövlətinin suveren iradəsinin dünyaya qətiyyətlə bəyan olunması və beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmlənməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Sizin uzaqgörən siyasətiniz, dəmir iradəniz və yüksək diplomatik məharətiniz nəticəsində Azərbaycan artıq təkcə regionda deyil, bütün dünyada mühüm söz sahiblərindən birinə çevrilmişdir. ABŞ-də əldə edilən böyük nailiyyətlər, əslində, Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin siyasi müstəvidə təntənəsi, diplomatiya və sülh masasında parlaq təzahürüdür. Vətən müharibəsi zamanı Sizin “dəmir yumruğ”unuz düşməni məhv edərək torpaqlarımızı işğaldan azad etdi, indi isə məhz həmin Zəfərin siyasi nəticələri qlobal miqyasda təsdiqlənir, regionda sülhün qarantına çevrilir.
Bu gün bir şəhid atası kimi qürurla deyə bilərəm ki, bu uğurlar, artıq dünyada daha yüksəkdə dalğalanan üçrəngli bayrağımız hər bir azərbaycanlının qəlbini fəxrlə doldurur, hər bir şəhidimizin ruhunu şad edir. Çünki onların canı və qanı bahasına azad olunan Vətənimiz hazırda daha qüdrətli, daha nüfuzlu və daha təhlükəsiz gələcəyə sahibdir, xalqımız isə daha inamlı və güclüdür.
Cənab Prezident, Siz Müzəffər Ali Baş Komandan kimi xalqımızın qəlbində dövlətinə və millətinə sədaqətin, qətiyyətin və milli ləyaqətin rəmzisiniz.
Xalqımızın Sizə – hər bir vətəndaşına tükənməz güc, sarsılmaz inam və qürur bəxş edən möhtərəm Prezidentinə olan etimadı sarsılmazdır. Allah Sizi və Sizin timsalınızda bütün doğma Azərbaycanımızı qorusun!
Dərin hörmət və ehtiramla,
Zalov Nizami Qurban oğlu,
şəhid atası, Abşeron Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü
Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.