15 avqust 2025, 12:00

Nigar Şıxsəfiyevadan, Kolorado, Amerika Birləşmiş Ştatları

Hörmətli cənab Prezident,

Dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan diasporunun üzvləri Sizin rəhbərliyinizlə ölkəmizin beynəlxalq arenada əldə etdiyi uğurları böyük məmnuniyyətlə və iftixarla izləyirlər. Xüsusilə, son vaxtlar Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və Vaşinqtonda baş tutan mühüm görüşlər çərçivəsində əldə olunmuş razılaşmalar Azərbaycan diplomatiyasının parlaq nailiyyəti kimi tarixə yazılır. Sizin qətiyyətli siyasi iradəniz, sülhə sadiq mövqeyiniz və milli maraqları daim uca tutan liderliyiniz ölkəmizin regionda sabitlik və əməkdaşlıq məkanı kimi formalaşmasında əsas rol oynamışdır.

Biz, xaricdə yaşayan həmvətənləriniz olaraq, bu prosesləri yaxından izləyir, ölkəmizin haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edirik. Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan daha güclü, müstəqil və müasir dövlət kimi dünyada tanınır.

Vaşinqtonda əldə edilmiş razılaşma təkcə siyasi uğur deyil, eyni zamanda minlərlə ailənin sabaha olan ümidinin, region xalqlarının birgə gələcəyinin və sülhə olan inamının təcəssümüdür. Bu nailiyyətlər üçün Sizə təşəkkür edirik və əminik ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı və xalqımızın rifahı yolunda uğurlarınız davam edəcəkdir.

Sizə ən xoş arzularımızı çatdırır, möhkəm cansağlığı, güc-qüvvət, fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

Dərin ehtiramla,

Nigar Şıxsəfiyeva

“Koloradoda Azərbaycan Diasporu” təşkilatının təsisçisi və rəhbəri

Amerika Birləşmiş Ştatları, Kolorado ştatı