Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə İlham Əliyevin nitqi

22 avqust 2025, 13:26
Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə İlham Əliyevin nitqi

- Hörmətli Qurbanqulu Məlikquliyeviç.

Hörmətli Şavkat Miromonoviç.

Əvvəlcə bugünkü Zirvə görüşünün Avazada yüksək səviyyədə təşkilinə və səmimi qəbula görə qardaşım, Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova dərin minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında bugünkü üçtərəfli görüşün keçirilməsi təşəbbüsünə görə də təşəkkür edirəm.

Bu gün biz xalqlarımızın mədəni və tarixi yaxınlığına, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açırıq. Qonaqpərvər türkmən torpağında olduğum bu gündə bir daha qeyd etmək istəyirəm ki, Türkmənistan hörmətli Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi ilə sosial-iqtisadi inkişafda əhəmiyyətli nailiyyətlər əldə edib, beynəlxalq rolunu və nüfuzunu gücləndirib. Onun müasir Türkmənistanın inkişafına verdiyi töhfə səmərəli dövlət idarəçiliyinin, strateji baxışın və Vətənə sədaqətin nümunəsidir.

Bu yaxınlarda - keçən ay hörmətli Qurbanqulu Məlikquliyeviçi Azərbaycanda qəbul etməkdən məmnun olduq. Onun səfəri son dərəcə səmərəli keçdi. Biz Bakıda əhatəli danışıqlar apardıq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərini, o cümlədən Füzuli və Şuşa şəhərlərini birlikdə ziyarət etdik. Füzuli şəhərində məscidin inşa olunması barədə qərara görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu səmimi qardaşlıq dəstəyi, jesti həmrəyliyin və mənəvi birliyin rəmzi kimi xalqımızın yaddaşında əbədi qalacaqdır. Eyni zamanda, Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrimizin yaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır. Bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. Biz bu münasibətlərin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.

Özbəkistan Respublikası ilə bizi 2024-cü il avqustun 23-də imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” bağlayır. Özbəkistanla qardaşlıq münasibətlərimiz qarşılıqlı dəstəyə, güclü mədəni tellərə və ortaq strateji məqsədlərə əsaslanır. Özbəkistanda bütün sahələrdə həyata keçirilən yeni islahatların nəticəsi olaraq ölkənin dinamik inkişafının, beynəlxalq nüfuzunun yüksəldilməsini və iqtisadi potensialının artmasını böyük məmnuniyyətlə izləyirik. Son illərdə Özbəkistanla bir çox sahələrdə, o cümlədən siyasi dialoqda, iqtisadi və humanitar əməkdaşlıqda əhəmiyyətli nəticələr əldə etmişik. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına verdiyi böyük töhfəyə görə Özbəkistan tərəfinə və şəxsən Şavkat Miromonoviçə dərin təşəkkürümü bildirirəm. Füzuli şəhərində dahi alim Mirzə Uluqbəyin adını daşıyan orta məktəb inşa olunub və Şavkat Miromonoviçlə birlikdə onun açılışını qeyd etmişdik. Xankəndi şəhərində özbək tərəfinin dəstəyi və təşəbbüsü ilə böyük bir tikiş fabriki fəaliyyət göstərir. Bu yaxınlarda birlikdə onu ziyarət etmişik. Bakının müasir mərkəzi olan Ağ şəhərdə “Özbəkistan” parkı yaradılır. Şavkat Miromonoviçlə birlikdə 5 hektarı əhatə edən bu gözəl parkın təməlini qoyduq. Bir çox başqa orta maraqlara söykənən investisiya, sərmayə layihələrimiz var.

Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik. Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirə etmişik. Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.

Mənim qardaşlarımın qeyd etdikləri kimi, energetika sahəsində əməkdaşlıq etmək üçün gözəl imkanlar var. Bizim Türkmənistanla ənənəvi energetika əməkdaşlığımız vardır. Biz Özbəkistanla da bu sahəyə artıq qədəm qoymuşuq. Bizim dövlət neft şirkətimiz SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb. Ümid edirik ki, yaxın bir-iki il ərzində bizə gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik.


SƏNƏDLƏR Müraciətlər 07 oktyabr 2026
09:55
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi Bakı Dialoqu formatında keçirilən itkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsinə və effektiv mexanizmlərin inkişaf etdirilməsinə həsr olunmuş IV beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

İtkin düşmü...

07 oktyabr 2026, 09:55
SƏNƏDLƏR Qanunlar 06 oktyabr 2026
17:12
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (A...

06 oktyabr 2026, 17:12
SƏNƏDLƏR Fərmanlar 05 oktyabr 2026
16:00
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104 (Ci...

05 oktyabr 2026, 16:00
SƏNƏDLƏR Sərəncamlar 05 oktyabr 2026
10:30
J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                          

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni il...

05 oktyabr 2026, 10:30