14 avqust 2025, 19:00

İbrahim Xasıyevdən, Aberdin, Şotlandiya

Hörmətli cənab Prezident,

Azərbaycan və Ermənistan arasında uzun illərdir gözlədiyimiz sülh ilə bağlı avqustun 8-də Vaşinqtonda, Ağ Evdə Bəyannamənin imzalanması münasibətilə Sizə ən dərin və səmimi minnətdarlığımızı bildiririk. Bu tarixi hadisə xalqımızın taleyində əbədi olaraq qızıl hərflərlə yazılacaqdır.

Biz, Böyük Britaniyanın Aberdin şəhərində təhsil alan azərbaycanlı gənclər olaraq Sizin Amerika Birləşmiş Ştatlarına səfərinizin hər addımını qürur hissi ilə izlədik. Həmin gün bütün dünyanın diqqəti Ağ Evə yönəlmişdi. Təzyiqlər qarşısında əyilməyən, dünya tərəddüd içində olarkən belə inamını sarsıtmayan, xalqımızı ədalətsizliyin qaranlığından zəfərin parlaq işığına çıxaran bir Lider kimi tarix Sizi izləyirdi.

Vaşinqtonda səsləndirdiyiniz sözlər hər bir azərbaycanlının, o cümlədən xaricdə yaşayan biz tələbələrin ürəyində əks-səda doğurdu. Sizin çıxışınız təkcə bir dövlət başçısının bəyanatı deyildi, onilliklər boyu səbir və dözümlə yaşamış, ən ağır sınaqlar qarşısında belə qələbə inamını qoruyub saxlayan bir millətin qürurlu səsi idi. Siz hər zaman qətiyyətlə, sarsılmaz iradə ilə dayandınız və bütün dünyaya sübut etdiniz ki, mənəvi haqq və əzmkarlıq ən çətin maneələri belə aşır. Sübut etdiniz ki, dəyişkən müttəfiqlər və qlobal qeyri-müəyyənliklər dünyasında belə qətiyyətli bir xalqın iradəsi, sarsılmaz liderin rəhbərliyi ilə hər bir məqsədə nail olmaq mümkündür.

Sizin uzaqgörənliyiniz və cəsarətiniz sayəsində xalqlarımız arasında düşmənçilik səhifəsi bağlandı. Bu Bəyannamə gələcək nəsillərin təhlükəsizliyi və əmin-amanlığının zəmanətidir. Biz bundan sonra imkanlarımızı iqtisadiyyatımızı, təhsilimizi daha da gücləndirməyə, elm və mədəniyyətimizi daha da inkişaf etdirməyə yönəldə bilərik.

Ulu Öndər Heydər Əliyev bizə dövlətçilik, liderlik, milli kimlik və müdriklik mirası qoydu. Siz həmin mirası şərəflə qoruyub daha da zənginləşdirdiniz və Azərbaycanın hər zamankından daha güclü olmasını təmin etdiniz.

Azərbaycanın haqqını müdafiə etmək və onun ləyaqətini qorumaq üçün göstərdiyiniz sarsılmaz əzminizə görə Sizə bir daha təşəkkür edirik. Sizinlə fəxr edirik və Azərbaycanın beynəlxalq aləmdəki haqqının qorunması yolunda apardığınız siyasəti dəstəkləməyə davam edəcəyik. Dəstəyimiz, sevgimiz, dualarımız hər zaman Sizinlədir!

Ən dərin hörmətlə,

İbrahim Xasıyev

Aberdin Universitetində Azərbaycan Cəmiyyətinin sədri

Böyük Britaniya, Şotlandiya, Aberdin şəhəri