Qərib Mürşüdovdan, Kembric, Böyük Britaniya
Hörmətli cənab Prezident,
Sizi və bütün Azərbaycan xalqını Vaşinqtonda sülhə dair tarixi bəyannamənin imzalanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, bu sənəd yalnız azərbaycanlılar tərəfindən deyil, həmçinin ölkəmizə dost münasibəti olan və rəğbət bəsləyən hər kəs tərəfindən böyük məmnuniyyətlə və alqışlarla qarşılanır.
2020-ci ildə Vətən müharibəsi zamanı qəhrəmanlıqla dolu hərbi əməliyyatlardan və 2023-cü ildəki qəti zəfərdən sonra bu sənədin imzalanması müasir Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qalacaqdır. Daha da irəli gedərək demək olar ki, bu sənəd yalnız Azərbaycan üçün deyil, bütün Qafqaz regionu üçün sabaha ümid və inam yaradır. Əsrlər boyu xarici güclərin təsiri altında yaşamış Qafqaz xalqlarının öz taleyini öz əlləri ilə müəyyən etməsi yolunda bu bəyannamə əsl dönüş nöqtəsidir.
Ümid edirəm ki, yaxın zamanda tamhüquqlu sülh müqaviləsi imzalanacaq və bununla da müharibə, işğal və nifrətlə dolu keçmişin ağır səhifələri birdəfəlik bağlanacaqdır. Belə tarixi bir hadisənin gerçəkləşməsi uzun illər ərzində aparılmış səhnəarxası və səhnə önündəki siyasi-diplomatik səylərin nəticəsidir. Bu prosesin bütün incəliklərini bilmək çətin olsa da, nəticə göz qabağındadır: atılmış hər bir addım Azərbaycan xalqının milli maraqlarını qorumuş və ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirmişdir. Bu uğurda Sizin şəxsi töhfəniz aydın şəkildə görünür və mən bunun üçün Sizə dərin təşəkkürümü bildirirəm. Bununla yanaşı, bu sənəd Azərbaycan üçün yeni bir dövrün başlanğıcını qoyur. Xalqımızın illərlə arzuladığı ərazi bütövlüyü bərpa olunduqdan sonra qarşımızda duran əsas vəzifə təhsil, elm və innovasiya sahələrinin inkişafıdır. Bu istiqamətdə bilik və təcrübəmə ehtiyac yaranacağı təqdirdə, Vətənin hər bir ziyalısı kimi mən də xidmət etməyə tam hazır olduğumu bildirirəm.
Dərin hörmətlə,
Qərib Mürşüdov
Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasının proqram rəhbəri, professor
Böyük Britaniya, Kembric şəhəri